Azərbaycan dövlətinin Araikin qızının “üçgünlüyünə” hədiyyəsi...

SİYASƏT bölməsi

12:47 - 26 Aprel 2023

 Azərbaycan dövlətinin Araikin qızının “üçgünlüyünə” hədiyyəsi...

Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasında 20 apreldə separatçıların lideri Araik Arutyunyan qızına toy etdi.

Bu toyla bağlı uzun müddət idi müzakirələr gedirdi: toyun İrəvanda keçiriləcəyi, artıq qonaqların dəvət olunduğu və s. kimi siyasi-maqazin-şou xəbərləri yayılırdı.

Nəticədə Araik Arutyunyan Xankəndidə, 20 apreldə məhdud dairədə qızına toy etdi.

Erməni mediası iddia etdi ki, Araik qızına dəbdəbəli cehiz də alıb və onu rus sülhməramlıların yük maşınları ilə Xankəndiyə daşıyıb. Cehizə xərclədiyi bir yana, onun Xankəndiyə daşınması üçün də Araik rus sülhməramlılara yaxşıca “yolhaqqı” ödəmişdi.

Bu, Araikin Bakıya qarşı həm də informasiya savaşı sayıla bilərdi. Azərbaycanın inteqrasiya tələblərini rədd edən separatçılar Xankəndidə toy edir, gəlin köçürür, hətta dəbdəbəli cehiz də qoşurlar.

Azərbaycan bu çağırışı dərhal qəbul etmədi, ancaq Araikin qızının “üçgünlüyünə” “hədiyyə göndərməyi” də unutmadı. 23 apreldə DSX Laçın yolunun girişinə, Həkəri çayının düz üstündə sərhəd-buraxılış məntəqəsi tikməklə, Xankəndiyə bütün qanunsuz daşımaların qarşısını almaq yolunda əhəmiyyətli addım atdı.

Bu, Arutyunyanın inadına Azərbaycanın cavabı idi.

20 aprel yəqin ki, Xankəndidə separatçıların inadına keçirdiyi dəbdəbəli toy mərasiminin son günü olaraq tarixə keçəcək...

Yenipress.az

Xəbər xətti