Yeni qanun layihəsi korrupsiyanı artıra bilər – İqtisadçı

İQTİSADİYYAT bölməsi

16:12 - 7 Dekabr 2022

 Yeni qanun layihəsi korrupsiyanı artıra bilər – İqtisadçı

İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutan qanun dəyişikliyini imzalayıb. Cinayət Məcəlləsinə də edilən yeni dəyişikliklərə əsasən isə 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulur – və bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir.

Yenipress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, belə qadağalar korrupsiya ilə mübarizədə heç bir effekt vermir:

“Lakin belə məhdudiyyətlər çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir. Ancaq 2 faktiki nəticə doğurur:

1) Sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir – bunun aydın izahı və təsnifatı yoxdur. Deməli nəzarətedici orqanlara bu əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər, yəni, bu tam tərsi, korrupsiyaya yol açacaq;

2) Bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul çökürmələri artıracaq. Heç kimə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub ki, onlar vasitəsi ilə müəyyən % müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istənilən məbləğdə vəsait ötürmək mümkündür. Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələr”inin həcmini xeyli artıracaq.

Hökumət hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır:

SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə nə “alverçiliyin” (əslində alverçilər əsl biznesmenlər idi), nə də qara valyuta bazarının qarşısını ala bilmədilər. Çünki, dünya iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil. Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır – bizim sistem isə buna qadir deyil”.

Xəbər xətti