Putin-Əliyev-Ərdoğan üçlüyü aktivləşdi: Putinə niyə zəng edildi?

GÜNDƏM bölməsi

23:31 - 18 Yanvar 2022

 Putin-Əliyev-Ərdoğan üçlüyü aktivləşdi: Putinə niyə zəng edildi?

Azərbaycan Prezidenti İlham Əliyevin 14 yanvarda Ukraynaya səfərini bir çox politoloq “tarixi səfər” kimi qiymətləndirir.

Yenipress.az xəbər verir ki, Ukraynanın hazırda Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərində “açar ölkə” olduğunu, Kremlin bu ölkəyə hücum edəcəyi ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyatının məlumatlarının yayıldığı bir vaxtda Prezident İlham Əliyevin səfəri heyrətamiz sayıla bilər. Bu səfərdə ölkələrin ərazi bütövlüyünün xüsusi vurğulanması və Azərbaycanın bu məsələdə Ukraynaya dəstəyini tam ifadə etməsi də sıradan hadisə deyildi.

İlham Əliyev niyə bütün riskləri nəzərə alaraq, məhz indi, Ukrayna ətrafında gərginliyin pik həddə çatdığı və ABŞ-Rusiya və Rusiya-NATO danışıqlarında heç bir nəticə əldə edilmədiyi, buna görə də aqressiyanın artdığı məqamda Ukraynaya getməli idi?

Artıq bir müddətdir Rusiya prezidenti Vladimir Putinin iradəsinin ifadəçisi olan Belarus rəhbəri Aleksandr Lukaşenko yanvarın əvvəllərində İttifaq Dövlətinə Qazaxıstan və Ukraynanın da əlaqə ediləcəyi barədə qəti əminliklə fikir bildirmişdi. O demişdi ki, Ukraynanın “geri qaytarmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Rusiya-ABŞ və Rusiya-NATO görüşlərinin nəticəsizliyindən sonra Ukraynanın geri qaytarılması istiqamətində addımların atılması ehtimalı gündəmə gəlib. Bu isə müharibə ilə ola bilməz, Ukrayna ilə birbaşa danışıqlar lazımdır.

Putin bu danışıqlarda hər iki tərəfin güvəndiyi şəxsin vasitəçiliyini qəbul edə bilərdimi?

Bu, Belarus lideri ola bilməzdi. Çünki A.Lukaşenko Ukraynada birmənalı qarşılanmır və dövlət səviyyəsində də problemlər var. Krımı Rusiya ərazisi kimi tanıyan Lukaşenkonun bitərəf kimi vasitəçiliyinə heç kəs inanmaz.

Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan Rusuya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Ərdoğan həm Rusiya, həm də Ukrayna üçün etibarlı dövlət başçısı və dünya səviyyəli liderdir. Həmçinin Ukraynanın ərazi bütövlüyünü də birmənalı olaraq dəstəkləyir. Ancaq buna baxmayaraq, Ərdoğan NATO ölkəsi Türkiyənin lideridir.

Azərbaycan prezidenti isə heç bir hərbi birliyə qoşulmayan, müstəqil siyasət yürüdən, Rusiya ilə əlaqələrini müttəfiqlik səviyyəsində saxlayan, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən lider kimi tanınır. Putin Əliyevin verdiyi vədə sadiq olduğunu yaxşı bilir, Ukrayna lideri Vladimir Zelenski isə İlham Əliyevin öz ölkəsinin ərazi bütövlüyünü təmin etməsindən dolayı böyük heyranlıqla izləyir. Bir neçə dəfə isə İlham Əliyevin təcrübəsindən öyrənməyə hazır olduğunu bildirib.

İlham Əliyev isə öz təcrübəsini bölüşməyə hazırdır. Belə ki, Ukrayna ilk növbədə təsir dairəsindən çıxmalı, müstəqil siyasət yürütməli, Qərb və Rusiya ilə balanslaşmış mövqe ortaya qoymalı, hər hansı hərbi birlikdən uzaq durmalıdır ki, öz suveren hüquqlarını təmin edə bilsin. İkincisi, Rusiyanın təhlükəsizliklə bağlı tələblərinə müsbət yanaşmağı bacarmalıdır və s. Və nəhayətdə, ikitərəfli təmaslara başlamağın və Avropasız, NATO-suz, ABŞ-sız təmaslar, ikitərəfli görüşlər başlamalıdır.

İlham Əliyevin Ukraynadan döndükdən 4 gün sonra Rusiya lideri Vladimir Putinlə danışması haqda məlumat yayıldı. Az öncə yayılan informasiyada liderlərin Ukraynanı müzakirə etdiyi açıq şəkildə vurğulandı.

Bu açıqlamadan öncə isə Ukraynanın ərazi bütövlüyünə bir daha dəstəyini ifadə edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Əliyev Ukraynada idi, onunla danışacam” deməklə, qapalı görüşlərdə nələrin müzakirə edildiyi haqda əvvəlcədən məlumatlı olduğuna işarə etdiş

Belə görünür ki, Putin-Ərdoğan-Əliyev üçlüyü Ukrayna böhranının həlli ilə bağlı əhəmiyyətli addımlara başlayıblar. Vasitəçiliyi isə hər iki tərəfin güvəndiyi lider edir edir. O lider ki, Ukraynanın ərazi bütövlüyünə dəstəyini səfəri zamanı bir daha rəsmiləşdirdi.

Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımaq müqabilində İttifaq Dövlətinə cəlb edir? Bunun üçün birbaşa təmaslar başlayır?

Maraqlı proses başlayıb...

Xəbər xətti