Azərbaycanda son 10 ildə 50% ucuzlaşan yeganə sahə

İQTİSADİYYAT bölməsi

15:46 - 26 Dekabr 2022

 Azərbaycanda son 10 ildə 50% ucuzlaşan yeganə sahə

Son 10 ildə Azərbaycanda ən rəqabətli sahə taksi xidmətidir. Məhz rəqabət nəticəsində son 10 ildə taksi xidmətinin qiyməti kəskin ucuzlaşıb. 2012-ci il ilə 2022-ci il taksi xidməti qiymətləri arasında 50-60% arası ucuzlaşma var – bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, buna baxmayaraq, müxtəlif məmurlar, biznes maraqları olan qruplar taksi xidmətini hədəfə gətiriblər, ictimai rəydə taksilərə qarşı neqativ fikir formalaşdırmağa başlayıblar, hətta tıxacların səbəbini belə taksi xidmətinə yükləməyə çalışırlar – məqsəd də aydındır, bu sahədə rəqabətə son qoymaq, inhisarçılıq yaratmaq:

“İndi də karqo şirkətlərinə girişiblər, "Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə adlı şəxs müsahibə verib, bütün media bunu tirajlayır, məğzi də budur ki, bu xidmətdə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir. Açıqlamasında bircə normal arqument də yoxdur, bütün hekayəni, guya, vətəndaşlara daha yaxşı xidmət göstərmək üzərinə inşa edib – amma elə məntiqsizlik də budur! Vətəndaş özü karqo şirkətini seçə bilirsə, hansı şirkət normal fəaliyyət göstərəcəksə, ondan da sifariş edəcək, dövlət bu işə niyə qarışsın axı?! Sadəcə dərdləri başqadır – son illər onlarla yeni karqo şirkəti yaranıb, onlayn sifarişlər artıb, əsasən məmurlara bağlı iri şəbəkə mağazaların alverləri azalıb, bu yolla, sərtləşdirici addımlarla karqo xidmətini inhisarlaşdırıb bahalaşdırmaq istəyirlər ki, sifarişlər azalsın, sərfəli olmasın, məmur biznesinə aid mağazaların alveri artsın – vəssalam, bu mənasız yanaşmanın başqa izahı ola bilməz!

Bizim toplum idarə etmək üçün ideal camaatdır, bəlkə də dünyada nadir xalqlardanıq ki, hökumətdən çox şey istəmirik, ən böyük istəyimiz odur ki, mane olmasınlar özümüz-özümüzü dolandıraq – ağıllı və ədalətli sistem üçün bundan yaxşı nə ola bilər ki! Amma məmurlar bu xalqın qədrini bilmirlər...”

Yenipress.az

Xəbər xətti