Xankəndidə “savaş” başladı

SİYASƏT bölməsi

10:04 - 23 Noyabr 2022

 Xankəndidə “savaş” başladı

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olanda Xankəndi şəhərində Rusiya və Ermənistana yaxın şəxslər arasında vəziyyət bir qədər də gərginləşib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, buna səbəb qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın quracağı yeni “hökumət” olub. Vardanyanın “yeni hökuməti”n tərkibində yalnız öz adamlarını görmək istəməsi rəsmi İrəvanın narazılığına səbəb olub.

Digər tərəfdən, erməni milyarder Ermənistana sadiq kadrların təmizlənməsinə start verib. Belə ki, artıq məhv olmuş qondarma rejimin “ərazi idarəetməsi və infrastruktur naziri” Ayk Xanumyan dünən istefaya getdiyini açıqlayıb. Ermənistan Baş naziri Nikol Paşinyanın yaxını olan Xanumyan 2018-ci il inqilabından sonra İrəvanın Xankəndidəki əsas adamı rolunu oynayıb.

Vardanyanın daha bir neçə “nazir”lə vidalaşması gözlənilir. Bununla belə, Ermənistan mətbuatı İrəvanın qısa zamanda məsələyə müdaxilə edə biləcəyini iddia edib. Məlumata görə, Paşinyan Xankəndidəki separatçı-terrorçu rejimdə “müdafiə naziri” postunu əlində saxlamağa çalışacaq. Erməni baş nazirin bu “vəzifə”ni hazırkı icraçısı Kamo Ağacanyandan alaraq Xankəndidəki qruplaşmaların xoşlamadığı Samvel Babayana tapşıracağı bildirilib.

Qeyd edək ki, Ayk Xanumyan əslən Ermənistandan olsa da, uzun illərdir Xankəndidədir. O, Qərbin müxtəlif fondlarına yaxınlığı ilə də tanınır.

Xəbər xətti