Sülhməramlıların özbaşınalığı: ermənilər Azərbaycan maşınını yoxlayır

SİYASƏT bölməsi

15:10 - 3 Fevral 2022

 Sülhməramlıların özbaşınalığı: ermənilər Azərbaycan maşınını yoxlayır

Rusiya sülhməramlıları artıq bütün sərhədləri keçdiklərini və Qarabağda erməni separatizminin toparlanmasına şərait yaratdıqlarını növbəti dəfə sübut etdilər.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanan kimi Azərbaycanın Qarabağ bölgəsinə daxil olan sülhməramlılar ilk gündən etibarən separatizmi himayə etdiklərini nümayiş etdirirlər: əvvəlcə rus sülhməramlılarının komandanı erməni separatçı ilə qondarma qurumun dırnağarası bayrağı olan əski parçası altında görüşməyə və bu görüşdən fotolar yaymağa başladı, daha sonra isə rus sülhməramlılarının yerləşdiyi əraziyə erməni terror qrupları sızdı.

Erməni terrorçuların 24 noyabr 2020-ci ildə Azərbaycana Laçın dəhlizindən istifadə edərək keçdiyi artıq təsdiqlənib. Rus sülhməramlıları nəinki onları Qarabağa buraxmışdılar, həmçinin bu terrorçuların 26 noyabr-11 dekabr tarixləri arasında bir əsgər, mülki şəxs və Azərsell əməkdaşı olmaqla, 4 nəfəri qətlə yetirməsi və ya yaralamasına da göz yummuşdular.

Hətta iş o yerə çatdı ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdiyi ərazi ilə bağlı ayda bir dəfə xəritə dəyişməyə və məsuliyyət zonalarını genişləndirməyə də çalışdılar. Nəhayət, 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatı keçirdi və onlarla terrorçu ələ keçirildi, 2 kəndə nəzarət bərpa olundu.

Həmin ərəfədə rus sülhməramlıları üçtərəfli bəyanatdan kənar, özbaşına hərəkətlərini məhdudlaşdırsalar və məsuliyyət zonaları ilə bağlı “xətirəni” əvvəlki sərhədləri daxilinə qaytarsalar da, bu təxribatlar 2021-ci il ərzində bir neçə dəfə təkrar olundu.

Ümumilkdə, Rusiya sülhməramlı kontingenti Qarabağda yerləşdiyi ərazidə öz missiyasından kənar hansı işləri görür, sadalayaq:

1. Laçın dəhlizindən istifadə ilə Azərbaycan ərazilərinə istədiyi dırnağarası qonağı buraxır. Bu xüsusda Fransa prezidentliyinə namizədin Xankəndiyə gəlməsini göstərmək olar.

Azərbaycan buna etiraz etdikdə isə Rusiya XİN sözçüsü Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsinə kimlərin buraxılıb-buraxılmaması haqda qaydanı Rusiya sülhməramlı kontingentinin müəyyən etdiyi haqda heç bir qanuna, anlaşmaya və məntiqə sığmayan açıqlama ilə çıxış etmişdi. Azərbaycanın rəsmi etirazından və Prezident İlham Əliyevin müraciətindən sonra isə bu məsələdə nizam yaradılması öhdəliyi götürüldü;

2. Rusiya sülhməramlıları “humanitar aksiya” adı ilə ermənilərin Qarabağda yerləşməsi və yaşaması üçün ərzaq, geyim yardımından tutmuş obyektlərin, evlərin təmirinə qədər, sülhməramlı missiyaya aid olmayan bütün işlərlə məşğul olurlar;

3. Azərbaycan əsgərinə qarşı Qarabağda baş verən terror aktları hər zaman rus sülhməramlılarının nəzarət etdiyi ərazidən həyata keçirilir. Ən sonuncular ötən il 8 noyabr Zəfər günündə Şuşa yaxınlığına 4 diversantın gəlməsi, 13 noyabrda isə Norayr Mirzoyan adlı erməninin rus sülhməramlılarının postunda Azərbaycan hərbçilərinə qumbara atması idi. Rus sülhməramlıları N.Mirzoyanı saxlayaraq, onları Xankəndidəki separatçı qurumun dırnaqarası hüquq-mühafizə orqanına təhvil verməklə faktiki olaraq separatçıları tanıdıqlarını nümayiş etdirdilər.

Xatırladaq ki, Norayr Mirzoyanın istintaqı ilə bağlı heç bir informasiya da verilmir və onun ümumiyyətlə, həbsdə olub-olmadığı da bəlli deyil.

Bu fakt rus sülhməramlılarının terrorçuları himayə etməsi anlamına gəlir.

