Maqsud Mahmudovun təhqir və şantaj etdiyi tanınmışlar kimlərdir?

MAQAZİN bölməsi

13:48 - 29 Yanvar 2022

 Maqsud Mahmudovun təhqir və şantaj etdiyi tanınmışlar kimlərdir?

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin arasında məşhurların da olduğu zaman-zaman üzə çıxır.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, bu günlərdə bəlli olub ki, həmin məşhurlardan biri də əməkdar artist, müğənni Vasif Məhərrəmlidir. Ona qarşı hansı formada dələduzluq edilməsinə gəldikdə isə müğənni bu haqda susmağa üstünlük verir.

“Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm”, - deyə müğənni qeyd edib.

Müğənni Afət Fərmanqızı isə Maqsud Mahmudovdan şikayətçi olduğunu, bununla bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb:

“Pul vermədiyim üçün məni şantaj etməyə başladı. Haqqımda pis-pis iftiralar, montaj olunmuş videolar yayırdı. Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim”.

Xatırladaq ki, müğənni Manaf Ağayev də Mahmudovun təhqir etdiyi sənətçilərin biri olduğunu bildirmişdi. Bununla belə müğənni qarşı tərəfdən şikayətçi olmayacağını da vurğulamışdı:

“Maqsud Mahmudov çox adamı təhqir edib və onlardan biri də mənəm. Bu çoxdan olub və düşünürəm ki, artıq bitib. Buna görə də şikayətçi olmayacam. Onsuz da Ukraynadan tutub gətiriblər, yəqin ki, cəzasını verəcəklər. Əgər istintaqdan çağıracaqlarsa, gedəcəm”.

Maqsud Mahmudovun dələduzluğuna tuş gələnlərdən biri də prodüser Tolikdir (Tarix Əliyev). Tolik Maqsud Mahmudovun vaxtilə onu da təhqir etdiyini açıqlamışdı:

“Mənə mesaj göndərmişdi ki, sən yaxşı oğlansan, xeyirxah işlərlə məşğul olursan, illərdir bir-birimizi tanıyırıq və s. və i.a. Amma sonra məni təhqir etməyə başladı. Yeganə ölkə Azərbaycandır ki, burada müxalifətçilər öz iradlarını söyüşlə ifadə edirlər. Müxalifət də, iqtidar da hər ölkədə var, lakin heç bir Azərbaycandakı kimi müxalifət narazılığını təhqirlə çatdırmır. Özünü siyasi bloger adlandıran bəzi ”kişiciklər"imizə isə əmin olun ki, havadarları ev tapşırığı verir. Onların çıxışlarına diqqətlə fikir versəniz görərsiniz ki, hər birinin qarşısında vərəq var və dediyini oradan oxuyur".

Prodüser bəzi müğənniləri öz maraqları üçün Maqsuda maddi dəstək olmaqda ittiham etmişdi:

“Maqsud Mahmudov da siyasətdən bixəbər adam olsa da, özünü ”siyasi bloger" adlandırırdı. Vaxtilə ölkədə qızıl alveri ilə məşğul olurdu, lombardı vardı və camaatın pulunu yeyib ölkədən qaçmışdı. Bakıda bəzi müğənnilərlə tanışlığı var idi deyə, gedən kimi başladı onlar haqda ifrat dərəcədə pis şeylər deməyə. Təəssüf ki, Azərbaycanda on minlər qazanan, qazancının 10 faizini belə vergi verməyən, ən azı “Əməkdar artist” fəxri adını almaq istəyənlər bu tip reketçilərə pul verir, özlərinə təriflər yağdırdıb, rəqiblərini alçaldırlar. Mən də elə bir müğənni tanıyıram, adını  çəkməyəcəyəm. Bildiyimə görə, özünün söyüşlərini sildirməyə görə onlarla əlbir olub guya hansısa qazinin əməliyyat xərcini ödəmişdi. Bəzi qadın müğənnilərə irad bildirəndə deyirdilər ki, “qızım böyüyür, sabah oğlum qız alacaq, istəmirəm belə videolarım xoşbəxtliklərinə mane olsun”.

Aktrisa Pərvin Abıyeva isə zamanında onun barəsində əxlaqsız ifadələr işlədən Maqsud Mahmudovun saxlanılması xəbərinə sosial şəbəkədə bu cür reaksiya bildirmişdi:

“İlahi ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyin axırı nə olmalı idi? Bizdə öz növbəmizdə vağzalı sədaları altında bəyimizi yola salırıq”.

Xatırladaq ki, dələduzluq ittihamı ilə axtarışda olan və ötən il Ukraynada həbs edilmiş Maqsud Mahmudovun məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə proses Faiq Qəniyevin sədrliyilə keçiriləcək.

Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddələrilə ittiham olunur.

Qeyd edək ki, son 20 il ərzində Mahmudov dələduzluğa və vətəndaşları aldatdığına görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. Adamların çoxuna böyük maddi ziyan vurub. Sonradan o, Milli Təhlükəsizlik Nazirliyini onu qanunsuz təqibdə və biznesdən məhrum etməkdə ittiham edib. Bu əsaslarla özünü hakimiyyətin özbaşınalığının qurbanı adlandıraraq ölkədən qaçıb. Xaricdə olarkən tez-tez Youtube-da “ifşaedici materiallar”la çıxış edib.

2021-ci ildə Azərbaycanın sorğusu ilə Ukraynada həbs olunaraq Bakıya ekstradisiya edilib.

Xəbər xətti