Emil Quliyevin işlərinin rəğbətlə qarşılanmasının səbəbi - Tahiroviç

MAQAZİN bölməsi

15:54 - 30 Yanvar 2023

 Emil Quliyevin işlərinin rəğbətlə qarşılanmasının səbəbi - Tahiroviç

Dövlətin Azərbaycanda yerli serial istehsalının güclənməsi üçün ayırdığı vəsaitlər ilk 5 il hazırlıq mərhələsinə sərf olundu. Çünki ölkəmizdə demək olar ki, serial ənənəsi yox idi. Sovet dövründə Azərbaycan televiziyası yalnız bir neçə bölümlük televiziya tamaşaları ərsəyə gətirirdi. İlk 5 ildə xüsusi nəzərə çarpan bir iş olmasa da, son 5 ildə püxtələşmənin olduğunu görürük. Təbii ki, bunun maliyyə tərəfi də var idi ki, daha böyük büdcəli işlər olsaydı, effekti də yüksək olardı. Ancaq son 10 ildə çəkilən seriallar mövzu baxımdan zəifdir və demək olar ki, hamısı ailə dramlarıdır.

Bu sözləri Yenipress.az-a açıqlamasında kinorejissor Tahir Tahiroviç deyib.

O, bir sıra görkəmli şəxsiyyətlərimiz - Mikayıl Müşfiq, Həzi Aslanov, Yusif Məmmədəliyev və s. haqda serialların çəkilməsi barədə gözləntilərinin olduğunu qeyd edib:

“Biz Rusiyaya baxsaq görərik ki, onlarında bir çox serialların məzmunu ailə-məişət olmağına baxmayaraq, Yesenindən də, Jukovdan da işlər ərsəyə gətirirlər. Düşünürəm bunun səbəbkarı yalnız televiziya rəhbərləridir. Onlar artıq tamaşaçının damarını tutub və bilirlər ki, tarixi şəxslər haqda seriallara çox az insan baxacaq”.

Kinorejissor son günlər tamaşaçı rəğbətini qazanan rejissor Emil Quliyevdən də söz açıb: 

“Emil Quliyevin ilk işləri və "Pərdə" sosial dram trilogiyası artıq kinorejissor olaraq onu tamaşaçıya tanıtmışdı. Buna görə də onun “Körpü” və “Əqrəb mövsümü” kimi çoxseriyalı bədii filmləri tamaşaçıların rəğbətini qazandı.

Artıq rejissor ilk filmlərində aktyorlarla iş üslubunu formalaşdırıb. Son 5-6 ildə üzdə olan rejissorlardan biridir və Azərbaycan tamaşaçısı üçün çox yaxşı işlər ərsəyə gətirir. Bədii kinoda olan nailiyyəti serialda da öz əksini tapıb. Əgər bu gün onun işləri tamaşaçı rəğbətini qazanıbsa, demək yaxşı işlər ərsəyə gətirib”.

Yenipress.az

Xəbər xətti