Azərbaycanda bu il dollar bahalaşa bilərmi? - Analiz

İQTİSADİYYAT bölməsi

16:09 - 19 Yanvar 2022

 Azərbaycanda bu il dollar bahalaşa bilərmi? - Analiz

Son 2 ildə formal “hərraclarda” dollar satışının qrafikini götürüb analiz etsək, bəzi məqamlara aydınlıq gətirmək olar.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, 2020-ci ildə pandemiya elan edilən ay neft qiymətləri kəskin endi, panika yaşandı, nəticədə 2020-ci ilin mart ayında dollara təlabat artı, həmin ay 1 milyard 928 milyon dollar satış oldu – yəni, kimin əlində manat var idisə, elə mart ayındaca onu dollar çevirməyə başaladı:

“Bu bir daha sübut edir ki, manatın arxasında duran yeganə amil ölkənin kabohidrogen ehtiyatlarıdır. 

Sonra müəyyən sabitlik yarandı, dolar satışları hər ay 200-250 mln. koridorunda sabitləşdi. Amma, məsələn, 2021-ci ilin yanvarında kəskin artım oldu – satış həcmi 379 mln. dollara qalxdı”.

Ekspertin fikrincə, buna səbəb büdcə xərcləmələri ilə bağlıdır, ölkədə belə bir ənənə var ki, həmişə ilin 4-cü rübü, əsas da noyabr-dekabr aylarında büdcə xərcləmələri kəskin artır – hansı idarə, təşkilat, nazirlik, agentlik və dövlət/hökumət qurumlarına nə qədər büdcədən ayırmalar olubsa, onu xərcləməsən, ilin sonunda geri qaytarmalısan, buna görə də noyabr-dekabr aylarında kisənin ağzı açılır, hamı ayrılan vəsaiti sürətlə xərcləməyə başlayır. Nəticədə manat kütləsi bəlli əllərdə toplanır, onlar da manatı valyutaya çevirməyə başlayırlar:

“2021-ci ilin sentyabrına qədər dollar satışında yenə sabitlik var idi, sonra qardaş Türkiyədə lirə kəskin ucuzlaşmağa başladı, bunun həm psixoloji, həm də ticari təsirləri oldu deyə, dollara təlabat artdı, satış həcmləri yeksəldi, dekabrda 392 mln. dollara yüksəldi. 2022-ci ilin yanvar ayının 19-dur, artıq 441 mln. dollar satış olub, hələ 2, ya da 3 hərrac da olacaq, son həftələr hər hərracda ortalama 120-140 mln. dollar satıldığını nəzərə alsaq, bu ay satılacaq dollar həcmi, təqribən, 600 mln. civarında gerçəkləşəcək ki, bu da 2020-ci ilin mart ayından bəri ən yüksək göstərici olacaq”.

N.Cəfərli tələbatın belə artmasının səbəblərini də açıqlayıb:

“Qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi psixoloji təsirdən başqa ticari təsir də yaradır – idxal daha cəlbedici hala gəlir, ölkədə nəsə istehsal etmək sərfəli olmur, hər şeyi Türkiyə və Rusiyadan (əsas ticarət tərəfdaşlarımız kimi) idxal etmək daha sərfəlidir. Daha bir səbəb büdcə xərcləmələri məsələsidir – yuxarıda qeyd etdim, yenə 4-cü rüb kisənin ağzı açılıb, manat kütləsi artıb, bir hissəsi mütləq dollara gedir-gedəcək.

Düşünmürəm ki, bu il hökumət devalvasiyaya getsin, zatən devalvasiya qədər təhlükəli bir məsələ olan manatın alıcılıq qabiliyyətinin “əriməsinə” gediblər, inflyasiya yüksəlib, insanların real gəlirləri kəskin azalıb, bunun üzərinə devalvasiya da gəlsə, sosial vəziyyət çox ağırlaşar. Amma Mərkəzi Bank və hökumət sürəci normal idarə edə bilmir, panikanın artmasına özləri rəvac verir – Mərkəzi Bank qeyri-qanuni olaraq dollar satışına qoyan məhdudiyyətləri aradan qaldırmalıdır, bu, panikanı dərinləşdirir. Banklar təlabatı ödəyəcək qədər sərbəst şəkildə valyuta satmalıdırlar ki, panika yaranmasın.

Manatın gələcəyi dumanlıdır – nə zamansa manat dəyərdən düşəcək, bu dəqiqdir, amma 2022-ci ildə bu addımın atılması mümkün görünmür. Neftin 90 dollar, ticarət dövriyyəsinin müsbət saldosunun 10 mlrd. dollar olduğu bir dövrdə bu addımı atmazlar, amma manatın alıcılıq qabiliyyətinin düşməsi, ən az devalvasiya qədər problemli məsələdir, bunun qarşısını almaq üçün isə hökumətin işlək bir proqramının olduğunu söyləmək mümkün deyil...”

Xəbər xətti