Nazarbayevin müraciəti doğranıb, bu hissələr çıxarılıb – Video

GÜNDƏM bölməsi

10:14 - 19 Yanvar 2022

 Nazarbayevin müraciəti doğranıb, bu hissələr çıxarılıb – Video

Qazaxıstanın birinci prezidenti, Elbası Nursultan Nazarbayevin iğtişaşlar başlayandan tam 16 gün sonra üzə çıxması və müraciət yayması birmənalı qarşılanmayıb.

Yenipress.az xəbər verir ki, bu müraciətə qədər bir çox rus politoloq və siyasətçiləri, başda RLDP sədri Jirinovski olmaqla, N.Nazarbayevin dünyasını dəyişdiyi və gizli dəfn edildiyi haqda şayiə yaymışdılar. Bu şayiələrin genişlənməsinin qarşısını almaq üçün N.Nazarbayevin video-müraciət yayması lazım olduğu bildirilsə də, bu təkliflər vaxtında dəyərləndirilmədi.

Buna baxmayaraq, ötən gün N.Nazarbayevin müraciəti onun sağ olduğu, Nur-Sultandan kənara çıxmadığını üzə çıxartdı.

N.Nazarbayev Prezident Qasım-Jomart Tokayevə tam dəstəyini də ifadə etdi və hər hansı daxili klan savaşı olmadığını da bildirdi.

Lakin politoloqların fikrincə, N.Nazarbayevin bu sözü deməkdən başqa çarəsi olmayıb. Çünki Q.J.Tokayev baş verənlərdə birinci prezidentin komandasının günahkar olduğunu göstərməyə davam edir və N.Nazarbayevin qohumlarını və yaxınlarını vəzifədən azad edir. Bunun müqabilində N.Nazarbayevin ona dəstəyini politoloqlar “məcburiyyət” kimi qiymətləndirirlər.

Əslində isə N.Nazarbayevin bu müraciətdə sətiraltı mesaj ünvanladığı da iddia edilir. Belə ki, Tokayev son çıxışlarını yalnız rusca edir, Nazarbayev isə 16 gün sonra xalqa ilk müraciətində qazax dilində danışıb. Bunun daxili çəkişmənin və mahiyyətin təzahürü olduğu ehtimalını də irəli sürənlər var.

Rusiyanın N.Nazarbayevə kəskin münasibəti də politoloqların bu fikirlərində arqument kimi istifadə edilir.

N.Nazarbayevin çıxışında daha bir məqam onun montaj olunması ilə bağlıdır. Tanınmış televiziya jurnalisti Şöhrət Eldəniz müraciətin bir neçə kamera ilə çəkildiyi və aradakı kəsilmələrin guya kameralara keçidlə bağlı olduğu görüntüsünün yaradılmasına baxmayaraq, çıxışın ciddi şəkildə montaj olunduğunu iddia edib. O bildirib ki, görünür, hakimiyyətə nələr sərf edibsə, o hissələri də saxlayıblar. Amma deyəsən, “sərf etməyən” məqamlar həddən artıq çox olub və buna görə də çıxış az qala söz-söz montaj edilib.

 

Xəbər xətti