Hər dəfə o maşınla işə gedib-gələndə qürur hissi yaşayıram - Novruz Aslanov

TOPLUM bölməsi

10:46 - 28 Oktyabr 2023

 Hər dəfə o maşınla işə gedib-gələndə qürur hissi yaşayıram - Novruz Aslanov

Milli Məclisinin deputatı, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun Yenipress.az-a müsahibəsi:

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə göndərdiyi yardımın həm də siyasi əhəmiyyətindən bəhs edilir. Artıq indi o proses haqda daha sərbəst danışmaq mümkündür. Bu qərarın verilməsi zərurətindən danışardınız.

- İlk növbədə bildirim ki, humanitar sahədə atılan bu addım missiyamız olduğuna görə heç bir siyasi əhəmiyyət kəsb etmirdi. Biz bu cür məlumatlar alırdıq ki, guya orda insanlar əziyyət çəkir, böyük problemlər yaşayırlar və s. Təbii ki, İdarəetmə Şurasında bu məsələni müzakirə etdik və belə bir qərar aldıq ki, ilk növbədə oraya girişimiz təmin olunmalıdır. Beləliklə, onlara çatdırdıq ki, əgər sizdə humanitar problem varsa, biz yardıma hazırıq. Sonra humanitar yardım daşıyan yük maşınlarımız Ağdam-Xankəndi yolunun girişinə göndərildi və onlara xəbər göndərdik ki, artıq yardım gəlib, ehtiyacınız varsa, qəbul edin. O cümlədən tərəfdaşlarımıza da bu barədə məlumat verdik. Əfsuslar olsun ki, biz uzun müddət gözlədik. Sonra bizə Rusiya Qızıl Xaç Cəmiyyəti müraciət etdi ki, Xankəndidəki insanlara yardım etmək istəyirik və biz də onlar üçün şərait yaratdıq, onları qarşıladıq və Ağdam-Xankəndi yolu ilə yola saldıq. İkinci mərhələdə Beynəlxalq Qızıl Xaç Cəmiyyəti missiyasını həyata keçirdi, “Laçın” sərhəd keçid məntəqəsindən, o cümlədən Ağdam-Xankəndi yolundan humanitar yardımlar keçirildi. 3-cü mərhələdə isə biz özümüz FHN ilə birlikdə humanitar yardımımızı göstərə bildik. Yəni birmənalı olaraq deyirəm ki, bu, sırf humanitar yardım idi, siyasi aksiya deyildi.

- Fransanın “humanitar böhran” şousu iyul ayında başlamışdı və 19 TIR “humanitar yük” sərhədimizə gəlmişdi. Əlbəttə ki, bu siyasi təzyiqə Azərbaycan boyun əymədi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti məhz həmin vaxt yardım göndərmə qərarı verə bilməzdimi? Niyə bir aydan da çox gözlədiniz?

- Çox maraqlı məqama toxundunuz. Əslində, mən də hesab edirəm ki, biz həqiqətən də bu yardımı bir az tez etsəydik, daha yaxşı olardı – halbuki bu yardıma görə bizi qınayanlar da az deyil. Amma biz Fransanın “humanitar yardım” adı ilə siyasi məqsədi üzərində işimizi qurmuruq və bu məsələyə də qarışmırıq. Məsələ ondadır ki, əgər humanitar böhran olduğu deyilirsə, bizə imkan verməlidirlər ki, araşdırma aparaq, ərazidə olaq, müşahidə edək, nə lazım olduğunu özümüz müəyyənləşdirək, yalnız bundan sonra yardıma başlayaq. Təbliğatla, kiminsə sözü ilə humanitar yardım göndərilməz ki! Biz mütləq şəkildə o məlumatı yoxlamalıyıq və bizim ora girişimiz təmin olunmalıdır. Bizim isə ora girişimiz təmin olunmurdu. Biz yayılan humanitar böhran iddialarının təsdiq olunmasını gözləyirdik, əmin olmaq istəyirdik ki, orda ərzaq çatışmazlığı var. Çünki sosial şəbəkələrdə görürdük ki, humanitar böhran, çörək çatışmazlığı olduğu deyilən Xankəndidə dəbdəbəli ziyafətlər keçirilir, israfçı süfrələr açılır, təmtəraqlı məclislər təşkil edilir. Yəni humanitar böhranla bağlı məlumatlar təsdiqlənmədi. Hətta Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndələri ora humanitar yardım aparanda insanlarla ünsiyyətdə olmuşdular və onlara bildirilmişdi ki, burda heç bir böhran yoxdur. Əlbəttə, hər hansı çatışmazlıq istisna deyil, ancaq “humanitar böhran” deyilən bir vəziyyət, aclıq qətiyyən yox idi.

