AzTV Rəsulzadə filmini vermədi və “ayıb” açıqlama yaydı

GÜNDƏM bölməsi

11:41 - 31 Yanvar 2022

 AzTV Rəsulzadə filmini vermədi və “ayıb” açıqlama yaydı

Azərbaycan Dövlət Televiziyası növbəti dəfə ictimai tənqidə qarşı səviyyəsini bəlli edən açıqlama yayıb.

Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı (31 yanvar 1894) AzTV-də sənədli filmin yayılması nəzərdə tutulmuşdu. Bununla bağlı filmin müəllifi Hüseyn Cavadzadə 22 yanvar tarixində anons da yaymış, AzTV-nin loqosu ilə 1 dəqiqəlik materialda filmin 30 yanvar 22:00-da efirə gedəcəyi haqda məlumat vermişdi.

Ancaq ötən gün bəlli oldu ki, AzTV filmi efirdən çıxarıb və yayımına qadağa qoyub. Sosial şəbəkələrdə isə bununla bağlı tənqidlər səsləndi. Bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, film “Rəsulzadə - Azərbaycan xalqının ən səmimi sevgisi” ifadəsinə görə yayımdan çıxarılıb.

Buna cavab olaraq AzTV artıq vərdişə çevirdiyi, heç bir media və məmur əxlaqına sığmayan “cavab” yayıb. Açıqlamada deyilir:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır”.

Göründüyü kimi, AzTV Rəsulzadə haqda sənədli filmi yayımdan qaldırmağın səbəblərini izah etmək əvəzinə qətiyyən utanıb-çəkinmədən ictimaiyyəti suçlandırır və median ittiham edir.

Əvvəla, AzTV kiminsə özəl mülkiyyəti deyil, dövlət kanalıdır və büdcədən maliyələşir. Bu kanalın rəhbərliyi nəhayət qanmalıdır ki, aldığı maaş vətəndaşların vergisi hesabınadır və bu dövlət qurumunun ictimai hesabatlılığını təmin etmək onun borcudur.

İkincisi, media və ictimaiyyətlə “qoçu” kimi deyil, əxlaqla davranmağın vacibliyi kimi adi həqiqəti AzTV-nin yeni rəhbərliyi 3 ildir öyrənə bilmir. Məmməd Əmin Rəsulzadə Azərbaycanın indi altında oturduğunuz üçrəngli bayrağını qaldıran kişilərdən biri, müsəlman Şərqində ilk demokratik cümhuriyyət elan edilərkən Milli Şuranın sədri olub. Belə bir insanın ad günü ilə bağlı hazırlanan sənədli filmin efirdən qaldırılması yeməkbişirmə, kartofsoyma, qənddoğrama verilişi deyil ki, müzakirə də edilməsin. Bu, artıq siyasi və ictimai məzmun kəsb edir.

İctimai müzakirənin səbəbini anlamadan buna qarşı öz aləmində “hücuma” keçmək və bunu “ayıb” saymağın özü ayıbdan da ayıb, xəcalətli bir hərəkətdir.

Üçüncüsü, filmin anonsu da gedib, AzTV loqosu ilə bir dəqiqəlik görüntüsü də sosial şəbəkələrdə yayılıb, vaxtı da elan edilib. Daha nə lazımdır ki, AzTV daha məzmunlu və dürüst açıqlama yaysın?

Kefsiz İsgəndər

Xəbər xətti