İran Azərbaycanla İsraili yaxınlaşdırır

SİYASƏT bölməsi

14:11 - 2 Noyabr 2022

 İran Azərbaycanla İsraili yaxınlaşdırır

Azərbaycan-İsrail münasibətləri daim İran rəsmilərinin və ölkə mətbuatının diqqət mərkəzində olub. İsraillə Azərbaycan arasında münasibətlər hər iki dövlətin mənafeyinə uyğundur.

İranın Azərbaycan Respublikasına ən böyük iradlarından biri Azərbaycan-İsrail münasibətlərinin günü-gündən inkişaf etməsidir. Bunun səbəbləri hamıya bəllidir. İran İsraillə düşməndir. Onun məhvini istəyir. Bunu açıq şəkildə bildirməkdən də çəkinmir. Hətta İsraillə qonşu ölkələrdə Hizbullah və HƏMAS kimi silahlı qruplara maliyyə yardımı və silah tədarükünü də edir. İranın verdiyi raket və digər silahlar vasitəsi İsrail ərazilərinə hücum olunur.

Məsələnin digər tərəfinə baxanda, bu iki ölkə arasında olan münasibətlər İran daxilində hər hansı bir təhlükə törətmək və ya onun mənafelərinə xələl gətirməyə yönəlməyib.

Azərbaycan İsraillə münasibətlərində öz mənefeyini nəzərə alır. Bu münasibətlərin islam dünyasında mənfi rezonans doğurmamasına ciddi şəkildə diqqət edilir. İsrailin 1993-ci ildən Bakıda səfirliyi mövcud olsa da, indiyə qədər İsraildə Azərbaycan respublikasının səfirliyiyoxdur.

İran təhlükəsi, Cənubi Qafqazda baş verən proseslər və Ukraynada müharibənin davam etməsi ilə paralel olaraq Bakı siyasi və diplomatik transformasiyaya başlayıb. Belə bir şərayitdə İsraillə münasibətlərin bir yuxarı mərtəbəyə daşıması gərəkir.

Bir müddət əvvəl Azərbaycan Respublikasının mətbuatında Bakının İsraildə səfirliyini açmaq niyyəti barədə məlumatlar yayılıb. Azərbaycan belə bir qərarı iki tərəf arasında otuz illik münasibətlərdən sonra verib.

Bununla bağlı İsrail Prezidenti İshaq Hersoq İsrail-Azərbaycan əlaqələrinin 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda onu İsrailə səfərə və Azərbaycan səfirliyini açmağa dəvət edib.

Hersoq sözügedən məktubda yazıb: “Münasibətlərimizdəki bu mühüm hadisə ilə əlaqədar ümid edirəm ki, Azərbaycanın İsraildə səfirliyini açmaqla daha bir addım atacağıq”.

Bakının İsraildə öz səfirliyini açmaq qərarı ilə bağlı yayılan xəbərlər bu sualı daha qabarıq şəkildə aktuallaşır: Azərbaycan niyə 30 il imtinadan sonra indi bu məsələni gündəmə gətirir?

Bununla bağlı Azərbaycan Respublikası parlamentində İsrail-Azərbaycan dostluq qrupunun üzvü Arzu Nağı “Pravda”ya müsahibədə İsrail-Azərbaycan münasibətlərinin strateji əhəmmiyyətinə toxunaraq bildirib: “İsrail bizim siyasi, hərbi, iqtisadi və mədəni tərəfdaşımızdır. Münasibətlərimiz strateji əhəmiyyətə malikdir”.

Hər halda Bakının belə qərar verməsinin bir çox səbəbi var. İlk növbədə İsraillə islam dünyasının aparıcı ölkələrinin bir çoxu münasibətləri yaxşılaşdırmağa başlayıb.

Digər səbəb İsrailə hərbi-iqtisadi münasibətlərin yüksək səviyyədə olmasıdır. Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illər ərzində Azərbaycanın silah idxalının 69%-i İsrailin payına düşüb ki, bu da o zaman İsrailin silah ixracının 17%-nə bərabər idi. İsrailin aldığı neftin təxminən 40%-i Azərbaycanın payına düşür.

Digər önəmli məsələ isə Türkiyə -İsrail münasibətlərinin son zamanlarda yaxşılaşmasıdır. Bu mövzu da Azərbaycan-İsrail münasibətlərinə müsbət təsir buraxır.

Azərbaycan üçün ən önəmli məsələlərdən biri İranın günü-gündən artan təhlükəsi, Azərbaycanda "Kərimə dövləti" yaratması fitnəsi, ölkədə geniş İran casus şəbəkəsinin mövcudluğu, sərhəddə hərbi təlimlər və İran rəsmilərinin Azərbaycana qarşı təhdid xarakterli ifadələridir.

İsrail-Azərbaycan münasibətlərinin daha da inkişafı Azərbaycan üçün bir çox səmərələr verə bilər. İlk növbədə Azərbaycan strateji müttəfiq əldə edir. İsrailin dünyada olan nüfuzuna baxsaq, bu önəmli faktordu. Azərbaycan İsrailin istehsal etdiyi modern və yüksək keyfiyyətli silahları ala bilər və İsrail hərbi kəşfiyyat məlumatlarından İran kəşfiyaytına və onun ölkə daxilində törətdiyi təxribatlara qarşı istifadə etmə imkanı qazanır. 

Əlirza Zəmani

 

Xəbər xətti


Digər xəbərlər