Ermənistan Azərbaycanı iqtisadi inkişafda buna görə qabaqlayır

İQTİSADİYYAT

16:07 - 24 Noyabr 2022

 Ermənistan Azərbaycanı iqtisadi inkişafda buna görə qabaqlayır

Azərbaycanda ÜDM-in daha az faizlə artmasının ilkin səbəbi bizim digər ölkələrlə nisbətdə daha böyük göstəricilərə sahib olmağımızdır.

Bu sözləri Yenipress.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycanın ÜDM-si Gürcüstan və Ermənistandakı göstəricilərin tamamından böyükdür:

“Ona görə də ÜDM bizdə faiz nisbətdə daha az artır. Bu il Gürcüstan və Ermənistana daha çox Rusiyadan pul və vətəndaş axını oldu. Hər iki ölkəyə gələn şəxslərin xərclədiyi vəsaitin də bu artıma təsiri olub.

Digər səbəb isə Ermənistan və Gürcüstanda investisiya şəraitinin daha yaxşı olmasıdır. Son illər bu, xarici investorların diqqətini daha çox cəlb edir. Nəticə etibari ilə bu Azərbaycanda ÜDM-in daha zəif templərlə artmasına səbəb olur”.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ÜDM Azərbaycanda 5,2%, Gürcüstanda 10,0%, Ermənistanda isə 14,1% artıb. Dünya Bankının hesablamalarına görə, 2023-də ÜDM Azərbaycanda 4,2%, Gürcüstanda 8,8%, Ermənistanda isə 7,0% artacaq.

Yenipress.az

Xəbər xətti