Kreml SEPAH-ın əli ilə Azərbaycan səfirliyinə hücum etdi

SİYASƏT bölməsi

16:40 - 2 Fevral 2023

 Kreml SEPAH-ın əli ilə Azərbaycan səfirliyinə hücum etdi

Rusiya yazda Ukraynaya qarşı yeni hücuma başlayacaq. Kreml yeni hücumunun Cənubi Qafqaz və Yaxın Şərqdə müharibələrin başlaması fonunda olmasına çalışır. Bu, Rusiyaya nəinki diqqəti Ukrayna ilə müharibədən yayındırmağa, həm də öz ətrafında koalisiya qurmağa və bunu Qərblə Şərq arasında üçüncü dünya müharibəsi adlandırmağa imkan verəcək. Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan – red.) qərbpərəst olması Kremlin əlinə oynamır və ona təzə qan tökmək lazımdır. Bunun üçün də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan təcili olaraq Rusiya pasportundan imtina edərək Moskvadan Qarabağa gəlib. Gələn kimi o, dərhal cəmi bir neçə min nəfərin yaşadığı ərazidə nəyinsə naziri oldu. Qarabağ Vardanyanın Ermənistan siyasətinə “sızdırılmaq” üçün tramplindir. O, İvanişvilinin gürcülərə etdiyi kimi ermənilərə  milyardlarının və Kremldəki əlaqələrinin  bu xalıq irəli aparacağına dair mahnı oxuyacaq. Amma İrəvandakı hadisələr sürətlə inkişaf edir və Kremlin istədiyi kimi getmir. Paşinyan hökuməti Azərbaycanla sülhün bağlanması istiqamətində getdikcə daha da inadla çalışır və Ermənistanı KTMT-dən çıxmağa hazırlayır. “Böyük Ermənistan” uğrunda döyüşmək istəmədiklərinə görə Rusiyaya gedən on minlərlə erməni Ermənistana qayıdır. Çünki onlar Ukraynada “Böyük Rusiya” uğrunda da vuruşmaq istəmirlər.

Yenipress.az xəbər verir ki, bunu ukraynalı tarixçi Sergey Klimovski deyib.

“Bu hadisələrin ardınca yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə terror hücumu baş verdi. Nəticədə mühafizə rəisi həlak oldu, onun iki köməkçisi yaralandı. Prezident İlham Əliyev dərhal İran rəsmilərinə səfirliyə edilən hücuma “ailə motiv”lərindən daha ağıllı izahat verməsini tələb etdi. Bu tələb yanvarın 29-da günortadan sonra İrana edilən dron hücumu ərəfəsində təkrar edildi. Həmin gün Azərbaycan səfirliyinin bütün əməkdaşları ailələri ilə xüsusi reyslə Tehrandan təxliyə olundu. Yanvarın 31-də Azərbaycan vətəndaşlarını təcili ehtiyac olmadan İrana getməməyə, mümkünsə oranı tərk etməyə, qalanları isə təxribatlara uymamağa çağırdı.

İndi isə Kremlə yönələk. Yanvarın 27-də Moskvada maraqlı hadisələr baş verdi. Zaxarova AB ölkələrini ABŞ-ın “əlavəsi” adlandırıb və onların Ermənistana gələn monitorinq missiyasını Cənubi Qafqazda hərbi sabitliyi pozmaqda ittiham etdi. Sonra Kreml Bakı və İrəvana Soçidə təcili danışıqlara başlamağı təklif etdi. Hətta Moskva diplomatiyasının həyasızlığını nəzərə alsaq, matəm günündə Azərbaycana belə bir təklifin edilməsi etik deyil. Moskvanın bunu tələsik etməsi çox şeydən xəbər verir. İlk növbədə isə bu missiyaya görə Azərbaycan və Ermənistanın Kreml olmadan sülh müqaviləsi imzalayacağı panikasında.

