İki ördəyə görə üç uşağı olan başsız ananın müavinəti kəsilib?

TOPLUM bölməsi

14:52 - 27 Yanvar 2022

 İki ördəyə görə üç uşağı olan başsız ananın müavinəti kəsilib?

Vətəndaşların gerçək sosial durumunu araşdıran mexanizmlər var. Necə yəni 2 cüt ördəyə görə yardımı kəsirsən? Bu, tamamilə qanunsuz və qeyri-humanist davranışdır. Ördək hər gün yumurtamır, ailə hər gün ördəyi kəsib yeyə bilməz ki... Bu cür primitiv bəhanələrlə sosial yardımın kəsilməsinə yol vermək olmaz. Vətəndaşın vəziyyətinə baxmaq lazımdır.

Bu sözləri Yenipress.az-a açıqlamasında millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə Lənkəranda üçuşaqlı tək ananın həyətindəki 2 cüt ördəyə görə, digər ailənin isə evində internet olduğuna görə sosial yardımdan məhrum edilməsi haqda yayılan informasiyalara münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, vətəndaşın torpağı olduğuna görə də sosial yardımı kəsirlər:

“Vətəndaş torpağı əkə bilmir axı, traktoru, kombaynı yoxdur. Bu səbəbdən məsələyə fərdi yanaşılmalı, fərdi araşdırma metoduna baş vurmalıdırlar. Bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin daha çox səy göstərməsi lazımdır. Nazirliyin yükü böyük, ölkəmizdə isə sosial yük ağırdır. Lakin istənilən halda bu məsələlərə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Bir nəfər yoxsul insanın müavinət ala bilməməsi onun həyatının sonu deməkdir”.

Millət vəkili qeyd edib ki, əlillik sənədi ala bilməyən qazilərimiz də var. Məsələ odur ki, bütün məsələni insanların üzərinə yükləyirlər:

“Onlar da məcbur olub cənab Prezidentə, Mehriban xanım Əliyevaya müraciət edirlər. Sən konkret dövlət orqanısan. Bu vəzifə sənə aiddir. Bu məsələni dərhal həll et. Çox böyük problemlər var. Elə qabiliyyətsiz adamları gətirib elə postlara otuzdurublar ki, iş də görmək mümkün deyil. Bu səbəbdən də çox çətindir”.

Xəbər xətti