Büdcədən oğurlanan pullar geri necə qayıdır...

İQTİSADİYYAT bölməsi

21:27 - 25 Dekabr 2022

 Büdcədən oğurlanan pullar geri necə qayıdır...

Məmləkətdə “kölgə iqtisadiyyatı” və korrupsiya gəlir dağıtımında özünəməxsus rol oynayır, yəni, idarəetmə modelimiz ədalətli və şəffaf olmadığına, iqtisadiyyatımız isə primitiv olduğuna görə gəlirlərin bölüşdürülməsi daha çox büdcə korrupsiyası üzərinə inşa edilib.

Qısa haşiyə: Bir ailədə 3 övlad olur – 18, 16 və 14 yaşında, uşaqların marağı da fərqli olur, dünya görüşü də, oğlanların atası bir gün böyük oğluna 10 manat verir ki, maşını yusun, böyük övlad ortancılı çağırıb ona 5 manat verir ki, o maşını yuyub-təmizləsin, ortancıl oğul da sonbeşiyin maşına olan həvəsini nəzərə alaraq ona bir manata dondurma alır ki, maşını yusun. Beləliklə, böyük övlad 5 manat, ortancəl övlad 4 manat, kiçik uşaq isə dondurma və həvəsini qarşılamaq üçün maşının açarlarını qazanır.

Ölkənin büdcə xərcləmələrinə söykənən inkişaf modeli (büdcə də neft-qaza söykənib, iki “borudan” asılıdır) bu hekayəyə çox bənzəyir – iri məmurlar orta məmurlara, onlar da işçilərə “maşın yuduzdururlar”.

İndiki primitiv idarəetmə və iqtisadi modeldə korrupsiya pulları sosial problemlərin həllində də qanuni yolları əvəzləyib. Məsələn, bir məmur düşünün ki, aya büdcədən, tutalım, 100 min manat çırpışdırır. Həmin məmur bu pulla “kölgə iqtisadiyyatında” azı 8-10 iş yeri də yaradır: Evində 2 qulluqçu, bağında mühafizəçi və bağban, uşaqlarına 2-3 repititor, bir sürücü və bir də məşuqəsi – hamısı o büdcə pulu ilə dolanır. Hələ bunun başqa, leqal iqtisadiyyat oyunçularında da dolandırdıqları var: Həyat yoldaşı ayda 2-3 dəfə gözəllik salonuna, özü ayda 5-6 dəfə restorana gedir – onlar qazanıb bir hissəsini vergi verirlər, ildə 4-5 dəfə Azərbaycanın bahalı otellərinə gedirlər, pul xərcləyirlər – onlar da vergi şəklində o pulun bir hissəsini büdcəyə ödəyirlər, ildə 2-3 dəfə xaricə səfər edib bilet alırlar, AZAL qazanır, qazancından az da olsa vergi verir – bax o oğurlanmış 100 min manat görün nə qədər iqtisadi aktivlik yaradır. Bir daha: İndiki primitiv və qeyri-şəffaf modelin özü buna təşviq edir.

Hələ siz rəisləri, hakimləri, prokurorları da sayın – onlar da sırf rüşvətdən yığdıqları ilə iqtisadiyyatda iş yeri yaradıb dövriyyəni təmin edirlər.

Yerdə qalır maaş və təqaüdlər, onlar da büdcədən ödənilib vətəndaşlar vasitəsi ilə marketlərə, apteklərə gedir, o iqtisadi subyektlər də vergi ödəyib bir hissəsini büdcəyə qaytarırlar. Bax belə bəsit, qırılqan, korrupsiya və rüşvətdən, büdcə xərcləmələrindən asılı iqtisadi model qurub “Brent” markalı neftə ümid edib yaşayırıq, gəlir dağıtımı da elə bu primitiv modelə uyğun baş verir...

Natiq Cəfərli

Xəbər xətti