İdxaldan asılıyıq, inflyasiya ilə bacarmırıq - Prezident doğrunu dedi

İQTİSADİYYAT bölməsi

13:16 - 11 Yanvar 2023

 İdxaldan asılıyıq, inflyasiya ilə bacarmırıq - Prezident doğrunu dedi

Prezident İlham Əliyev dünən yerli kanallara verdiyi müsahibədə dedi ki, hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, doğrudan da ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növündə 100% idxaldan asılıdır:

“Sual yaranır: 30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib?

Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki ölkədən, indiki hökumətdən asılıdır! Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki ABŞ, Avropa, dünya təyin etmir – deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik.

Ölkə əhalisi gəlirlərinin 55%-ni ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir, vətəndaşlar öz ərzaq tələbatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək – yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ciddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq zatən ticarət dövriyyəsinin artmasına, deməli, o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq...”

Yenipress.az

Xəbər xətti