Azərbaycanda Ərdoğana qarşı kimlər çıxış edir?

TOPLUM bölməsi

21:53 - 16 Yanvar 2022

 Azərbaycanda Ərdoğana qarşı kimlər çıxış edir?

Çətin günündə sənin yanında duran, uğurunda, yüksəlişində rolu, zəhməti olan kəsin əziyyətini rahatlığa çıxdıqdan sonra unutmağın dədə-babadan bircə adı var – nankorluq!

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

O, Ərdoğana qarşı Azərbaycanda bəzilərinin çıxmasına bu cür reaksiya verib:

“Çox təəssüf ki, bizdə siyasətə makiavellizm prinsiplərindən yanaşanlar üçün nankorluq “siyasi çeviklik” nümunəsi sayılaraq, təbliğ və təqdir edilməkdə, bir çox siyasət və media adamlarımızın isə həyat kredosuna çevrilməkdədir!

Biz bunun konkret nümunəsini özünü “demokratiyanın müdafiəçiləri” sayan qərbpərəst siyasətçilərimizin və tərəfdarlarının sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətdə ifadə etdikləri mövqelərdə daha yaxşı müşahidə edə, görə bilirik: 44 günlük Qarabağ savaşının hər anında mərdcə yanımızda duran və faktiki, bu müharibənin zəfərlə yekunlaşmasında müstəsna rolu olan Türkiyə prezidenti cənab Ərdoğanı indi ölkəmizdəki bir sürü nankor, Qazaxıstan hadisələrini bəhanə edərək, “avtoritar”, “diktator” epitetləriylə ittihama başlayıblar!”

Politoloqun xatırladıb ki, erməninin qorxusundan 30 ildir dədə-babasının qəbrinin yerini belə unudan bəzi özünüitirmişlər, onların görməli olduğu işi gördüyünə görə Ərdoğana minnətdar olmaq əvəzinə, qoşulublar Qərbin yedirib-bəslədiyi bu agentura şəbəkəsinə:

“20 ildir rəhbərlik etdiyi bir partiyada bircə demokratik seçki keçirə bilməyənlərin, QHT-sində, qəzetində və saytında ən böyük avtoritar, oğru və əxlaqsız olanların əsas ittihamları da budur ki, Türkiyənin liderlik etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) rəhbərlərinin hamısı diktatordur, Putinin tapşırıqlarını yerinə yetirirlər, demokratik yolla seçilməyiblər və s.

Adamlar nankorcasına unudublar ki, Qarabağ savaşında bizimlə eyni səngərdə duran, düşmənimizi düşməni bilib onunla vuruşan o “diktator” adlandırdıqları Ərdoğanın rəhbərlik etdiyi Türkiyə oldu, ABŞ və Avropa Birliyi, “demokratik” seçilmiş Bayden və Makron yox!

2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkiləri təkcə Türkiyənin yox, o cümlədən Azərbaycanın da taleyinə təsir göstərəcək ən mühüm hadisə olacaq. Kim Azərbaycanın uğurunu istəyirsə, əminəm ki, onlar birmənalı olaraq Ərdoğanı dəstəkləyəcəklər; kim Azərbaycana qarşıdırsa, onlar da Ərdoğanın qarşısında yer alacaqlar!

Dostu, düşməni ayırdetmənin növbəti “qırmızı xətt”i budur!

Gəlin, nankorların sırasında yer almayın! Hər kəsdən əvvəl, Allah bunu bizə bağışlamaz!”

Xəbər xətti