Vasif Talıbovun səltənətinə son verilir...

TOPLUM bölməsi

14:55 - 23 Noyabr 2022

 Vasif Talıbovun səltənətinə son verilir...

Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

Yenipress.az xəbər verir ki, bu barədə Tns.az saytı məlumat yayıb.

Bildirilib ki, növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, bu gün səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.

Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb. Bütün bu hadisələr belə dəyərləndirir ki, artıq Naxçıvanda Vasif Talıbov zamanı bitir. Onun səltənətinə son verilir...

Xəbər xətti