Təbrizdə su üsyan ola bilər

DÜNYA bölməsi

13:33 - 7 Avqust 2023

 Təbrizdə su üsyan ola bilər

İyulun 31-dən Təbrizin 24 məhəlləsi və şəhərin ətraf bölgələrində içməli su verilişinin dayandırılması geniş etirazlara yol açıb.

Yenipress.az xəbər verir ki, son bir həftə ərzində bir neçə dəfə baş tutan etiraz aksiyaları avqustun 6-ı gecə saatlarında daha da genişlənib.

Şəhərin Bağmeşə və Abbasi küçələrində minlərlə insan küçələrə çıxaraq “Su istəyirik” şüarları ilə etiraz aksiyaları keçiriblər.

Yerli media və təbrizli sosial media istifadəçiləri hakimiyyətin və əlaqədar qurumların problemin həllinə ciddi yanaşmadıqlarını qeyd edir, bunun yeni kütləvi etiraz aksiyalarının başlamasına səbəb ola biləcəyini yazırlar.

Onlar bundan öncə su kəsintilərinə görə, 2021-ci ilin iyun ayında Xuzistan əyalətində başlayan və qısa müddət ərzində başqa əyalətlərə də yayılan “Su üsyanı”nı xatırladıblar.

"Təbrizlilərin səbrini bundan artıq sınamağa cəsarət etməyin. Xuzistanda baş verən və onlarla insanın həyatı bahasına başa gələn su üsyanını xatırlayın. Təcrübə göstərib ki, azərbaycanlılar təmkinli olduqları qədər də üsyankardırlar", - sosial media istifadəçisi yazıb.

Avqustun 6-ı gecə baş tutan etiraz aksiyasından sonra yüzlərlə belə paylaşımlar edilib, hakimiyyətə və onun yerli nümayəndələrinə xəbərdarlıq edilərək onları vətəndaşları küçələrə axışmağa məcbur etməməyə çağırılıblar.

Təbrizdə davam edən su kəsintiləri və etiraz aksiyalarının davam etməsi ilə eyni vaxtda İran Su və Kanalizasiya Şirkətinin başçısı Atabəy Cəfəri bu şəhərə gəlib.

O, Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadə və Şərqi Azərbaycan Su və Kanalizasiya İdarəsinin rəsmisi Məhəmməd Xani ilə birlikdə Təbrizin əsas su təminatçısı olan Nəhənd su anbarına baş çəkib.

Onlar problemin həlli ilə bağl tədbirlər görmək əvəzinə, su kəsintilərinin Nəhənd su anbarında su ehtiyatının tükənməsi və təbrizlilərin son günlər sudan daha çox istifadə etməsi ilə əlaqələndirib, vətəndaşları günahkar çıxarmağa çalışıblar.

Bu, vətəndaşları daha da qəzəbləndirib. Onlar sosial mediadakı paylaşımlarında bunu hakimiyyətin təbrizlilərə qarşı laqeyd və hörmətsiz münasibəti kimi dəyərləndiriblər.

İran Su və Kanalizasiya Şirkətinin başçısının Təbrizə səfərindən bir neçə gün öncə Məhəmməd Xaninin Təbrizin su probleminin avqustun 4-də həll olunacağı ilə bağlı vədlərinin özünü doğrultmaması da narazılıqların artmasına səbəb olub.

Təbrizdə su kəsintilərinə qarşı etirazlarla eyni vaxtda Şərqi Azərbaycan əyalətinin başqa bölgələrində də oxşar problemlərin yaşandığı barədə mumatlar yayılıb.

Heris bölgəsində 72 saat ərzində yalnız 20 dəqiqə su verildiyi, əhalinin suya olan ehtiyaclarını səyyar su tankerləri vasitəsilə baha qiymətə uzaq bölgələrdən gətirməklə təmin etdikləri bildirilib.

Problemin və narazılıqların genişlənməsi dövlətə bağlı bir sıra media orqanlarının da materiallar dərc etməsinə və etiraz aksiyalarının genişlənəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq etmələrinə səbəb olub.

Hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su çatışmazlığı yaşanır. Su qıtlığına görə 360 kənd tamamilə boşalıb.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında su qıtlığına görə Xuzistan başda olmaqla İranın bir neçə əyalətində geniş etiraz aksiyaları keçirilib. Etiraz aksiyaları zamanı ondan çox Xuzistan ərəbi öldürülüb, yüzlərlə insan həbs olunub.

Xəbər xətti


Digər xəbərlər