İranın Argentinada törətdiyi terror aktı: 85 ölü, 300 yaralı

DÜNYA bölməsi

14:45 - 18 İyul 2023

 İranın Argentinada törətdiyi terror aktı: 85 ölü, 300 yaralı

Bu gün Latın Amerikasının müasir tarixində İran və ona bağlı qüvvələr tərəfindən həyata keçirilən ən böyük terror aktının ildönümüdür.

Yenipress.az xəbər verir ki, 18 iyul 1994-cü ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində İrana bağlı terrorçuların Yəhudilərin Yardımlaşma Mərkəzi binasına qoyduqları bombanın partlaması nəticəsində 85 yəhudi ölüb, 300-dən çox yəhudi isə yaralanıb.

MOSSAD-ın 2022-ci ilin iyulunda dərc etdiyi hesabata görə, partlayış Livan Hizbullahının gizli bölməsi tərəfindən həyata keçirilsə də, terror əməliyyatının maliyyələşdirilməsi, lazım olan avadanlıqların təmini və terrorçuların təlimatlandırılmasını İran hökuməti həyata keçirib.

Argentina bu partlayışla bağlı ətraflı araşdırma apardıqdan sonra terror aktının Tehranda planlaşdırıldığını, Emad Muğniyənin komandanlığı altında Livan Hizbullahı tərəfindən həyata keçirildiyini açıqlayıb.

Bu açıqlamadan sonra 2019-cu ildə Argentina hökuməti Livan Hizbullahını sui-qəsd əməliyyatında İranın şəriki kimi tanıyıb və bu qurumun adını terror təşkilatları siyahısına salıb.

2007-ci ilin martında, partlayışdan təxminən 13 il keçdikdən sonra Argentina Baş Prokurorluğu İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti də daxil olmaqla 9 nəfərin Beynəlxalq Polis tərəfindən həbsinə order verib.

Hazırda İranda yüksək vəzifə tutan və axtarışa verilən başqa 6 nəfər aşağıdakılardan ibarətdir:

Əli Fallahian (o vaxtkı təhlükəsizlik və kəşfiyyat naziri)

Möhsün Rzai (o zaman SEPAH-ın baş komandanı)

Əhmədrza Əsgəri (İranın Argentinadakı səfirliyinin keçmiş üçüncü katibi)

Əhməd Vahidi (SEPAH Qüds Qüvvələrinin keçmiş komandanı, hazırkı daxili işlər naziri)

Möhsün Rəbbani (İranın Argentinadakı səfirliyinin keçmiş mədəniyyət müşaviri)

Emad Muğniyə (Livan Hizbullahının xüsusi əməliyyat qərargahının rəhbəri).

Qeyd edək ki, hazırda Argentinada 230 min yəhudi yaşayır. Bu ölkə İsraildən kənarda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkədir. Ona görə də Argentina daima İranın terror hədəflərindən biri olub.

Xəbər xətti


Digər xəbərlər