Murad Dadaşov iki söz dedi, ikisi də yalan...

GÜNDƏM bölməsi

15:06 - 30 Oktyabr 2023

 Murad Dadaşov iki söz dedi, ikisi də yalan...

Əslində başlıqda ”yalan” sözü Murad Dadaşovun bugünkü açıqlamasını ehtiva etmir.

Murad Dadaşov deyir ki: 1. İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər; 2. Biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram, onlara heç kim baxmayacaq.

Bunlar yalan deyil – Murad Dadaşovun düşüncə tərzidir, gördükləridir və məsələ də burasındadır ki, qətiyyən həqiqəti, peşəkarlığı əks etdirmir.

Bir dəfə Alim Qasımov belə bir söz işlətmişdi, qonorar tələb etmişdi – efirdən ayağını kəsdilər. Axırda Alim Qasımov dilə gəldi ki, mən onu sözgəlişi demişəm!

Alim Qasımov kimi sənətkarları efirə dəvət edəndə onlara yüksək qonorar vermək qədər imkanlı olmasını kanallarımıza arzu edirik. Yəni burada “əksər” sözü qətiyyən yerində deyil və yaxud...

Başlayaq “şou” tiplilərdən: “Ay Zaur” – fərqi yoxdur, Xəzər TV-nin efirindədir, ya yox və artıq deyəsən, onun adı da dəyişib – verilişinə hansı səviyyəli sənətkar çıxar? Bu qədər səviyyəsiz verilişin efirində olmağı niyə bir sənətkar özünə yaraşdırmalıdır?

Və yaxud digər – ailə-məişətdən bəhs edən, “uzun illər itmiş” şəxsin guya xəstə olduğunu göstərmək üçün çarpayıqarışıq onu efirə gətirib, ayağa qalxmaması üçün “kub yarım iynə” vurulan “veriliş”lərlə efir doldurulanda, hansı səviyyədən danışmaq mümkündür?

Ona görə ki, tamaşaçılar belə verilişlərə kütləvi şəkildə baxırlar?

Qətiyyən elə deyil: ona görə ki, siz – Azərbaycan televiziyaları bu cür səviyyəsiz verilişlərlə tamaşaçının səviyyəsini endirirsiniz; ona görə ki, insanları yalançı “həyat hekayələri” ilə aldadırsınız; ona görə ki, səviyyəli debatlar, siyasi şoular, qızğın müzakirələr keçirmək üçün kadr potensialınız və yaxud ideya müəllifləri yoxdur – yainki o şəxslərə qapı açmırsınız, onlara şərait yaratmırsınız.

Ucuz, qısa müddətdə reytinq qazanan şoulara qaçmaqla təkcə Azərbaycan televiziyalarının reytinqini aşağı salmırsınız, həm də tamaşaçı səviyyəsini korlayırsınız: sizinki “3 min manatlıq telefon almayan ərdən boşanmaq hüququ olduğunu” deyən “psixoloqu” efirə çıxarıb, gülüş hədəfinə çevrilməkdir, bu qədər ucuz məntiqlə sosial şəbəkələrin trendinə düşməkdir!

“Muğam müsabiqələr”i keçirildi – auditoriyasını gördünüzmü?

“Nanəli”nin reytinqi hansı ucuz şounuzdan aşağıdır?

Demək ki, siz yüksək, peşəkar, səviyyəli şou-verilişlər hazırlamaq imkanında olduğunuz halda bunu etmirsiniz; sizinki efirdə saatlarla yemək bişirməkdir, saatlarla olmayan “insan taleyini” ortaya qoyub ağlamaqdır.

Real olmayan, ucuz şoular!

Halbuki Yutub kanalında bir Nail Kəmərlinin verilişi sizin düşük şoularınızdan qat-qat ibrətamiz, qat-qat maarifpərvər, qat-qat səviyyəlidir; halbuki real həyatda o ucuz şoulardan daha dəhşətli həqiqətlər var – onu axtarmağa həvəsiniz, komandanız, ideyanız yoxdur.

Halbuki siyasi-ictimai debatlar üçün mükəmməl mühir var – internet kanalları primitiv avadanlıqları, olmayan resursu, məhdud personalı ilə sizdən qat-qat daha baxımlı müzakirələr təşkil edə bilir.

Bacarmırsınız, sadəcə, reallaşdıra bilmirsiniz və yaxud maliyyəniz imkan vermir.

Onu adı ilə, olduğu kimi demək lazımdır: ki, sizə yüksək səviyyəli verilişlər üçün nə mane olur?!

Kefsiz İsgəndər

Xəbər xətti