Rusiyanın hücum edəcəyi tarixi ABŞ necə dəqiq bilir?

SİYASƏT bölməsi

14:30 - 12 Fevral 2022

 Rusiyanın hücum edəcəyi tarixi ABŞ necə dəqiq bilir?

Son bir neçə gündə artıq bir çox ölkənin xarici işlər nazirlikləri Ukraynadakı vətəndaşlarına ölkədən çıxmaqla bağlı çağırış edib. Hətta İsrail ötən gündən diplomatlarının ailələrini Ukraynadan təxliyə etməyə başladığını bildirib.

Yenipress.az xəbər verir ki, Rusiyanın Ukraynadakı diplomatlarını əhəmiyyətli şəkildə azaltması və yaxud onları tədricən ölkədən çıxarması haqda bu gün yayılan məlumat isə daha ciddidir. Rusiya öz diplomatlarını Ukraynadan çıxarırsa, demək, ciddi eskalasiya gözlənilir.

Britaniya müdafiə nazirinin ötən gün Moskvada olması və Rusiya müdafiə naziri ilə görüşməsi, “Rusiya Ukraynaya hücum etməyəcəyi təminatını verdi” sözləri də bu çağırışları dayandırmayıb. Əksinə, ABŞ başqa olmaqla, bəzi Qərb ölkələri Rusiyanın hücum edəcəyi tarix haqda artıq məlumat da yayıblar.

Bu məlumatlardan ən diqqətçəkəni Rusiyanın Pekin Olimpiadasının davam edəcəyi müddətdir. Belə ki, ABŞ Dövlət katibi Blinken Rusiyanın 20 fevral tarixinə – Pekin Olimpiadası başa çatana qədər hücum edə biləcəyini istisna etməyib.

Bu ehtimalın yaranmasına isə hazırda Rusiya-Belarus hərbi təlimləridir. Bu təlimlərə 30 mindən çox qüvvə və ən müasir hərbi texnikalar cəlb edilib. Ehtimala görə, təlimlər zamanı hücum əmri də verilə bilər. Təlimlər isə 20 fevrala qədər davam edəcək.

Politoloq Elxan Şahinoğlu ehtimal edir ki, ABŞ və digər Qərb ölkələrinnin rəsmiləri Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq göstərə bilirlərsə, bunun tək izahı var: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər: “Keçmiş kəşfiyyatçı olan Rusiya prezidenti də bunu anlamamış deyil”.

Beləliklə, Rusiyanın hücum edəcəyi ilə bağlı məlumatın informasiya savaşı, yaxud kəşfiyyat məlumatı olduğu mübahisələndirilməkdədir. Ukraynadan vətəndaşlarını çıxaran ölkələrin sayının artması isə ikinci ehtimalı gücləndirir.

Xəbər xətti


Digər xəbərlər