Tərtər işi ilə bağlı dəhşətli faktlar: neçə igid işgəncələr altında ölür...

GÜNDƏM bölməsi

15:22 - 9 Fevral 2022

 Tərtər işi ilə bağlı dəhşətli faktlar: neçə igid işgəncələr altında ölür...

Baş Prokurorluğun bu gün “Tərtər işi” adı ilə tanınan 2017-ci il hadisələri haqda yaydığı məlumat sadəcə, dəhşətin görünən tərəfi deyil, həm də bir etirafdır.

Prokurorluğun məlumatından bəlli olur ki, bu qanunsuzluqlarla bağlı araşdırmalara yalnız 4,5 ildən sonra yenidən qayıdılıb.

Niyə 4,5 il gözləyiblər? Bütün sosial platformalar bu mövzuda görüntülərlə, zərərçəkənlərin etirafları ilə aşıb-daşandan sonra niyə bu qədər gözləyirdilər?

Hələ aylarla deyil, illərlə faktı təkzib etmə cəhdlərini yada salanda, mənzərə daha dözülməz olur.

İllərlə bu qanunsuzluq baş alıb getdi, zərərçəkənlərdən ölənlər oldu, indi isə açıqlama verirlər ki, 163 yeni zərərçəkən müəyyənləşib və ümumilikdə 281 zərərçəkən var.

281! İnanılmaz dərəcədə böyük rəqəmdir. Bu zərərçəkənlərin başlarına hansı oyunlar gətirildiyini video-platformalarda görə bilərsiniz. Orduda xidmət edən ən azı 281 şəxs qanunsuzcasına istintaqa cəlb edilir, onlara ağlasığmaz işgəncələr verilir, neçə-neçə igid işgəncələr altında ölür...

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.

Təsəvvür edirsinizmi? 16 əldəqayırma, yalan faktlara, zora söykənən, saxta məhkəmə işinin ləğvi tələb edilir.

Demək, hakimlər də qondarma qərar çıxarıb, yalançı ittiham aktlarını təsdiqləməklə kifayətlənib, günahsız əsgərlərin məhvedilmə prosesinin alətinə çevriliblər. Məhkəmələr araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər.

16 məhkəmə hakimləri kimlərdir? Hansı rayon məhkəməsi və ya məhkəmələri keçirib bu prosesi? Hanı Məhkəmə-Hüquq Şurası? Niyə qalxıb, Ordumuza qarşı bu mənfur xəyanətin icraçısı olan hakimlərə qarşı addım atmır? Niyə o hakimlər hələ də vəzifələrindədir? Bu hakimlərin növbəti dəfə alət olmayacağına kimsə qarant verirmi?

Hələ 281 nəfəri zərərçəkmişə çevirən Hərbi Prokurorluq!

Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar. Məsələ onda deyil ki, məsələn, Xanlar Vəliyev hansısa qəsd edib, hansısa qanunsuzluğa imza atıb, dövlətə xəyanət edib! Məsələ budur ki, Xanlar Vəliyevin rəhbəri olduğu bir qurumda bir qanunsuz, ədalətsiz, SS işgəncə metodları ilə işləyən istintaq gedib, 281 nəfər də zərərçəkən var!

Başqa ölkədə xidməti maşını ilə övladını orta məktəbə apardığı üçün nazir vəzifəsindən utanaraq istefa verir; maska taxmağı unutduğu üçün nazir xalqdan üzr istəyib, istefa ərizəsi yazır; bir əsgərin taleyi ilə bağlı doğru olmayan qərar zamanı istintaq qrupu, onların rəhbərləri istefaya göndərilir və s.

Necə ola bilər ki, bu qədər dəhşətli faktlar təsdiqləndiyi halda Hərbi Prokurorluqdan istefalar yoxdur?

Bu faktlar o deməkdir ki, Xanlar Vəliyev rəhbərlik etdiyi qurumda sistemi düzgün qurmayıb, “Tərtər hadisələri” baş verərkən prosesə anında müdaxilə etməyib, işi nəzarətə götürməyib və yaxud sosial şəbəkələrdə zərərçəkənlərin iddia etdiyi kimi, özü bu yalançı istintaqlarda alət olub, ən yaxşı halda nə baş verdiyini anlamayıb, ən pis halda isə qərəzli olub.

Hər bir halda Hərbi Prokurorluğun rəhbərliyindən bu istintaqın hesabatını vaxtilə qəbul edən rəhbər kimdirsə, istefa verməli, mənəvi məsuliyyət daşımalıdır. Çünki şəxsin o vəzifəni daşımağa hüquqi, mənəvi haqqı yoxdur, o, istintaqa nəzarət edə bilməyib, yalançı, qondarma və dəhşətli işgəncələrlə müşayiət olunan, əsgərlərin döyüş ruhunu sındıran bir prosesin geniş şəkildə yayılmasına, onlarla əsgərin fiziki, yüzlərlə əsgərin mənəvi baxımdan şikəst olmasına səbəb olub.

Bəs, hanı istefalar, hanı məsuliyyət? Kim qalacaq bu boyda qanunsuzluğun altında? Həbs edilən 4 nəfər? Vəssalam? O da 4,5 ildən sonra? Bəs, həmin şəxslərə o boyda özbaşınalığı tanıyanlar kimlərdir?

Əgər o vəzifəlilərin bu işgəncələrdən xəbərləri olmayıbsa, demək, o vəzifəni daşıya bilməzlər; yox, xəbərləri olubsa, demək, cinayət ortağıdırlar.

Hər bir halda vəzifədən getməlidirlər. Yoxsa Baş Prokurorluğun bugünkü açıqlaması cəmiyyətdə bu quruma inamı qaytarmayacaq, əksinə, daha fərqli düşüncələrə səbəb olacaq.

Baş Prokurorluğun açıqlamasında sonuncu xatırlatma isə ümumiyyətlə anlaşılmazdır.

“Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək", - deyir Baş Prokurorluq.

4,5 ildir sosial platformalarda bu dəhşətlər yayılanda, işgəncə faktları ictimailəşəndə Baş Prokurorluq hara baxırdı? Öz strukturunda bu qədər dəhşətli səhvə, cinayətə yol verilən bir qurum hansı haqla mediada, sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı tədbir görəcəyini bildirir? Baş Prokurorluq hansı haqla açıqlamasına belə bir “əlavə” etməyi özünə rəva görür?

Baş Prokurorluq bu faktları ictimailəşdirən və zərərçəkənlərin ifadələrini hər yerdə yayan media qurumları, sosial platformalarla əməkdaşlıq etməyin yolunu tapmalı, bu dəhşətləri onlardan çox-çox öncə üzə çıxaranlara ən azı minnətdar olmalı, bacarmadıqlarını bacaran mediadan kömək istəməlidir.

Kimsə Ordumuzun zəfərinə və qüdrətinə kölgə salmır. Əgər Ordumuzun qüdrətinə kölgə salmaq və yaxud onu nüfuzdan salmaq istəyən varsa, bu kontekstdə Hərbi Prokurorluğun bəlli idarələri və müəyyən mənada mənəvi məsuliyyət daşıyan rəhbərliyidir.

Bakupost.az

Xəbər xətti


Digər xəbərlər