Dərman mafiyası: Qiymətlər sürətlə bahalaşır - Çıxış yolu nədir?

SAĞLIQ

10:23 - 16 Noyabr 2022

 Dərman mafiyası: Qiymətlər sürətlə bahalaşır - Çıxış yolu nədir?

Azərbaycanda son bir neçə ayda bir sıra dərmanlar 4-5 dəfə bahalaşıb. Kəskin qiymət artımı əsasən qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən, o cümlədən Rusiya və Ukraynadan gətirilən dərmanlarda müşahidə olunur. Eyni zamanda nisbətən ucuz, lakin keyfiyyətli dərmanlar yoxa çıxıb, əvəzinə daha bahalı analoqları satılmağa başlayıb.

Ekspertlərə görə, Türkiyədən alınan dərmanlarla Azərbaycanda satılan eyni tərkibli dərmanlar arasında, Rusiyadan gətirilən dərmanlar arasında təxminən 8 dəfə qiymət fərqi var. Əvəzində daha bahalı əvəzedicilər təklif olunur ki, bu da əhali arasında narazılıq yaradır. Öskürək əleyhinə dərmanlar və antibiotiklər də azı 40-50 faiz bahalaşıb. Qlükoza və fizioloji məhlul  Ukraynadan gətirildiyi üçün müəyyən çətinliklər yaranıb. Apteklərdə satıcılar depolarda yodun məhdud miqdarda verilməsindən şikayətlənirdilər, amma yodun qiyməti qalxan kimi qıtlıq dərhal aradan qalxdı.

“5-HOK” dərmanına tələbat yüksək olsa da, son aylar tədarük edilməyib. Bu dərmanın əvəzinə oxşar dərmanlar baha qiymətə gətirilir. Betoptik göz damcılarına da ciddi tələbat var, lakin hər aptekdə yoxdur. Elə dərmanlar var ki, 6-7 dəfə bahalaşıb. Nəqliyyat xərclərini və vergiləri nəzərə alsaq belə, qiymətlərin bu qədər kəskin artması yenə də ola bilməz. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 milyon 151,98 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyən edir. T. İsmayılov bildirib ki, yerli dərman preparatlarının istehsalı sahəsində də xeyli iş aparılır. İsmayılovun sözlərinə görə, “Diamed Co” və “R-Pharm” adlı iki şirkət artıq yerli istehsal qurub. Ələt Azad İqtisadi Zonasında İsrail şirkəti ilə birgə açılacaq yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq güclənir. Yeni investorların cəlb edilməsi ilə dərman istehsalının artırılması və idxaldan asılılığın aradan qaldırılması nəzərdə tutulur. Bununla belə, Azərbaycanda dərman preparatlarının idxalını kimin monopoliyaya alması ilə bağlı sualın cavabı açıq qalır.

Yenipress.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a açıqlamasında problemlərin əvvəldən proqnozlaşdırıldığını bildirib.

“Əslində ilk gündən Tarif Şurasına bu səlahiyyətlər veriləndən qərarın əleyhinə çıxış edən, bununla bağlı mətbuatda çıxışlarında bunu vurğulayan mütəxəssislərdən biri də mən olmuşam. Çünki bu qərarın belə bir nəticələr doğuracağı öncədən məlum idi. Əgər Azərbaycan özünü bazar iqtisadiyyatı ilə fəaliyyət göstərən ölkə adlandırırsa, dərman preparatlarının qiymət tənzimlənməsinə, dövlət yox, bazar, yəni rəqabət cavab verməli idi. Rəqabətli mühitin yaradılmasına dövlət çalışmalı idi ki, bazarda 10-larla şirkət olsun. Rəqabətli mühit yaransın və qiymətləri bazar tənzimləsin. Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu. Çünki Tarif Şurasının qaydalarına görə dərman preparatlarının adları yox, molekulları və istehsal ölkələrinə görə qiymətləri müəyyənləşir. Nəticə etibarilə də Tarif Şurasının qiymət təyin etdiyi molekulun ən ucuzunu, ən keyfiyyətsizini xaricdən gətirib. Misal üçün, Hindistandan, Asiya ölkələrindən gətirib, daha baha qiymətə satmaq fürsəti yaranıb. Ona görə də bazardan keyfiyyətli, dünyaca tanınmış brendlərin istehsal etdiyi dərmanlar ya yoxa çıxır, ya da çox bahalaşır. Əksəriyyət xaricə gedən qohumundan xahiş edir ki, dərman alıb gətirsin. İstər Türkiyə, istərsə də Avropa ölkəsi olsun, dərmanların bizdən qat-qat ucuz qiymətə  olduğunu görürük. Ona görə də Tarif Şurası bu işdən uzaqlaşdırılmalıdır. TŞ-nin tənzimləmə siyasəti ölkədə inhisarçılığı daha da artırdı. Ölkədə bir-iki şirkət var ki, bütün bazarın demək olar ki, 80-90 faizinə nəzarət edir. Bu da TŞ-nin gətirdiyi qaydalara görə inhisarçılığın artmasına səbəb oldu. Ona görə də Tarif Şurasından bu tənzimləmə tamamilə alınmalıdır. Dövlətin borcu tənzimləmədə dərmanların keyfiyyətinə nəzarət etmək, keyfiyyətsiz dərmanların bazarda olmasının qarşısını almaqdır. Yerdə qalan hər şeyi açıqlamaqla, bazarda rəqabəti gücləndirməklə, xarici şirkətlərin bazara daxil olmasına şərait yaratmaqla inhisarçıların deyil, xalqın, vətəndaşların maraqlarına cavab verən yanaşma ilə bu məsələ həllini tapmalıdır. İndiki yanaşma, sistem özünü doğrultmadı.  Hər il də davam edir, amma hökumət tutduğu səhv yoldan dönmək istəmir”.

İqtisadçı  “bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat baha satırlar” iddiasına belə cavab verib:

“Səbəbi odur ki, dərmanların molekullarına qiymət qoyulur. Misal üçün, həmin dərman molekulu Fransa, İtaliya, Almaniya istehsalı olan dərmanlar keyfiyyətlidir və bahadır. Azərbaycana nisbətən orada ucuzdur. Azərbaycana gətirəndə daha baha başa gəlir. Amma Hindistan, Nepal, Şri-Lanka istehsalı olan həmin eyni molekul dərmanları daha ucuz olur, amma keyfiyyətsizdir. Bura gətiriləndə daha baha satılır, amma keyfiyyətsizdir. Vətəndaşlar da bundan ikiqat əziyyət çəkirlər”.

Farmakoloq, dosent, professor Aydın Əliyev deyib ki, dərman istehsalı böyük sənayedir və bunun hazırlanmasında alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı-hər kəs iştirak edir:

"Bu, yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu, dövlətin problemidir və həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir".

Qeyd edək ki, yaxın günlərdə Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların qıtlığının yaranması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən mediaya bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bildirilib ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "Niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Xəbər xətti