9,69 manata idxal olunan yağ niyə ikiqat bahasına satılır?

İQTİSADİYYAT

13:21 - 23 Noyabr 2022

 9,69 manata idxal olunan yağ niyə ikiqat bahasına satılır?

2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15.494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri (korrupsiya, inhisarçılıq – bunlar xroniki xəstəliklər, bu sistemin üz qarasıdır, burası aydındır) məhz 18%-lik ƏDV-dir. Aylardır ki, təklif vermişik, amma hökumət müzakirəyə belə çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur – pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir, bu, qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq.

İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur. Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun – bizdə MB-ın uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki MB-ın özü formal, hökumətdən asılı qurumdur, halbuki MB müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil – ümumi sistem zay olandan sonra MB nə edə bilər ki?!” – ekspert vurğulayıb.

Yenipress.az

Xəbər xətti