4. Rus sülhməramlıları Qarabağda cidd-cəhdlə “təmas xətti” yaratmağa cəhd edirlər və özləri ilə yanaşı, erməni qanunsuz silahlı birləşmələrinin də yanaşı postlarda durmasına şərait yaradırlar. Bu isə 10 noyabr 2020-ci il bəyanatına tamamilə ziddir. Bəyanata əsasən, rus sülhməramlılarının yerləşməsi ilə paralel olaraq erməni qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxmalı idi. Əvəzində isə bu qanunsuz birliklər nəinki çıxarılıb, hətta onları rus sülhməramlıları ilə “yanaşı xidməti”nə şərait yaradılıb;

5. Rus sülhməramlıları özlərini Azərbaycan ordusunun önünə sipər edərək, Xankəndi və ətrafında separatçı tör-töküntülərinin təşkilatlanmasına imkan yaradırlar. Xankəndidə məskunlaşan cinayətkar-separatçı Araik Arutyunyan vaxtaşırı olaraq Qarabağın rus sülhməramlılarının nəzarətində olan ərazilərə “işgüzar səfərlərə” gedir və erməni sakinlərlə dırnağarası prezident kimi görüşür. Bu isə erməni əhalinin Azərbaycana inteqrasiyası yolunda əsas maneədir və bu, rus sülhməramlılarının qanunsuzluğu sayəsində gerçəkləşir;

6. Rus sülhməramlıları Rusiya mütəfəkkirlərinin heykəllərini Azərbaycan ərazisində ucaltdıqda Bakıdan heç bir icazə almırlar və özlərini yerləşdikləri ərazinin sahibi kimi aparırlar və s.

Bu siyahını uzatmaq da olar. Ən son və daha təhlükəli addımı isə rus sülhməramlıları ötən gün Suqovuşandan Kəlbəcərə tikinti materialları aparan Azərbaycanın 20 yük maşınına qarşı həyata keçirdi. Bu maşınların yoxlanılması zamanı erməni separatçıları təmsil edən “milisin” də iştirakı üçtərəfli bəyanatları həqarətdir.

Əvvəla, Azərbaycanın yük maşınları Suqovuşandan Kəlbəcərə gedir - Azərbaycanın öz ərazisində hərəkət edir. Belə bir maşın karvanının rus sülhməramlıları tərəfindən yoxlanılmasının səbəbi nədir? Azərbaycan rus sülhməramlılarının müşayiəti ilə yük aparırsa, onlar niyə yoxlanılmalıdır?

Hətta Azərbaycan Kəlbəcərdəki əsgərlərinə silah və yaxud təchizat da göndərə bilər. Bu yük rus sülhməramlıları tərəfindən niyə yoxlanılmalıdır? Azərbaycan öz ərazisində hansısa materialı, məhsulu daşıması üçün kiməsə hesabat verməməlidir və o yüklərə baxmağa heç kimin ixtiyarı yoxdur.

İkincisi, Azərbaycan maşınlarının yoxlanılmasına erməni separatçısının cəlb edilməsi Azərbaycanın ərazi bütövlüyünə həqarətdir.

Rusiya Müdafiə Nazirliyi ümumilikdə Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə hörmət etmədiyini hazırda da davam etdirir. Rusiya Müdafiə Nazirliyi Suqovuşandan Kəlbəcərə yük danışmasını “tranzit” olaraq qələmə verməyə çalışır, sanki Azərbaycan maşınları hansısa ölkədən keçir.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi hələ də Xankəndini, Ağdərəni, Xocavəndi qondarma erməni adları ilə adlandırır və Azərbaycan qanunlarına hörmət qoymur. Azərbaycan “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmir, çünki Dağlıq Qarabağ Muxtar Vilayəti hüquqi olaraq 1991-ci ildə Azərbaycan parlamenti tərəfindən ləğv edilib, faktiki olaraq isə bu qurumun varlığına 10 noyabr 2020-ci ildə - 44 günlük müharibənin nəticəsində Ermənistanın kapitulyasiyası ilə son qoyulub. Buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi hələ də “Dağlıq Qarabağ” adını saxlamaqla, əslində erməni separatizminin çiçəklənməsinə göstərdiyi dəstəyi nümayiş etdirir...

Qarabağda erməni separatizmi körüklənir və təşkilatlanır. Erməni terror qruplaşmaları da artıq Xankəndidə filial açdıqlarını bəyan edirlər və buna rus sülhməramlıları heç bir reaksiya vermir. Vova Vartanovun rəhbərlik etdiyi VOMA terrorçularının Xankəndidə təlim keçdiklərini rəsmən elan etməsinə isə heç bir ad qoymaq mümkün deyil.

Buna görə də Azərbaycan ordusunun antiterror əməliyyatı keçirməsi və rus sülhməramlılarının Azərbaycandan çıxarılması prosesinin başlaması ilə bağlı çağırışlar kifayət qədər əsaslıdır.

Azərbaycan ordusu separatizmi mütləq məhv etməlidir və bu, artıq müzakirə olunmur!

Xəbər xətti