Ermənistanda dəqiq mina xəritələri yoxdur - Hüseynov

SİYASƏT bölməsi

14:46 - 1 Fevral 2024

 Ermənistanda dəqiq mina xəritələri yoxdur - Hüseynov

Ermənistan hakimiyyətində ciddi və dəqiq mina xəritələri yoxdur. Bir vaxtlar Bakıya verdikləri mina xəritələri də etibarsız çıxdı.

Bu sözləri Yenipress.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Ermənistan və Azərbaycan nümayəndə heyətinin sərhəd görüşündə mina xəritələrinin veriləcəyi ilə bağlı yayılan məlumatların yalan çıxmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Bakıya dəqiq və səlis xəritə verə bilməyəcək: 

“İrəvanda dəqiq mina xəritəsi yoxdur. Burada bəzi texniki səbəblər də var. Bir dövrdən sonra torpaq sürüşməsi nəticəsində minalar yerini dəyişə bilir. Döyüş zamanı erməni ordusu qaçanda xaotik minalar səpir və onun dəqiq xəritəsi olmur. Xəritə məsələsi, sadəcə, müzakirənin bir bəndidir. Ermənistan və Azərbaycan arasında əsas və prinsipial məsələ sərhəd, Azərbaycanın anklav kəndləri, Qazaxın 7 və Naxçıvan istiqamətindəki Kərki, Zəngəzur dəhlizinin açılmasıdır”.

Politoloqun sözlərinə görə, Ermənistanın qeyri-dəqiq mina xəritələri ilə Bakı ilə alver etməsi və ya bundan təzyiq vasitəsi kimi istifadəsi mümkün deyil:

“İrəvanın bu kimi vasitələrlə Azərbaycana təzyiq göstərməsi mümkün deyil. Nəinki Ermənistan, heç onun Fransa kimi havadarı da Bakıya təzyiq edə bilməz”.

Qeyd edək ki, Ermənistan KİV-də dünən keçirilən sərhəd görüşündə yeni mina xəritələrinin Azərbaycan tərəfə təhvil veriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Lakin ermənilər günün sonunda bu xəbəri təkzib ediblər.

Vüsalə İsgəndərova

Xəbər xətti


Digər xəbərlər