Gorus-Qafan gömrüyündən yığılan pul 46 gündə dəyişmədi: 800 min hanı?

GÜNDƏM bölməsi

21:16 - 30 Yanvar 2022

 Gorus-Qafan gömrüyündən yığılan pul 46 gündə dəyişmədi: 800 min hanı?

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində gömrük postunun qurulması ilə əldə edilən vəsaitlə bağlı Gömrük Komitəsinin ziddiyyətli açıqlamaları ictimai narazılığa səbəb olub.

Yenipress.az xəbər verir ki, 7 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Baku TV-yə açıqlamasında Gorus-Qafan yolunda, Qubadlı rayonu ərazisində Eyvazlı gömrük postunun Komitə sədrinin 10 sentyabr sərəncamı ilə qurulduğu, 12 sentyabrdan isə “digər gömrük postları ilə heç bir fərqi olmadan” fəaliyyətə başladığı haqda məlumat vermişdi.

Xatırladaq ki, 12 sentyabrdan gömrük xidməti polis postundan fəaliyyət göstərirdi, 11 noyabrdan isə gömrük postu quruldu və ermənilərə güzəşt ləğv edildi.

K.Hüseynov 7 dekabrda verdiyi açıqlamada həmin gömrük məntəqəsindən dövlət büdcəsinə milyonlarla vəsait keçirildiyini açıqlamışdı.

12 dekabr 2021-ci ildə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mediaya açıqlamasında müavininin dediyi “milyonlarla vəsaiti” konkretləşdirmişdi və məlum olmuşdu ki, 12 dekabr tarixinə qədər 2 milyon manata yaxın vəsait yığılıb.  

Səfər Mehdiyev bu gün mediaya açıqlamasında da eyni rəqəmi təkrarlayıb. O bildirib ki, indiyə qədər Eyvazlı gömrük postundan 7 minə yaxın nəqliyyat vasitəsi keçib, “bu nəqliyyat vasitələrindən 2 milyona yaxın vəsait toplanıb”.

Yəni 12 dekabr 2021-ci ildə də “2 milyon manata yaxın” idi, 30 yanvar 2022-ci ildə də eynilə - “2 milyon manata yaxındır”.

Maraqlıdır, 1 ay 18 gün ərzində Eyvazlı gömrük postundan maşın keçməyib, yoxsa S.Mehdiyevə səhv rəqəmlər verilir?

Erməni mediasının ötən gün yazdığına görə, gün ərzində İrandan 165-170 yük maşını gəlir. Bu maşınların əksəriyyəti Eyvazlı gömrük postundan keçmir, alternativ yoldan istifadə edirlər. Erməni mediasının iddiasına görə, yalnız həddən artıq uzun və ağır yük maşınları Eyvazlı postundan keçməklə, hərəkətin təhlükəsizliyini təmin edir.

Alternativ yolun çox bərbad, təhlükəli və ensiz olduğunu, havanın isə son vaxtlar qarşı-şaxtalı keçdiyini nəzərə alsaq, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə edən maşınların sayı çoxalmalıdır.

Erməni mediası bununla bağlı rəsmi qurumlara sorğu verib, ancaq dəqiq cavab ala bilməyib. Qeyri-dəqiq və “sakinlərin müşahidələrinə görə” statistikanı isə yazmağa dəyməz.

Yeri gəlmişkən, erməni mediası yükündən asılı olaraq, bir maşının bizim postumuza 130-280 dollar (ortalama 205 dollar) arasında vergi ödədiyini bildirib.

Qayıdaq Səfər Mehdiyevin açıqlamasına və Eyvazlı gömrük postundan indiyə qədər 7 min maşının keçməsinə.

Beləliklə, burda iki hesablama aparmalıyıq: əgər S.Mehdiyev köhnə rəqəmləri təkrarlayıbsa, onda 12 sentyabrdan 12 dekabra qədər postumuzdan 7 min maşın keçib ki, bu da aya 2 min 333 maşın deməkdir.

7 min maşından ortalama 205 dollar alındıqda isə vergi 1 milyon 435 min dollar – 2 milyon 440 min manata yaxın vəsait edir.

Rəqəmlər kobud hesablana bilər – çünki daha az yüklü maşınlar çox, daha uzun, yəni 280 dollar ödəyən maşınlar az keçə bilər və nəticədə S.Mehdiyevin dediyi rəqəm – 2 milyona yaxın – doğru ola bilər.

Ancaq əgər ayda 2 min 333 maşın (gündə təxminən 78 maşın) bizim postdan keçirsə, 12 dekabr 2021-ci ildən 30 yanvar 2022-ci ilə qədər 1 ay 18 gündür və deməli, bu müddətdə daha 3 min 700 maşın keçib. Bu rəqəmi də 205 dollara vurduqda, 746 min dollar və yaxud 1 milyon 270 minə yaxın vəsait əlavə olunmalıdır.

Bu hesablamada təxminən 1,3 milyon manat vəsait “yoxa çıxır”.

İkinci hesablamaya keçək. Hesab edək ki, 12 sentyabr 2021-ci ildən 30 yanvar 2022-ci ilə qədər – ümumilikdə dövr ərzində 7 min maşın keçib postumuzdan. Onda bir gündə postdan 50 maşın keçir. Bu halda 22 dekabr 2021-ci ildən 30 yanvar 2022-ci ilə qədər olan 46 gündə postumuzdan 2300 maşın keçmiş olmalıdır. Bu rəqəmi də hər maşın üçün ortalama 205 dollar vergiyə cəlb etsək, 471,5 min dollar – yəni 800 min manatdan çox vəsait toplanmalıdır.

Bu hesablamada da 800 min manat “yoxa çıxır”.

Gömrük Komitəsi buna aydınlıq gətirməlidir.

Xəbər xətti