Buna baxmayaraq, bizim könüllülərimiz və işçi heyətimiz çox böyük qəhrəmanlıq göstərdilər və öz humanitar missiyalarını həyata keçirdilər. Hesab edirəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixində unikal bir hadisə idi. Ermənilər 30 il ərzində bizim torpaqları işğalda saxladılar, insanlarımızı qovdular, qətlə yetirdilər, biz isə yardım apardıq və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanist prinsiplərinə sadiqdir, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, öz vətəndaşına yardım etməyə hazırdır.

- Hazırda Qızıl Aypara Cəmiyyəti nə iş görür?

- Bizim Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasının strategiyasına uyğun olaraq öz fəaliyyətini tənzimləyir. 2025-ci ilə qədər strateji planımız var və ona uyğun fəaliyyətimizi həyata keçiririk.

- Siz həm də Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorusunuz və ekoloji problemlərə yaxından bələdsiniz. Bir müddət əvvəl belə bir statistika açıqlanmışdı ki, Bakıda 70-ci illərdə 15 min hektar yaşıllıq sahəsi vardı, 2022-ci ildə isə bu yaşıllıq sahəsi 910 hektara düşüb. Sizcə, Bakıda ekoloji vəziyyət bu statistika fonunda hansı durumdadır və yaşıllığın məhvinə qarşı bir alim, deputat və xeyriyyə cəmiyyətinin rəhbəri olaraq, nə təklif edirsiniz?

- Açığı, mən bu statistikaya inanmaq istəmirəm, çünkü son illər nə qədər bağlar, yaşıllıqlar salınır, saysız-hesabsız ağaclar əkilir, Heydər Əliyev Fondu tərəfindən aksiyalar həyata keçirilir. Şəxsən biz Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq otuz mindən çox ağac əkmişik...

- Bəzi ekspertlər Bakıda çoxsaylı göydələnlərin çox sıx tikildiyi üçün ekoloji tarazlığın pozulması ilə bərabər, nəqliyyat infrastrukturunun da ciddi ziyan gördüyü və bunun öhdəsindən gəlməyin mümkün olmayacağını bildirir. Çünki yollar daralıb və ekoloji təmiz nəqliyyatın yaradılması üçün şərait yoxdur. Buna görə də təkliflər səsləndirilir ki, paytaxt köçürülsün və yaxud paytaxtın yükü azaldılsın. Sizcə, paytaxtın köçürülməsi mümkündürmü və haranı təklif edərdiniz?

- Bu, ümumimilli bir qərar olmalıdır. Paytaxtımız Bakı həqiqətən yüklənib və bunu heç kim inkar etmir. Göydələnlər də təbii ki, öz rolunu oynayır. Paytaxtda olan sıxlıq hamımıza bəllidir, tıxaclarda qalan maşınlar ekologiyaya böyük ziyan vurur. Yeri gəlmişkən, bu yaxınlarda elektromobil aldım. İnanın, hər dəfə mən o maşına minib işə gedib-gələndə qürur hissi yaşayıram ki, bu gün mənim minik vasitəm ekologiyaya ziyan vurmadı. Onu da deyim ki, ölkədə və paytaxtda elektromobillərin sayı çoxalıb, hətta 2025 və 2026-cı illərdə əksəriyyət sürücünün elektomobil istifadə edəcəyinə inanıram.

- Paytaxtın yükünün azaldılması üçün müəyyən qurumların, təhsil müəssisələrinin Bakıdan çıxarılması da təklif edilir. Sizcə, hansı qurumlar, təhsil müəssisələri və yaxud şirkətlər çıxarılmalı və hara yerləşdirilməlidir?

- Bizim Gəncə, Mingəçevir, Xankəndi kimi böyük şəhərlərimiz var. Bir çox dövlət müəsisələri, nazirliklər, komitələr o şəhərlərdə yerləşdirilsə, çox yaxşı olar.

Nazlı Onur

Xəbər xətti