İlham Əliyev Mehdiyevin kadrları barədə də ölçü götürməlidir - İqbal Ağazadə

GÜNDƏM bölməsi

15:42 - 15 Fevral 2022

 İlham Əliyev Mehdiyevin kadrları barədə də ölçü götürməlidir - İqbal Ağazadə

Ramiz Mehdiyevin yaşında olan adamların işləməsinin ümumiyyətlə, əleyhinəyəm. O yaşda adamlar təqaüd alsınlar, nəvə-nəticələri ilə oynasınlar. Dünyanın heç bir yerində 75-85 yaşında olan insanlar işləmirlər.

Yenipress.az xəbər verir ki, bu sözləri Bakupost.az-a Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Ramiz Mehdiyevin istefası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, AMEA cərimə batalyonu funksiyasını daşıyır, vəzifəsindən vurulanlar akademiyaya göndərilir:

“R.Mehdiyev, yaşı 70-dən yuxarı olan alimlərin böyük əksəriyyəti gedib məsləhət versinlər, elmi rəhbər olsunlar. İnstitut direktoru, akademiyanın prezidenti, vitse-prezidenti... yəni, bunlara ehtiyac yoxdur. Struktur dəyişkliyinə gəldikdə isə, AMEA bütövlükdə dəyişməlidir. AMEA praktik sahələrlə əlaqəsini yeni mərhələdə qurmalıdır. Eyni zamanda, elmə sifariş olmalıdır. Elmə sifarişi də praktik sahələr müəyyənləşdirir. Azərbaycanın işlək dövlət strukturları var ki, onlar elmə sifariş verməli və vəsait ayırmalıdırlar. Məsələn, Təhsil Nazirliyi humanitar sahə üzrə tariximizin bu dövrünün tədqiq olunması üçün vəsait ayırmalı, alimlərə yaxın üç il ərzində sifariş verməlidir ki, bu sahə, bu elmi işlər tədqiq olunsun. Adamlar onu tədqiq edib həm elmi dərəcə, həm də pul ala bilərlər”.

Partiya sədrinin fikrincə, hazırda Azərbaycanda alim bir qəpiyin yiyəsi deyil:

“Dünyada elm ona görə elmdir ki, insanlar onun nəticəsindən pul alırlar. Bizdə isə adam özü üçün müdafiə edir, sonra 50-100 manat maaşına əlavə edirlər.

Dövlət Neft Şirkəti neftdən yeni məhsulların, daha keyfiyyətli yanacaq növlərinin alınması ilə bağlı niyə Akademiyaya sifariş verməməlidir? Köhnə 30-50-ci illərin işlərini götürüb təkrar-təkrar müdafiə etmək nəyə lazımdır? Ümumiyyətlə, mən Kommunist Partiyasının ideoloji katibi olmuş adamın müstəqillik dövründə vəzifə tutmasının tərəfdarı deyildim. Ramiz Mehdiyev də belələrindən idi. Çünki o, bir ideologiyanın içərisində böyüyüb. Təəssüf ki, hakimiyyətin yanaşması belədir. Biz heç nə edə bilmərik”.

İ. Ağazadənin, mövcud hakimiyyətin idarəetmə prinsipləri ilə AMEA-ya münasibətin dəyişəcəyini güman etmir:

“Vəzifəsindən vurulanlar ya akademiyaya, ya da diplomatiyaya gedir. AMEA cərimə batalyonu funksiyasından çıxarılmalı, nəhayət elm mərkəzinə çevrilməlidir. Niyə vəzifəsindən vurulan hər kəs akademiyaya gedir? Hakimiyyət o adamları özünə müxalif yetişdirməsin deyə akademiyayamı göndərir? Adam vəzifədə işləyib, ondan sonra da çıxıb getsin. Hökmən gedib akademiyadamı oturmalıdır? 10 illərlə nazir işləmiş adam gedib masa arxasında oturub elmlə məşğul olmayacaq. İnzibati işlə məşğul olan adam elmlə məşğul olmayacaq”.

Partiya sədri bildirib ki, İlham Əliyev hökuməti Ramiz Mehdiyevin kadrları barədə də ölçü götürməlidir:

“Hakimiyyət Ramiz Mehdiyevin kadrları məsələsini də düşünməli və gözdən keçirməlidir”.

Xəbər xətti


Digər xəbərlər