Dövlət müdaxilə etməlidir, yoxsa çətin olacaq - Deputat

GÜNDƏM bölməsi

15:36 - 19 Avqust 2022

 Dövlət müdaxilə etməlidir, yoxsa çətin olacaq - Deputat

Ərzaq məhsullarının qiymət artımı səbəbi dünya bazarında olan böhranla bağlı olsa da,  bizim buna hazırlığımız yetərli səviyyədə deyil. Çünki həm kənd təsərrüfat inistitutunun infrastrukturu, həm də digər infrastrukturlarda obyektiv və subyektiv çətinliklər ortaya çıxır. Quraqlıq, kadr çatışmazlığı problemi ilə yanaşı, ölkədə kənd təsərrüfatı mütəxəssislərinin, aqronomların, baytar həkimlərin peşəkarlığı da yetərli səviyyədə deyil.

Bu sözləri Yenipress.az-a açıqlamasında millət vəkili Fazil Mustafa ölkədə baş verən qiymət artımı ilə bağlı danışarkən deyib.

O, qiymət artımında əsas problemin inhisarçılıqla bağlı olduğunu bildirib:

“Biz Azərbaycanda bir qrup insanlardan qanuna riayət etməyi tələb edirik, digər qrup insanlar isə həm müəyyən imtiyaza , həm də bir sıra inhisar imkanlarına sahibdirlər. Və bu insanlara qarşı heç bir addım atılmır. Çünki bunlar hamısı dövlət vəzifələrində yer alan şəxslərin uzantılarıdır deyə, onlara toxunmaq mümkün deyil. Amma biz ilk növbədə əhalinin yoxsullaşmasının qarşısını almalıyıq. Bunun üçün də mütləq imtiyazlı təbəqənin səlahiyyətlərini azaltmalı, əhalinin yer ala biləcəyi azad bazar iqtisadiyyatına yol açmalıyıq. Bu bazar açılmayana qədər problem eyni qaydada da ağır olaraq qalacaq. İstədiyi qiyməti təyin edənlərin də qarşısını almaq olmayacaq. Çünki himayəsi olanlara toxunan yoxdur. Himayəsi olmayan iş adamları bir-bir sıradan çıxarılır. Ona görə də, bu məsələ ətrafında ciddi müzakirələr açılmalıdır və qiymət artımının qarşısını almaq üçün dövlət konkret  tədbirlər görməlidir. Onsuz da pandemiyanın, müharibənin sıxıntıları iqtisadiyyatımıza böyük zərbə vurdu. İndi də qiymət artımı süni şəkildə bu qədər sürətlənib.

İnşaat materiallarının qiyməti 10 dəfələrlə artıb. Nəyin hesabına?! Çünki bu sahədə də böyük inhisarçılıq var. Hər kəs mal gətirə bilmir, hamının bazarlarda hüquq və imkanları bərabər deyil. Nəticə də gətirib ona çıxarır ki, bütün ağırlıq yoxsul əhalinin belinə yüklənir.

Bu gün un problemi var. Bunu zamanında həll etmək üçün tədbirlər görülməli idi. Belə məsələlərdə hökumətin qarşısında çox ciddi işlər durur və bunları təcili etmək lazımdır ki, Azərbaycan əhalisinin, xüsusilə də yoxsul əhalinin hüquqları pozulmasın, sıxıntılı və acınacaqlı vəziyyətə düşməsinlər”.

Deputat qeyd edib ki, ölkəmizdə sürətlə lümpenləşmə gedir və buna yol vermək olmaz:

“Bu, həm də dövlətin qarşısına qoyduğu hədəflərin həllində müəyyən dərəcə maneələr yaradacaq. Çünki daxili rifahı qaydaya salmasaq, nəzərdə tutulan başqa strateji proqramları həyata keçirmək də xeyli çətin olacaq. Ona görə də israfçılığa aid olan bütün sahələrin qapısını bağlamalıyıq. Bu məsələləri artıq səmimi və açıq şəkildə “bu onun adamıdır” deyib himayə etmək yerinə, onu yığışdımalıyıq. Belə olarsa, böhrandan çıxış yolu tapmaq mümkündür. Lakin indiki vəziyyətdə dövlət mütləq müdaxilə etməlidir. Hər hansı bir şəkildə süni bahalaşma hallarına və möhtəkirliyə görə lazım olanda cəza mexanizmlərini də tətbiq etmək lazımdır. Çünki əhalinin alıcılıq qabiliyyəti imkan vermir ki, bu qədər bahalığın yükünü qaldırsın”.

Zaira 

Xəbər xətti