Manatı ucuzlaşma təhlükəsi gözləyir? - Deputat açıqladı

İQTİSADİYYAT bölməsi

09:25 - 28 Yanvar 2022

 Manatı ucuzlaşma təhlükəsi gözləyir? - Deputat açıqladı

Son vaxtlar Ukrayna ətrafında baş verən hadisələr, ABŞ-Rusiya münasibətlərində gərginlik milli valyutalara çox ciddi problemlər yaradır. Diqqət edin ki, Türkiyədə türk lirəsi birdən-birə nə qədər düşdü, eyni zamanda rus rublu kəskin ucuzlaşdı - ən son məlumata görə, 1 dollar artıq 78-79 rubla qalxıb. Amma Azərbaycan manatı məzənnəsini qoruyub saxlayır. Bu qoruyub saxlanmanın arxasında müəyyən amillər durur.

Yenipress.az xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Axar.az-a geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı çalışır ki, xalq çox zərər görməsin:

“Ona görə də manatın məzənnəsinin sabit qalması ilə bağlı müəyyən tədbirlər görülür.

Manatın dəyərdən düşməsi üçün 2 ən mühüm şərt tələb olunur: neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarımızın azalması.

Biz dövlət büdcəsində neftin bir barrelini 45 dollardan götürmüşük, hazırda 90 dollaradır. Neft Fondunun və Mərkəzi Bankın isə 53 milyard dollar civarında ehtiyatı var. Və istənilən vaxt bu ehtiyatlardan istifadə eləmək olar.

Ona görə də məncə, yaxın aylarda, hətta ilin sonuna qədər manatın ucuzlaşması gündəmdə ola bilməz.

Ümumi vəziyyəti nəzərə alaraq, mən də hesab edirəm ki, manatın hələlik qorunub saxlanmasına ehtiyac var. Çünki bu, əhali üçün də çox vacibdir. Amma bu qorunma nə qədər davam edəcək – əlbəttə ki, dünyada gedən proseslərdən asılıdır. Çünki bizim Rusiya və Türkiyə ilə çox ciddi iqtisadi əlaqələrimiz var. Qonşu dövlətlərdə stabil vəziyyət olacaqsa, bizdə də elə bir ciddi problem olmayacaq”.

Xəbər xətti