Müharibə Şuşadan sonra niyə dayandı? Bəs, Xankəndi?.. - Rəhimov cavablandırdı

SİYASƏT bölməsi

11:09 - 11 Fevral 2022

 Müharibə Şuşadan sonra niyə dayandı? Bəs, Xankəndi?.. - Rəhimov cavablandırdı

Sizcə, bu problemin qısa müddətdə və birdəfəlik həll edilməsini Azərbaycan prezidentindən çox kim istəyə bilərdi? İmkan olduğu təqdirdə Azərbaycan Prezidentinin bu addımı atmaması üçün ciddi səbəb yoxdur, axı. Deməli, mövcud reallıqlar bizi dayanmağa məcbur etdi.

Yenipress.az xəbər verir ki, bu sözləri Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a geniş müsahibəsi zamanı jurnalistin "cəmiyyətdə belə bir yanaşma var ki, Şuşanı alanda gərək Xankəndiyə də girərdik..." sualına cavab olaraq deyib.

"Gəlin, əvvələ qayıdaq, müharibə getdiyi dönəmdə dünyaya bəlli idi ki, sonda qələbə bizim olacaq. Ancaq həmin ərəfədə də Ermənistanı müdafiə edən güclü dövlətlər var idi. Ermənistan müharibə gedən əsnada dünyaya car çəkirdi ki, vaxtilə bizi Türkiyə türkləri soyqırıma məruz qoyub, indi isə Azərbaycan türkləri. Belə olan halda bizim Ordumuz erməni əhalisinin yaşadığı Xankəndiyə girsəydi, hansı mənzərə yaranacaqdı? Dünyada nüfuzumuz çox aşağı düşəcəkdi, soyqırımda günahlandırılacaqdılar bizi və s. İndi ortaya bir sual çıxır: Bu, bizə lazım idi? Situasiyanı yaşayıb, qərar verməklə kənardan qiymətləndirmək fərqli anlayışlardır. Kənardan dəyərləndirmək çox rahatdır, çünki məsuliyyət yoxdur. Ancaq bir ölkənin taleyini çiynində daşıyan dövlət başçısı üçün bu qərarı vermək çox məsuliyyətli və çətin məsələdir. Yəni prosesə birtərəfli yox, hərtərəfli baxmaq lazımdır. Azərbaycan prezidentinin məhz düzgün siyasəti nəticəsində 44 günlük müharibədə mövcud imkanlar daxilində bütün lazımi işlər görüldü və xalqın gözlədiyi qələbə qazanıldı.

Hazırkı məqamda biz elə siyasət yürütməliyik ki, Rusiya sülhməramlıları Qarabağı tərk etsin. Bu məsələnin tezləşdirilməsi bizim, Rusiyanın və Ermənistanın addımlarından asılıdır. Rusiyanı qızışdırmaq nəyə lazımdır? Əksinə, sülhməramlılar Qarabağda olduğu müddətdə onlarla yumşaq danışmaq lazımdır ki, zamanla oranı tərk etsinlər. Təbii ki, Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdə yaranan müxtəlif situasiyalarla bağlı onlarla müzakirə etmək lazımdır və  vacibdir. Ola bilər ki, onlar bu və digər problemin əhəmiyyətini və ya bizim üçün həssaslığını o qədər də başa düşmürlər. Əlbəttə, belə olan hallarda bizim rəsmi qurumlar onlara sözlərini çatdırmalıdırlar", - deyə o əlavə edib.

Xəbər xətti