Gitara ifaçısı AMEA-da direktordur, nəticə necə olmalıdır?

GÜNDƏM bölməsi

19:39 - 30 Yanvar 2022

 Gitara ifaçısı AMEA-da direktordur, nəticə necə olmalıdır?

Uzun müddət arxeologiya və etnoqrafiya Azərbaycan tarix elminin qabaqcıl sahəsi olub. Ötən əsrin 50-60-cı illərindən bu sahədə oturuşan milli kadrlar sözün tam mənasında tarix yazıblar: Saleh Qazıyev, İsaq Cəfərzadə, Ömər İsmizadə, Qələndər Aslanov, Ələsgər Ələkbərov, İdeal Nərimanov, Osman Həbibullayev, Rəhim Vahidov, Qara Əhmədov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Məmmədəli Hüseynov, İlyas Babayev, Vəli Əliyev, Qüdrət İsmayılzadə, Aləm Nuriyev, Fərman Mahmudov, Fazil Osmanov, Firuzə Muradova, Əsədulla Cəfərov və sizlərin də yaxşı tanıdığı sonrakı nəsillər. Eyni sözü etnoqraf alimlər haqqında da demək olar. Bunlar hamısı elmdə böyük nüfuzu olan alimlər idi.

Yenipress.az xəbər verir ki, bu sözləri tarixçi alim, professor Cəmil Həsənli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı kadr problemləri haqda sosial şəbəkə hesabında yazıb.

C.Həsənli bildirib ki, belə böyük elmi potensialı və ənənəsi olan bir institutun baş direktoru vəzifəsinə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinin məzunu Abbas Seyidovu qoyublar:

“Adamın bioqrafik məlumatlarında göstərilir ki, peşəkar musiqiçidir, tar, saz, gitara və s. simli musiqi alətlərinin ifaçısıdır və hələ üstəlik Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şübhəsiz ki, bunlar müsbət keyfiyyətlərdir, buna söz yox. Abbas müəllimin Naxçıvanın eneolit və tunc dövrü mədəniyyətinə dair bəzi çap işləri olsa da (Bax: Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002), digər nəşrləri daha çox bədii-publisistik məzmun daşıyır.

Bu azmış kimi institutun icraçı direktoru vəzifəsinə isə Tibb Universitetinin məzunu Zaur Həsənov təyin edilib. Zaur bəyin qədim tarixlə bağlı bir sıra maraqlı çap işləri olsa da, arxeloji qazıntılarda, çöl tədqiqat işlərində ciddi bir təcrübəsi yoxdur. Əlavə olaraq baza tarix təhsili yoxdur.

Professor bu institutda ciddi alimlərin də olduğunu deyib:

“Məsələn, elmlər doktoru Əliağa Məmmədli! O, 1985-1988-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində məşhur arxeoloq, SSRİ EA-nın akademiki Valentin Lavrentyeviç Yaninin rəhbərlik etdiyi Arxeologiya və etnoqrafiya kafedrasında aspirantura təhsili alıb. Tarix elmləri doktoru Viktor Vladimiroviç Karlovun rəhbərliyi altında aspirantura müddətində namizədlik dissertasiyasını müdafiə edib, sonra elmlər doktoru olub, hazırda da Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitunda şöbə müdiridir. Sonra da deyirlər elm niyə bu vəziyyətə düşür? MDU ilə NDU arasında fərq qoymayanda elm bu vəziyyətə düşər də!

Xəbər xətti