Nazirliyin pensiya oyunları: əhali bu cür aldadılır – Qubad İbadoğlu

GÜNDƏM bölməsi

22:48 - 28 Yanvar 2022

 Nazirliyin pensiya oyunları: əhali bu cür aldadılır – Qubad İbadoğlu

2020-ci ildə kişilər arasında ölənlərin 52,3 faizini 65 yaşına, yəni pensiya yaşına çatmamış, qadınlar arasında onların 42,2 faizini 62 yaşına, yəni pensiya yaşına çatmamış vəfat edənlər təşkil edib. Eyni göstərici 2019-cu il üzrə müvafiq olaraq kişilər üçün 42, qadınlar üçün 31 olub.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu yazıb.

O bildirib ki, 2021-ci ilin statistikası hələ açıqlanmayıb, ancaq çox böyük ehtimalla qadınlar arasında bu göstərici mənfiyə doğru artıb, çünki qadınların pensiya yaşı hər il 6 ay qaldırılır.

“Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, əhalisi pensiya yaşına çatmamış ölərsə, onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə (qanuna görə, yalnız ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər) deyil, dövlətə qalır, konkret olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamında saxlanılır. Göründüyü kimi, əhalinin pensiya yaşına çatmadan vəfat etməsinin kütləviləşməsi səbəbindən hər il külli miqdarda vəsait pensiya fondunun sərəncamında qalır. Baxmayaraq ki, hər kəsdən yığılan pensiya kapitalının onsuz da 10 faizi onun idarəolunmasına xərclənir və pensiyaya çıxanlar da ödədiyi kapitalın hamısını geri almırlar. 

Əmək pensiyaları haqqında qanuna əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Baxın, sığorta staji 2006-ci ildən hesablanır, belə olanda da 25 il sığorta stajına isə yalnız 2031-ci ildə çatmaq olur”, - ekspert qeyd edib.

Q.İbadoğlu əhalinin aldadıldığını iddia edib:

“Əhalini bu qədər də avam yerinə qoymaq olarmı? Bu cür ədalətsizliyə və soyğunçuluğa nə ad vermək olar? Belə çıxır ki, hökumət maraqlıdır ki, daha çox əhali pensiya yaşına çıxmamış vəfat etsin ki, onların pulunu mənimsəsin”.

Xəbər xətti


Digər xəbərlər