Ermənilərə istənilən imkan yaradılır, bizə isə… – Süleymani

GÜNDƏM bölməsi

18:43 - 27 Fevral 2023

 Ermənilərə istənilən imkan yaradılır, bizə isə… – Süleymani

Xocalı faciəsi həqiqətən bizim tariximizdə böyük bir hadisədir. Təəssüf ki, onu dünya miqyasında lazımınca tanıda bilməmişik. Hətta İranda millətimiz bu haqda geniş bilgiyə malik deyil. Bunu kütləyə tanıtmağa İran fars rejimi imkan verməyib.

Bu sözləri Yenipress.az-a Amerikada yaşayan güneyli milli fəal Əli Süleymani deyib.

“Azərbaycanda baş verən olayları, xüsusilə də Xocalı faciəsini millətimizə tanıtmağa imkan verilməyib. Milli fəallarımızın arasında geniş yayılsa da, təəssüf ki, kütlə bu barədə ətraflı tanış deyil. Ermənilər üçün hərtərəfli fəaliyyət göstərməyə imkan verirlər. Onlar öz dilində oxuyur, məktəbləri var, jurnalları çap olunur, amma azərbaycanlılara heç vaxt bu imkanı verməyiblər. Hətta ermənilər Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirə bilirlər. Paşinyan gələndə bizə qarşı şüarlar səsləndirməyə imkan yaradıldı. O cümlədən, televiziyada bunun yayımlanmasına belə razı olmuşdular. İran hakimiyyətinin siyasəti həmişə anti-Azərbaycan olub. Daxildə Xocalını yad etməyə imkanlarımız məhdudlaşdırılsa da, xaricdə biz-güneylilər tədbirlər keçiririk”.

Milli fəal hesab edir ki, əsrin dəhşətli hadisəsi olan Xocalı faciəsini tanıtmaq üçün diasporamızın üzərinə böyük yük düşür:

“Keçən il Amerika universitetlərində ermənilər imzatoplama kampaniyası keçirib, təbliğ etməyə çalışırdılar ki, guya azərbaycanlılar onlara qarşı soyqırım həyata keçirib. Azərbaycanlı tələbələr, mənim qızım da daxil olmaqla, onların elektron adresinə bir-bir məktub yazıb, buna etiraz etmişdi. Quzey və Güneydən olan tələbələr səfərbər olub, internetdən böyük çətinliklə, Xocalı faciəsi ilə bağlı şəkillər tapıb, bu universitetlərin elektron ünvanlarına göndərdilər. Məktuba cavab yazanlar Xocalı ilə bağlı məlumatsız olduqlarını deyib, üzr istəyirdilər. Düşünürəm ki, Azərbaycan dövləti bu faciə haqqında geniş məlumat yaymalıdır. Amerika televiziyalarında bununla bağlı verilişlər hazırlanmalıdır. Yəni, Azərbaycan Amerika cəmiyyətinə baş verən olayları geniş yaymalıdır. Diasporumuzda təşəbbüs yoxdur və bu işlərə lazımınca maraq göstərmir. Hansı səbəbdən bu belədir, bilmirəm. Texasda minlərlə azərbaycanlı var, amma onların toplaşmağa bir yeri yoxdur. Toplaşa bildiyi yerlərdə isə azərbaycançılıq ruhu yoxdur. Dünyanın hər yerinə azərbaycanlılar yayılıb. Biz onların hər birinə bir elçi kimi baxıb, dəstəkləməliyik. Bizim təşkilatçılığımız yoxdur və bu da maarifçiliklə məşğul olmağımıza mane olur. Odur ki, belə faciələri tanıtmağa və ermənilərin təbliğinin qarşısını almağa nail ola bilmirik. Xüsusilə də Amerikada ermənilər çoxdur. Güclü təşkilatlanıblar və bir-birini dəstəkləyirlər”, - deyə o bildirib.

Vüsalə

Xəbər xətti