Ermənistan 71 km-lik ərazinin xəritəsini verməyib – Hafiz Səfixanov

GÜNDƏM bölməsi

14:10 - 26 Oktyabr 2022

 Ermənistan 71 km-lik ərazinin xəritəsini verməyib – Hafiz Səfixanov

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanovun Yenipress.az-a müsahibəsi:

- Beynəlxalq hüquqda minaların istifadəsi və qadağan olunmuş minalarla bağlı nələr nəzərdə tutulur?

- Beynəlxalq hüquqda minalardan istifadənin qadağan olunmasını nəzərdə tutan iki əsas sənəd var. Bunlardan birincisi, 10 oktyabr 1980-ci ildə qəbul olunmuş "Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" Cenevrə Konvensiyasıdır. Konvensiyaya 1996-cı ildə müəyyən düzəlişlər edilib.  Konvensiyanın II Protokolu mina  tələlər, onlardan istifadənin qadağan olunması ilə bağlıdır. İkincisi isə bu sahədə ən önəmli sənəd “Piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya”dır . Konvensiya 1997-ci ildə qəbul edilib, 1999-cu ildə isə qüvvəyə minib. Konvensiyaya Ottava Konvensiyası da deyilir. Adlarını çəkdiyimiz sənədlərin hər ikisi BMT Konvensiyasıdır. Ottava Konvensiyasına qoşulan dövlətlər minalarla bağlı bütün hərəkətlərin qadağan olunması ilə bağlı öhdəlik götürürlər.

- Ermənistan bir neçə dəfə Azərbaycana minalanmış ərazilərin xəritələrini verib. Lakin bunların doğru olmadığı ortaya çıxıb. Xəritələrin doğru və yanlış olması necə müəyyən edilir?

- Ötən il Azərbaycanın atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan müxtəlif dövlət və təşkilatların vasitəçiliyi ilə minalanmış ərazilərin xəritələrini üç mərhələdə ölkəmizə təqdim etdi. İlk mərhələdə Ağdam üzrə 97 min minanın olduğu xəritə, ikinci mərhələdə Füzuli və Zəngilan üzrə 92 min minanın yerini göstərən xəritə, sonuncuda isə digər işğal altında olmuş ərazilər üzrə xəritələr verildi. Xəritələrin doğru və yanlış olması isə müttəxəssislər tərəfindən bilavasitə göstərilən ərazilərdə yoxlanılır. Rəsmi açıqlanan məlumata görə, həmin xəritələrin dəqiqliyi 25 faiz, hətta bəzi yerlərdə ondan da aşağıdır. Hazırda biz QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi bir layihə həyata keçiririk. Bu işğaldan azad olunmuş ərazilərdə minalar və partlamamış sursatlarla bağlı monitorinqlərin aparılmasıdır. Layihə çərçivəsində əldə etdiyimiz məlumata görə, ötən il Azərbaycana verilən xəritələr içərisində 71 km-lik ərazinin xəritəsi ümumiyyətlə yoxdur. Yəni Ermənistan həmin xəritəni ölkəmizə təhvil verməyib. Bəhs etdiyimiz ərazilər Kəlbəcər, Tərtər və Xocavənd rayonlarının ərazisini əhatə edir. Ən son dünən Xarici İşlər Nazirliyi “Ermənistanın Azərbaycana qarşı hərbi təhdidləri” adlı məlumat yaydı. Bundan sonrakı mərhələdə isə əgər yeni xəritələr Azərbaycana təqdim edilərsə, QHT-lər və aidiyyatı dövlət qurumları birlikdə həmin 71 km-lik ərazinin də mina xəritəsini də tələb etməlidir.

- Azərbaycan Ermənistana qarşı beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində hansı addımları ata bilər?

- Regionda heç bir dövlət, həmçinin Azərbaycan hələ ki, Ottava Konvensiyasına qoşulmayıb. Ona görə də, sözügedən gedən sənəd əsasında Ermənistana təzyiq etmək mümkün deyil. Lakin Azərbaycan Cenevrə Konvensiyasına tərəfdir və bu beynəlxalq sənəd əsasında Ermənistana beynəlxalq təzyiqin formalaşdırılması üçün addımlar atıla bilər. Eyni zamanda minalanmış ərazidə müharibədən sonra mülki şəxslərin yaralanması və ya həlak olması ilə beynəlxalq humanitar hüququn digər prinsipləri işə düşür. Ermənistanın beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün həmin prinsiplərdən də aktiv şəkildə istifadə etməliyik.

Xəbər xətti