Konstitusiyamız Vasif Talıbovu rəsmən “Xan” kimi tanıyır – Detallar

GÜNDƏM bölməsi

23:12 - 29 Noyabr 2022

 Konstitusiyamız Vasif Talıbovu rəsmən “Xan” kimi tanıyır – Detallar

Qüvvədə olan Naxçıvan MR Konstitutsiyasına, gəlin, birlikdə nəzər salaq:

- Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi:

I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Əla maddədir, amma işlək deyil, bu isə bir tək Vasif Talıbovun davranışları, onun idarəetmə alışqanlıqları ilə əlaqədar deyil, NMR-nin Ali Sənədinin ona verdiyi səlahiyyətlərlə əlaqədardır:

- Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi:

I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir...

Və səlahiyyətlər sadalanır, amma elə 5-ci maddənin 2-ci hissəsində Ali Məclisin sədrinə həm qanunvericilik, həm də icara hakimiyyəti səlahiyyətləri verilir – yəni, bir şəxs qanunlara görə hakimiyyətin hər iki qoluna rəhbərlik edir, bununla da qalmır məhkəmə hakimlərinin təyinatı da Ali Məclisin sədrinin səlahiyyətinə aiddir: 5-ci maddənin 9-cu hissəsində qeyd edilib ki, Ali Məclisin sədri, “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir”. Yəni, Ali Məclisin sədri indi qüvvədə olan qanunlara görə hakimiyyətin hər 3 qolunun hakimimütləqidir – belə olan şəraitdə təbii ki, Naxçıvanda “Xan” idarəçiliyi yaranmalı idi. Deməli məsələlərin həlli qanunların, Ana yasanın dəyişdirilməsi ilə mümkün ola bilər.

Yeri gəlmişkən, eyni yanaşma Azərbaycan Respublikası Konstitusiyasında da var – Prezident, faktiki olaraq, hakimiyyətin hər 3 qolunun başçısıdır, bu şəxsdən asılı məsələ deyil, xasiyyət məsələsi də deyil, bu bizim Konstitusiyanın bərbad yazılmasına görədir, yəni, sabah eyni səlahiyyətlərlə istənilən şəxsin Prezident seçilməsi onun avtoritarlaşmasına şərait yaradacaq.

Avtoritarlaşmaya məhz qanunlar, Konstitutsiya şərait yaradır, ona görə də ölkənin əsas qanunu mütləq yenidən işlənilməli, məntiqi ardıcıllığı, hakimiyyət qollarının müstəqilliyi, inzibati-ərazi vahidlərinin yeni şəraitə və yerli özünüidarəetmənin gücləndirilməsi prinsipinə görə təsis edilməsinə və Naxçıvan Muxtar Respublikasının statusunun ləğvinə acil ehtiyac var. Ona görə də gecikmədən Azərbaycanda yeni Konstutusiya referendumu elan edilməli, Ana Yasamız cağdaş dünyaya uyğun şəkildə yenidən yazılıb ümumxalq səsverməsi ilə qəbul edilməlidir, başqa yol sadəcə yoxdur...

Natiq Cəfərli

Xəbər xətti