Şuşa qadağası və yaxud biabırçı “tur” təşkili...

GÜNDƏM bölməsi

13:42 - 21 Yanvar 2022

 Şuşa qadağası və yaxud biabırçı “tur” təşkili...

 

Torpaqlar işğaldan azad ediləndən tam 1 il 2 ay sonra yalnız iki şəhərə - Şuşa və Ağdama getmək istəyənlərə şans tanınması prosesinə start verilib. Ancaq xüsusi məhdudiyyətlərlə.

İki gündür Şuşa və Ağdama “turpaketlər”in şərtləri elan edilir. Əgər iki gün əvvəl mətbuat konfransı keçirib, hər vətəndaşın ildə yalnız bir dəfə bilet alıb, getmək fürsəti olduğu bildirildisə, bu gün bəlli oldu ki, 18 yaşdan aşağı şəxslər ümumiyyətlə bu imkandan da məhrumdurlar. Hətta 18 yaşdan aşağı olanlar valideyn himayəsində də Şuşa və Ağdama gedə bilməzlər.

Bu məhdudiyyət və məhrumiyyətlərin səbəbi anlaşılmazdır. Şuşada mina və yaxud partlamamış sursat qalmamalıdır, yoxsa orda festivallar keçirilməzdi. Ümumilikdə isə Şuşa və ətrafında, keçmiş Dağlıq Qarabağın hüdudları daxilində çoxsaylı minaların olduğu düşünülmür. Belədirsə, 1 il 2 aydan sonra Şuşaya getmək istəyənlər üçün bu qədər məhdudiyyət niyə tətbiq edilməlidir?

Zəfər yolu hazırdır, Şuşada yaşayış bərpa olunub. Müəyyən nəzarətlə insanlara ən azı Şuşaya getməyə imkan yaradılmasına mane olan heç nə olmamalıdır! Əksinə, Şuşaya gediş məhdudiyyətinin aradan qaldırılması bu mədəniyyət paytaxtımızda həyatın canlanması, mağazaların, otellərin, restoranların genişlənməsi deməkdir.

Qadağalardan biri odur ki, Şuşa və Ağdama gedənlər orda qala bilməzlər, həmin gün də geri qayıtmalıdırlar. Başa düşmürəm, Şuşaya gedən oteldə yer olmadığını görəcəksə, onsuz da geri qayıdacaq və yaxud necəsə gecələməyə bir yer tapacaq. Bundan ötrü xüsusi qadağa qoymağa nə ehtiyac var ki?

Postlar var, əsgərlər onsuz da həmin ərazidə təhlükəsizliyi təmin edir, buna görə bir də avtobuslara bələdçilər qoşmaq heç kimə lazım deyil. Zəruri ehtiyac varsa, Şuşada bəlli ərazilərə polis və yaxud əsgərlər yerləşdirilə və müəyyən yerlərə insanların daxil olmasını əngəlləyə bilərlər. Bu da əgər ərazidə mina təhlükəsi varsa və yaxud hansısa narahatlıq ehtimalına qarşı.

İnsanların öz avtomobili ilə Şuşaya getməsinin hələ də qadağan edilməsi yalnız anlaşılmazlıq deyil, həm də bəlli qurumların nə etdiyini anlamamasının nəticəsidir.

Şuşa – Azərbaycan şəhəridir, Məkkə ziyarətinə gedirmiş kimi zəvvar yığmaq, qadağalar tətbiq etmək, onları əvvəlcədən təlimatlandırmaq kimə və nəyə xidmət edir?

18 yaşdan aşağı uşaq və yeniyetmələrin bu hüquqdan məhrum edilməsinin izahını tapmaq isə ümumiyyətlə mümkün deyil. Belə çıxır ki, 18 yaşı tamam olan gənc savaşa gedə bilər, bu Vətən üçün ölə bilər, əsgərliyə çağırıla bilər, ancaq 18 yaşının tamam olmasına bir ay qalmış Şuşaya gedə bilməz; 17 yaşlı gənc xarici ölkələrin ali məktəblərinə qəbul oluna və yad bir şəhərdə müstəqil həyata başlaya bilər, ancaq bilet alıb, Şuşaya gedə bilməz – böyründə valideyni olsa belə. Bu, heç bir qanuna sığmamaqla bərabər, ölkənin işğaldan azad edilən əraziləri ilə bağlı dövlət siyasətinə də ziddir, biabırçılıqdır!

Hələ Suqovuşan, Hadrut kimi qəsəbələrə gediş məhdudiyyətinin qoyulması, hətta “turist səfərindən” belə bu məkanların kənarda tutulması bir ayrı rüsvayçılıqdır. Hadruta və Suqovuşana giriş-çıxış niyə sərbəst olmayıb? Niyə bir ildən çox zaman keçməsinə baxmayaraq, işğaldan azad edilən bircə şəhər, bircə qəsəbə, bircə kəndə giriş məhdudiyyəti götürülməyib?

Minalar sistemli təmizlənməli, işğaldan azad edilən ərazilərin bir tərəfindən başlayaraq, içərilərinə doğru gedilməlidirsə, niyə indiyə qədər azad edilən ərazilərdə lap xaraba qalmış kəndlərdən bircəcəyi ziyarət üçün açılmayıb?

44 günlük savaşda kəndlərin işğaldan azad edilməsi elan edildiyi kimi, hər həftə və yaxud hər ay Prezidentin xoş tviti gələ bilərdi: filan kəndlər minalardan azad edildi və əhali istədiyi vaxt gedib ziyarət edə bilər!

Bu, olduqca sadə, adi bir mexanizm, qələbə eyforiyasının davamı və işğalın aradan qaldırılması prosesinin məntiqi nəticəsi olardı. Təsəvvür edin, hər gün Prezidentdən tvit gözləmək, hansı kənd və ya ərazinin, bulağın, meşənin... gediş-gəliş üçün açıldığını eşitmək həvəsi ilə yaşamaq... Qələbə qürurunu aylarla davam etdirmək olardı!

Əvəzində 1,2 ildən sonra məhdudiyyətli, “ildə bir dəfə” getmək hüququ verən qadağa...

Xəbər xətti