Sədr, sürücü və xaloğludan ibarət “partiya”

GÜNDƏM bölməsi

13:05 - 18 Yanvar 2022

 Sədr, sürücü və xaloğludan ibarət “partiya”

Ölkədə ideoloji diskurs, ideoloji təşkilatlanma yoxdur və ya çox azdır deyə, siyasətdə, ictimai həyatda populizm və qeyri-peşəkarlıq meydan sulayır. Baxırsan ki, adam özünü anarxist adlandırır – amma dövlətdən pul istəyir, ya da başqa biri özünü eko-aktivist sayır, amma təyyarə biletlərinin ucuzlaşmasını istəyir, halbuki təyyarələr ekologiyaya ziyan vurur, ucuz bilet daha çox uçuş, daha çox uçuş isə daha çox ekoloji problem deməkdir, dolayısı ilə ucuz bilet istəmək ekologiyaya ziyan vurmaqdır (Mən AZAL-ın inhisarına son qoyulmasını tələb edirəm ki, qiymətlər rəqabətli mühitdə formalaşsın və bunu ekoloji məsələ kimi görmürəm, sadəcə misal olaraq yazdım, çünki dünyanın bütün ekoloji təşkilatları təyyarələrin, uçuş sayının ekologiyaya ziyan vurduğunu söyləyirlər).

Və ya həbs yatıb-çıxan keçmiş nazir guya partiya qurur, amma partiyasını yerlibazlıq və regionçuluq, hətta etnik təmsilçilik üzərinə inşa edir, elə bilir ki, ölkənin hər regionundan, hər etnik qrupdan bir tanınmış adam tapıb “siyasi buket” yığsa, cəlbedici olacaq. Çünki ideoloji bazanın, prinsiplərin, dəyərlərin nə olduğundan xəbərləri belə yoxdur.

Digər siyasi partiya özünü sağ-mərkəzçi adlandırır, amma səhərdən axşamacan “dövlət-hökumət hamıya pul paylasın” üzərinə populist təbliğat qurur, halbuki sağ-mərkəzçi partiya xalqı ələbaxan-sözəbaxan deyil də, mübariz, özünə iş quran, dövlətdən yardım yox, iş istəyən, iş qurmasına mane olan hökumətdən hesab soran toplum formalaşmasına yardımçı olmalıdır.

Başqa bir partiya isə bir sədrdən, sürücüsündən və orbazlı desək, xaloğludan ibarətdir, İnternetdə bağırmaqla 40-50 min baxış yığan kimi özü haqqında yüksək fikrə düşür, elə bilir ki, xalq bunun yanındadır, amma başına bir iş gələndə, çıxışlarına görə hakimiyyət tərəfindən haqsız, hüquqsuz olaraq həbs ediləndə məhkəməsinə heç 3 nəfər də gəlmir – bax belə bir siyasi sistemin, eybəcər ictimai münasibətlərin içində yaşayırıq.

Yazının əvvəlini oxuyub öz-özünüzə soruşsaz ki, niyə YAP haqqında bir söz yazmadım, deyim də, YAP siyasi partiya deyil, heç hakim partiya da deyil, hakimiyyətdə təmsilçiləri olan, beyinlərə təsir edə bilmədiyi üçün kiçik sayda ayaqlara təsir edən, ayaqları mobilizə edib onbaşı, yüzbaşı, minbaşı təyin edərək insanları seçkiyə, hakimiyyəti dəstəkləyən tədbirlərə, konsertlərə gətirən siyasi duruşu, ideoloji bazası, parlamentdə fraksiyası, qanunvericilik təşəbbüsləri olmayan mənasız bir qurumdur...

Natiq Cəfərli,

ReAL İH üzvü

Xəbər xətti


Digər xəbərlər