Qiymət artacaq: dövlət şərait yaratmalıdır - Ekspert

GÜNDƏM bölməsi

13:52 - 5 May 2023

 Qiymət artacaq: dövlət şərait yaratmalıdır - Ekspert

Kənd təsərrüfatı plantasiyaları illərdir problemli olaraq qalır. Bəzi bağlarda bu proses artıq başlayıb. Lakin xüsusilə Mil-Muğam bölgəsində pambıq, buğda, taxıl və digər əkinlər sahələri sığortalanmır. Ona görə də problemlər yaşanarkən kəndli çox ağır vəziyyətə düşür.

Bu sözləri Yenipress.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov Aqrar Sığorta Fondu tərəfindən sığortalanan meyvə bağları və əkin sahələrinə dəyən zərərə görə ödəniş edəcəyi haqda danışarkən deyib.

E.Hüseynov bildirib ki, təbiət hadisələrinə görə təsərrüfat sahələrinə dəyən ziyanın məhsul qıtılığına səbəb olacağı qaçılmazdır:

“Bu səbəbdən qiymətlər də artacaq. Ona görə dövlət bazarda normal vəziyyətin yaranması üçün şərait yaratmalıdır. Görünür ki, bəzi mallar üçün xaricdən də idxal artacaq və belə olan halda da şübhəsiz ki, qiymət artımı baş verəcək”.

Qeyd edək ki, apreldə hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsinə görə respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Buna görə bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondu rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıb.

Yenipress.az

Xəbər xətti