Hansı market daha bahadır: Bravo, yoxsa Araz?

TOPLUM bölməsi

12:21 - 19 Yanvar 2022

 Hansı market daha bahadır: Bravo, yoxsa Araz?

Bir müddət öncə, bayram öncəsi “Business Insight” şirkəti “ən ucuz market”i müəyyənləşdirmək üçün apardığı araşdırmanı yaymışdı.

Yenipress.az xəbər verir ki, şirkətin “Araz” marketlər şəbəkəsini “ən ucuz market” elan etməsi digər marketlər şəbəkəsinin narazılığına səbəb olmuş, buna görə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti araşdırmalara başlamışdı. Reklam prinsiplərinin pozulduğu əsas gətirilsə də, araşdırmanın nəticəsi hələ də elan edilməyib və görünür, heç elan edilməyəcək də.

Maraqlıdır, həqiqətdə Bakıdakı marketlər şəbəkələri içərisində ən ucuzu hansıdır?

Hazırda paytaxtda rəqabət aparan şəbəkələr bunlardır: “Araz”, “Bravo”, “Rahat” və “Neptun”.

“Neptun” və “Rahat” şəbəkəsinin genişliyinə görə “Araz” və “Bravo”ya uduzur. İkincilər daha geniş əhatə dairəsinə sahibdirlər. Həmçinin “Rahat” marketlər şəbəkəsinin bahalı olduğu haqda da təsəvvürlər mövcuddur.

Bu baxımdan ciddi rəqabətin “Araz” və “Bravo” arasında getdiyini nəzərə alaraq, müşahidələr apardıq.

“Bravo” “Araz”la müqayisədə daha yüksək xidmət təklif edir: məkanın genişliyi və müasirliyi, malların çeşidi, xidmət personalı daha mükəmməldir.

Qiymətlərdə isə bəzi hallarda ciddi fərqlər görünür və bu, birmənalı deyil. Xüsusilə gigiyenik vasitələr – sabundan tutmuş yuyucuya qədər – “Araz” marketlər şəbəkəsində daha ucuzdur. Məsələn, bəzi sabunlar “Araz” marketlər şəbəkəsində 65 qəpik olduğu halda, eyni markadan olan sabun “Bravo”da 99 qəpiyədir.

Yaxud üzqırxan: “Jilet blou-3” “Bravo” marketdə 2 manat 39 qəpiyə, “Araz” marketdə isə 2 manat 5 qəpiyədir.

Litrlik sularda da fərqlər var: “Sirab” sularının 5 litrliyi “Bravo”da 2 manat 15 qəpik, “Araz”da isə 1 manat 95 qəpiyədir və s.

Qidalarda isə vəziyyət dəyişir: ət və ət məhsulları, xüsusən kolbasa və sosis, o cümlədən bəzi şirniyyatlar, peçenyelər “Bravo”da daha münasib qiymətədir və s.

Meyvə bölümlərində də fərqlər var, çeşidinə görə fərqlənir. Xüsusən sitrus meyvələri daha keyfiyyətli və daha ucuz “Bravo”dadır, yerli meyvələr isə “Araz”da.

Qablaşdırılmış, çəkilərək hazır olan meyvələr açıq satışda olanlardan daha bahadır.

Ona görə hansısa marketin birmənalı ucuz və yaxud baha olduğunu iddia etmək çətindir.

Alıcılara məsləhətimiz: aldığınız malları kateqoriyalaşdırın və ona uyğun hərəkət edin. Məsələn, gigiyenik vasitələri “Araz”dan, qidaları isə “Bravo”dan almaq sərfəlidir.    

Xəbər xətti