Növbəti gün Misir Prezidentinin Bakıya, ardınca da İrəvana gəlişi əlavə olaraq Kremlin əsəblərini və bütün oyunu korladı. Misir də özünü Ermənistanla Azərbaycan arasında sərhədin toxunulmazlığının təminatçısı kimi göstərməyə başlayır. İrəvanla Bakı arasında sülhün bərqərar olması üçün belə geniş beynəlxalq koalisiyanın yaradılması İrəvana nəinki istədiyi zaman Moskvaya qəti “yox” deməyə imkan verəcək, həm də Cənubi Qafqazın Rusiya ilə İran arasında bölünməsi planını məhv edəcək”, - o bildirib.

Tarixçi qeyd edib ki, Moskva planını (Cənubi Qafqazı bölmək – red.) diriltmək üçün Azərbaycanın Tehrandakı səfirliyinə hücum təşkil etdi:

“Bütün bunların məqsədi İranın siyasi rejiminin yerləşdiyi situasiyanı nəzərə alsaq, daha aydın olacaq. Qorbaçov öz planını həyata keçirsəydi, SSRİ-nin necə görünə biləcəyinə İran İslam Respublikası bir nümunədir. Sadəcə “islam” sözünü “kommunist” sözü ilə əvəz etmək lazımdır və hər şey öz yerinə düşəcək. İran da SSRİ kimi, qanunvericilik səviyyəsində əbədi və yeganə düzgün elan edilmiş bir məcburi və hərtərəfli dövlət siyasi ideologiyasına malik avtoritar cəmiyyətdir. İranda aralarında nifaq olan, lakin gizlədilən üç hakimiyyət var: SEPAH, Ali dini lider və prezident. Rusiyanın xüsusi xidmət orqanları bundan istifadə edib SEPAH-la dil tapdı və İranda antibakı informasiya kampaniyası aparmaq məqsədilə Azərbaycan səfirliyinə hücum təşkil etdi. Amma səfirliyin azərbaycanlı mühafizəçilərinin sayəsində onların hücumu baş tutmadı. Azərbaycan səfirliyinin mühafizə heyəti terrorçunu diri-diri tutub İran polisinə təhvil verdikləri üçün əməliyyat iflasa uğradı. Hücumdan sonra İran polisi SEPAH-ın onlara təklif etdiyi iki versiyanı səsləndirdi. Birincisi, 50 yaşlı Yasin Hüseynzadəni erməni kimi qələmə verdilər. Lakin bu cəhd uğursuz oldu və  ikinci versiya ortaya çıxdı. 2022-ci ilin aprelində Hüseynzadənin arvadı guya Azərbaycan səfirliyinə gedib və geri qayıtmayıb. O da 9 ay birtəhər arvadsız qalıb, sonra onu azərbaycanlılardan qoparmaq qərarına gəlib. SEPAH-ın bu təxribatı Azərbaycanla müharibəyə ehtiyacı olmayan İranın rəsmi hökumətini xeyli gərginləşdirdi. İran hakimiyyəti hücumu araşdıracağına söz verdi, vəziyyəti müəyyən qədər düzəltməyə çalışdı. Bununla İran hökuməti hər kəsə, o cümlədən SEPAH-a nümayiş etdirdi ki, Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. Sonra SEPAH-ı müharibəyə başlamaq cəhdindən çəkindirmək üçün müəyyən qüvvələr PUA ilə yanvarın 29-da səhər İrandakı hərbi obyektlərə hücum etdi.

İran 40 ildə o qədər düşmən qazanıb ki, onun hər üç hökuməti bunu kimin edə biləcəyini bilmir. Bu çaşqınlığı görən israilli jurnalistlər Tehranı trollayıb yazmağa başladılar ki, bunu təbii ki, MOSSAD edib. Tehran həqiqətən bunu kimin və nə üçün etdiyini bilmir. Rəsmi Vaşinqton isə media dili ilə İranı başa saldı ki, Cənubi Qafqazda Rusiya ilə birgə yeni müharibə təşkil etmək lazım deyil və ümumiyyətlə, onunla ortaq iş görməmək daha yaxşıdır.  Hər üç İran hökumətinin medianın eyhamından istifadə edib-etməyəcəyi böyük sual altındadır, çünki Kreml onları aldatmağa davam edəcək”.

Yenipress.az

Xəbər xətti