Mühacir çeçenlər Rusiyaya qarşı savaşa gəlir: qardaş qırğını dərinləşir

GÜNDƏM bölməsi

23:30 - 27 Fevral 2022

 Mühacir çeçenlər Rusiyaya qarşı savaşa gəlir: qardaş qırğını dərinləşir

Ukraynanın işğala qarşı müqaviməti genişləndikcə Rusiya ordusu azğınlaşacaq, mülki əhali arasında itkilər artacaq. İndinin özündə də işğalçılar hara gəldi atəş açırlar, ölənlər arasında soydaşlarımız da var. Türkiyənin köşə yazarlarından biri Putinin hazırki halını doğru xarakterizə edib: “Putin əvvəllər siyasi gedişlərində şahmat oynayırdı, addımlarını ölçüb-biçərdi, indi isə zər atmağa başlayıb, “sonunu düşünən qəhrəman olmaz” (“Kurtlar vadisi” serialının qəhrəmanı Polad Alemdarın əsas tezisi – red.) deyib, məhəllə uşağı kimi nəticəsini hesablamadığı oyuna girişib”.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsi haqda qeyd edib.

O bildirib ki, Vladimir Putin 3 slavyan xalqı düşmən etməklə kifayətlənməyib, çeçenləri də ukraynalılarla düşmən etmək fikirinə düşüb:

“Putinin Çeçenistandakı canişini Ramzan Kadırov şəxsi alayını Kreml sahibinin əmri ilə ukraynalıları öldürmək üçün işğala şərik edib. Putin bu yolla millətçi ukraynalılardan və çeçenlərdən intiqamını almış olur. 1990-cı illərin əvvəllərində millətçi ukraynalılar çeçen mücahidlərlə çiyin-çiyinə Rusiya ordusuna qarşı savaşırdılar. Putin bunu unutmadı və indi vaxtilə bir-birinə dəstək verən iki xaqlı qəsdən üz-üzə qoyub. Ancaq Putinin hesaba almadığı gedişat ola bilər. Ukrayna ordusuna qoşulmaq istəyən çeçenlər də var. Onların bir qismi Ukraynada, digərləri Avropada yaşayırlar. Çeçen mücahidlərinin mühacirətdəki lideri Əhməd Zakayev Zelenskiyə hərbi əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib. Zakayev Çeçenistanı məcburi tərk etmiş çeçen könüllülərin Rusiyaya qarşı vuruşa biləcəklərini bildirib. Yəni Ukraynada çeçenlər çeçenlərlə savaşacaq. Bu da ayrı dərdə çevriləcək”.

Xəbər xətti


Digər xəbərlər