Əsədov Çolpon-Ataya niyə getdi? Azərbaycan Aİİ-yə üzv olur?

İQTİSADİYYAT bölməsi

13:57 - 27 Avqust 2022

 Əsədov Çolpon-Ataya niyə getdi? Azərbaycan Aİİ-yə üzv olur?

Sosial şəbəkələrdə, bəzi media qurumlarında Azərbaycanın Baş naziri Əli Əsədovun Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində fəxri qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməsinə birmənalı olmayan münasibətlər gördüm. Bəzi dostların haqlı narahatçılığı ilə yanaşı, dünyadan bixəbər, naşı, nədənsə özünə siyasətçi deyib fikir yürüdənlərin qərəzli, dayaz münasibəti ilə də tanış oldum.

Gəlin sadə sual-cavab şəklində məsələlərə aydınlıq gətirməyə çalışaq:

- Avrasiya və Gömrük İttifaqı nədir?

- Rusiyanın qurduğu, Kremlin dominantlığını təmin etmək üçün var olan, Rusiya, Belarus, Qazaxstan, Ermənistan və Qırğızıstanı birləşdirən qurumlardır,

- Avrasiya və Gömrük İttifaqı normal nəticələr verirmi?

- Şübhəlidir, çünki, təşkilatlarda təmsil olunan ölkələrin hələ də vahid gömrük, vergi, tranzit tarifləri sistemi yoxdur, narazılıqlar var, hətta Belarus belə bu qurumların ciddi nəticə vermədiyini dəfələrlə bəyan edib,

- Azərbaycan bu qurumlarda təmsil oluna bilərmi, bu nə qədər realdır?

- Azərbaycan Ermənistan ilə sülh müqaviləsi, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması baş vermədən texniki və hüquqi olaraq bu qurumlara üzv ola bilməz. Bundan başqa, Azərbaycanın ticarət dövriyyəsinin yarıdan çoxu Avropa və Qərb ölkələri ilədir, ixracatının isə az qala 80%-i Qərb ölkələrinədir (Türkiyə də bizdən qərbdədir). Belə bir vəziyyətdə Azərbaycanın bu qurumlara üzv olmasının heç bir əhəmiyyəti yoxdur – zatən Erməınistan xaric qurumlarda təmsil olunan bütün ölkələrlə müxtəlif səviyyəli qarılıqlı ticarət və iqtisadi əlaqələri tənzimləyən müqavilələr mövcuddur. Bundan başqa, Azərbaycan iqtidarı sırf dövlət müstəqilliyi baxımından olmasa da, yəni, xoş niyyətdən doğmasa da, ölkənin hansısa üst quruma malik ittifaqlarda təmsil olunmasına qarşıdır, çünki, üst qurumu olan təşkilatda təmsilçilik bazarın daha çox açılması deməkdir ki, bu da korrupsiya ilə bəslənən məmur-inhisarçı iqtisadi modelinə malik idarəetmə sisteminə nəzarət edib bundan pul qazananlara sərf etmir. Elə bu səbəbdən də Azərbaycan iqtidarı israrla ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) də üzv olmaqdan yayınır,

- Yaxşı, bəs Əli Əsədovu niyə fəxri qonaq kimi dəvət etmişdilər?

- Qırğızıstanda baş tutan toplantı əsasən yeni logistik yolların, yeni infrastruktur layihələrinin inkişafına həsr edilmişdi. Azərbaycan hökuməti Şərq-Qərb və Şimal-Cənub koridorlarının fəaliyyəti və ölkənin logistik “xaba” çevrilməsi üçün xeyli iş görüb, yüzmilyonlarla dollarlıq investisiyalar qoyub – amma, sistemin özü işlək və məntiqsiz olduğu üçün coğrafi və logistik üstünlüklərdən tam istifadə edə bilmirik. Baş tutan toplantıda Azərbaycanın coğrafi-logistik infrastrukturundan istifadə edilməsi, gələcəkdə bir-birinə paralel fəaliyyət göstərəcək (İran və Ermənistan ərazisindən) Zəngəzur koridorunun imkanlarından istifadə məsələsində məmləkətin rolu müzakirə edilib. Avrasiya və Gömrük İttifaqlarına daxil olan dövlətlərin yeni yol infrastrukturuna ehtiyacları var, bu alternativ magistrallardan biri və əlverişlisi də Azərbaycandan keçir-keçəcək.

Vəssalam, məsələnin məğzi budur...

Natiq Cəfərli

Xəbər xətti