İsa Qəmbər üzr istəməliydi, bacarmadı

GÜNDƏM bölməsi

21:36 - 30 Aprel 2023

 İsa Qəmbər üzr istəməliydi, bacarmadı

Bəziləri yazır ki, İlkinə görə İsa Qəmbərə qarşı əks-təbliğat kampaniyasına start verilib. Bu, ədalətsizlikdir. Bu hücumlara görə iqtidarı suçlayanlar da var...

Bir anlığa təsəvvür edin ki, qondarma erməni soyqırımını İlkin Qəmbər yox, gənc Heydər Əliyev tanıyıb. Ermənilər üçün toy-bayramdır, yallı gedirlər. Onda bizim müxalifət nə deyəcək? Deyəcək ki, yox, bu işdə İlham Əliyevin günahı yoxdur. Nə tez yadınızdan çıxdı. İlham Əliyev Azərbaycan torpaqlarını erməni işğalından xilas edən Ali Baş Komandandır. Ata oğluna görə cavabdeh deyil...

Müxalifətin belə bir alicənab davranış sərgiləyəcəyini təsəvvür etmək belə çətindir. Mən əminəm ki, nəinki müxalifət, eləcə də geniş xalq kütlələri gənc Heydər Əliyevi unudub birbaşa İlham Əliyevi topa tutardı...

Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut bəy belə bir addım atsaydı, dağ yerindən oynayardı. Atası Turan davası aparsın, balası erməniyə qəyyumluq etsin. Allah bizi belə şeylərdən saxlasın...

İlkin Qəmbərin dediyi ona görə bu qədər etiraz doğurur ki, o, İsa Qəmbərin oğludur. Yoxsa qondarma erməni genosidinə dəstək verən o qədər manqurt azərbaycanlı var ki. İlkin Qəmbər də onlardan biri...

Yəni gənc Heydər Əliyevin babası Heydər Əliyev, atası İlham Əliyev, anası Mehriban Əliyeva olmasa, onun bu tipli xəyali bəyanatı elə bir toz-tozanaq qoparmaz. Yəni bu fikir Ərturqut bəy üçün də keçərlidir. AXCP səri Əli Kərimlinin oğlu Türkel bəy də bu sırada yer alır...

Bəli, övladlara görə valideynlər hüquqi məsuliyyət daşımır. Ancaq valideynin övlada görə mənəvi məsuliyyətdən kənarda qalması qətiyyən mümkün deyil...

Yazmışdım, bir daha yazıram. Xəyanət yolu tutan, milli və dövlət maraqlarını qranta satan yaramaza görə heç bir valideyn yaxasını kənara çəkməməlidir. İstər bu İsa Qəmbər olsun, istərsə də İlham Əliyev və digərləri. Fərq eləməz...

Biz elə etməliyik ki, bizim övladlarımız bütün varlığı ilə Azərbaycana bağlı olsun. Ən kritik məqamda öz ölümünü şərəflə qəbul etsin, ancaq öz vətənini yabançıya satmaq haqqında düşünməsin də...

Yenə deyirəm: İsa Qəmbər böyük siyasi xadimdir. Azərbaycanı sevən adamdır. Azərbaycanda İsa Qəmbər səviyyəsində 1-2 siyasətçi ola, ya olmaya. Ancaq bu kimi amillər İlkin Qəmbərin vətənə xəyanətinə bəraət qazandıra bilməz...

Mən ona da təəssüf edirəm ki, İsa Qəmbər oğlunun hərəkətinə münasibət bildirərkən yanlış mövqedən çıxış etdi. Mənim tanıdığım İsa Qəmbər təxminən belə deməliydi: Qondarma erməni genosidi məsələsinə mənim münasibətim bəllidir. Təəssüf ki, bu məsələ ilə bağlı oğlum atasının rəyindən 180 dərəcəlik fərq sərgilədi. Düşünürəm ki, Kanadada yad və yabançı siyasi cərəyanların təsiri ilə oğlumun düşüncəsində ciddi dəyişikliklər baş verib. Mən və xanımım İlkinin bu hərəkətinə görə son dərəcə məyusuq. Övladımızın davranışına görə mənəvi məsuliyyət daşıdığımızın fərqindəyik. Elə ona görə də İlkinin soydaşlarımız tərəfindən qəzəblə qarşılanan bu fikrinə görə Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, tezliklə İlkin ciddi xətaya yol verdiyini dərk edəcək. O da mənsub olduğu xalqdan üzr istəyəcək. Bu, nə qədər tez olsa, bir o qədər yaxşı olar. Fürsətdən istifadə edib Azərbaycan gəncliyinə üz tuturam. İlkin kimi düşmən təbliğatına uymayın. Bilin ki, erməni soyqırımı qondarma bir iddiadır. Əksinə, ermənilər Türkiyədə və Azərbaycanda, hətta Orta Asiyadakı türk ellərində kütləvi türk qətlləri törədib...

Əminəm ki, belə bir münasibət xalq tərəfindən rəğbətlə qarşılanardı. Nə yazıq ki, İsa Qəmbər əvvəlki İsa Qəmbər deyil. Əvvəlki olsaydı, əleyhinə olan situasiyanı öz lehinə çevirərdi. Bacarmadı...

Birmənalı olan odur ki, Azərbaycanın siyasi elitasına daxil olan ailələrin övladları daha məsuliyyətli olmalıdır. Demokratiya nağıllarına aldanıb erməniyə nökərçilik etməli deyillər. Unutmayaq ki, bizim əcdadlarımız dünyanın sahibi olub. Qitələrə hökm edib. Erməni kimdir ki, bizim övladlarımız onlara boyun əysin...

Elbəyi Həsənli

Xəbər xətti


Digər xəbərlər