Prezidentin şəhid xanımına verdiyi torpağı başçı bu cür əlindən aldı - Faktlar

TOPLUM bölməsi

15:50 - 21 Noyabr 2022

 Prezidentin şəhid xanımına verdiyi torpağı başçı bu cür əlindən aldı - Faktlar

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən ərazidə Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımov özünə ofis tikdirib və hazırda Bakı şəhərindəki biznes şəbəkəsini məhz həmin binadan idarə edir.

Yenipress.az xəbər verir ki, həmin torpaq sahəsinin şəjid xanımına aid olduğu barədə faktlar var.

Bununla bağlı redaksiyamıza daxil olan məktubda bildirilir ki, Arif Qasımov həqiqətən də şəhid ailəsinə məxsus 6 sot əraizini qeyri-qanuni şəkildə mənimsəyib. Həmin ərazi I Qarabağ müharibəsi şəhidi Abbasov Tofiq Hüseyn oğlunun xanımı, 9 uşaq anası Abbasova Rahilə Ələkbər qızına Ulu Öndər Heydər Əliyevin əvəzi ödənilmədən təqdim edilməsi barədə tapşırığı əsasında verilib.

Belə ki, şəhid xanımı Rahilə Abbasova 2000-ci il dekabrın 30-da o vaxtkı Respublika Sarayında keçirilən uşaqların Yeni il şənliyi zamanı Prezident Heydər Əliyevə yaxınlaşaraq, ona şəxsən ərizə təqdim edib. Bundan bir neçə gün sonra həmin ərizə baxılması üçün Baş nazirin müavini Abid Şərifova göndərilib. Ərizənin əlavə olunduğu məktub Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə tərəfindən imzalanıb və məktubda xüsusi qeyd olunub ki, məsələ ilə bağlı “Prezidentin göstərişi” var. Beləcə proses sürətli xarakter alır və müvafiq qurumların hamısı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən 6 sot ərazinin şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovanın mülkiyyətinə keçirilməsinə razılıq verirlər.  

Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı, həmin dönəmlərdə Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmış Arif Qasımovun özünün də imzası olan məktublar var. O, 23 iyul 2007-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi A.Abdullayevə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin şəhid xanımı Rahilə Abbasovanın mülkiyyətinə verilməsinə münasibət bildirilməsini xahiş edir. Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsindən Arif Qasımova göndərilmiş 13.08.2007-ci il tarixli 18/038/5170 nömrəli cavab məktubunda torpaq sahəsinin şəhid xanımının adına müstəsna hal kimi sənədləşdirilməsinə razılıq verilir. Arif Qasımov növbəti məktubu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə göndərir. Adıçəkilən şöbə də 06.02.2008-ci il tarixli, 05/01-26 nömrəli məktubla 6 ha torpaq sahəsinin şəhid xanımının adına sənədləşdirilməsinə razılığını bildirir.

Nəhayət məsələ ilə bağlı Bakı Şəhər Nizami Bələdiyyəsində Arif Qasımovun sədrliyi ilə iclas keçirilir və qərara alınır ki, Nizami rayonu Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 6 sot torpaq sahəsi şəhid xanımı Abbasova Rahilə Ələkbər qızının əvəzi ödənilmədən mülkiyyətinə verilsin.

Hazırda Arif Qasımovun çoxmərtəbəli ofisi yerləşən ərazinin tam hüquqlu mülkiyyətçisi məhz şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovadır. Üstəlik Nizami Rayon Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qərarı ilə Rahilə Abbasova və onun övladları sözügedən ünvanda daimi pasport qeydiyyatına alınıblar. Lakin buna baxmayaraq, Arif Qasımov icra başçısı olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhid ailəsinə məxsus torpaq sahəsini ələ keçirməyə mavəffəq olub. Belə ki, şəhid ailəsinə əvvəlcə cüzi miqdarda konpensasiya təklif olunsa da, onlar bundan imtina edib. Mübahisə getdiyi günlərdə şəhid ailəsinin evində qeyri-müəyyən səbəblərdən yanğın baş verib və nəticədə Rahilə Abbasova övladları ilə birgə küçəyə atılıb. R.Abbasova hazırda uşaq baxçalarından birində məskunlaşıb. Şəhid xanımı iddia edir ki, onun evi məhz Arif Qasımovun göstərişi ilə yandırılıb. Evindən və torpağından məhrum edilməsinə görə isə ona bu günə qədər konpensasiya ödənilməyib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan (Hazırda YAP Nizami Rayon Təşkilatında qeydiyyatdadır) şəhid xanımı deyir ki, Arif Qasımov və yaxın adamları onu bu günə qədər aldadırlar.

Xəbər xətti