SOCAR-da nə baş verir? – 23 hüquqi, 4 qeyri-hüquqi qurum...

GÜNDƏM bölməsi

13:24 - 11 Fevral 2022

 SOCAR-da nə baş verir? – 23 hüquqi, 4 qeyri-hüquqi qurum...

SOCAR-ın əsas problemi kadrlar deyil. Təbii ki, kadrlar da vacibdir, amma onlar hər şeyi həll etmir, edə də bilməz. Ümumiyyətlə, Stalinin “Kadrlar hər şeyi həll edir” yanaşmasını kənara qoymaq lazımdır, əsas sistem, effektiv idarəetmə mexanizmidir.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli SOCAR rəhbərliyindəki dəyişikliklərə münasibətində qeyd edib.

O bildirib ki, SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla, hüquqi şəxs statusuna malik 23 (!), qeyri-hüquqi şəxs statusuna malik 4 (!) qurum fəaliyyət göstərir:

“Azneft İstehsalat Birliyi, Azərbaycan Neft Təsərrüfatı Jurnalı, Azərikimya İstehsalat Birliyi, Azəriqaz İstehsalat Birliyi, Bakı Ali Neft Məktəbi, Ekologiya İdarəsi, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Heydər Əliyev adına Neft Emalı Zavodu, Karbamid Zavodu, Kompleks Qazma İşləri Tresti, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Neft-Qaz Emalı Neft Kimya Kompleksi, Neft Kəmərləri İdarəsi, Neftqazelmitədqiqatlayihə İnstitutu, Neftqaztikinti tresti, Nəqliyyat İdarəsi, Qaz Emalı Zavodu, Qaz İxrac İdarəsi, SOCAR Metanol Zavodu, Sosial İnkişaf İdarəsi, Sənaye Təhlükəsizliyi İdarəsi, Sərmayələr İdarəsi, Təhlükəsizlik İdarəsi, Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Əmək şəraiti normalarının işlənməsi idarəsi...

Belə struktur, belə idarəetmə olmaz – SOCAR idmandan tutmuş təhsilə, mətbuata, səhiyyəyə, ekologiyaya qədər hər şeylə məşğul olmağa çalışır, hamısı da əlavə xərc, əlavə pul yeyintisidir. Hətta qeyri-neft ixracının lideri də SOCAR-dır – tragikomediyadır”.

Ekspert bildirib ki, SOCAR-da ilk görüləcək iş struktur islahatları olmalı, neft-qaz hasilatından və emalından başqa bütün sahələr SOCAR-dan alınmalıdır:

“Növbəti addım şəffaflığın artırılmasıdır – həm ölkə daxilində, həm də xaricdə olan aktivlərin gəlirləri və xərcləri ilə bağlı şəffaf məlumatlandırma olmalıdır. Korrupsiyanı doğuran əsas amil qeyri-şəffaf idarəetmə modelidir, SOCAR isə ilk yaranan gündən korrupsiya yuvasına çevrilmişdi.

Daha bir mühim məsələ maraqlar toqquşmasını ləğv etməkdir: Təsəvvür edin ki, Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri, həm SOCAR-ın da daxil olduğu İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvüdür, həm də qanunvericiliyə görə Tarif Şurasının rəhbəridir. Düşünün ki, sabah qaz, benzin tariflərinin artırılması ilə bağlı qərar olsa, SOCAR-ın rəhbəri Mikayıl müəllim, Tarif Şurasının rəhbəri Mikayıl müəllimə müraciət etməlidir ki, tariflər artırılsın – belə sistem ola bilməz, olmamalıdır...”

Xəbər xətti


Digər xəbərlər