Hökumət təəccüblənib: İnsanlar Ağdama, Şuşaya niyə getmək istəmir?

GÜNDƏM bölməsi

10:58 - 24 Yanvar 2022

 Hökumət təəccüblənib: İnsanlar Ağdama, Şuşaya niyə getmək istəmir?

Azad olunmuş ərazilərə bu gündən ilk avtobuslar səfərə çıxacaq.

Yenipress.az xəbər verir ki, ilkin məlumata görə, Bakı-Şuşa-Bakı marşrutu üzrə biletlər 15 fevrala qədər satılsa da, Bakı-Ağdam-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli avtobus reysləri üzrə biletlər satılmayıb. Bu isə ciddi müzakirələrə səbəb olub.

Vətən müharibəsinin bitdiyi vaxtdan bu günə qədər təşkil edilən səfərlərə dəvət edilməyənlərin narazılıqları dünənə qədər sosial şəbəkələri başına götürmüşdü. Bəs, necə olur ki, cəmi 10 manat civarında olan avtobus reyslərinə bilet almaq istəyənlər bu qədər azdır?

Məsələ burasındadır ki, Azərbaycanın öz doğma şəhərinə bu cür tur və Şuşanın, Ağdamın “xarici ölkə kimi” ziyarət edilməsinin “təşkili” heç bir məntiqlə izah oluna bilməz.

Şərtlər sadəcə rüsvayçılıqdır: 18 yaşdan aşağı şəxslərə səfər qadağan edilir – guya 17 yaşlı şəxs valideyn himayəsində belə Şuşaya səfər edərkən, qaçıb üstünə çıxmağa mina axtaracaq, - hər kəsə il ərzində cəmi bir dəfə səfərə getməyə icazə verilir, gecə səfər etdiyin yerdə qalmaq, müəyyən edilmiş marşrutdan kənara çıxmaq olmaz və s.

Bu qədər qadağalar içərisində azərbaycanlılar yalnız İrəvana səfər etmək, o qədim şəhərimizi görmək istəyərlər. Azərbaycanın 1 il 3 aya yaxındır azad etdiyi ərazilərə niyə sərbəst gediş təşkil edilməməlidir?

Ərazilər ardıcıl, sistemli, hissə-hissə minalardan təmizlənməli və sakinlərin gediş-gəlişi üçün açıq elan edilməlidir. Bir şəxsin öz ölkəsində öz maşınına minib Ağdama və yaxud Şuşaya getməsi niyə mümkün olmamalıdır? Əgər ərazi minalardan tam təmizlənməyibsə, onda gediş-gəlişin açılmasına ehtiyac yoxdur. Yox, əgər müəyyən ərazilər təmizlənibsə, onda həmin ərazilərə xüsusi qoruma altında, polisin müşayiəti ilə “tur” təşkil edilməsi kimə lazımdır? Niyə birdəfəlik açılmamalıdır?

Şuşada gecə niyə qalmaq olmaz? İnsanlar rahat şəkildə getməli, orda qalmaq istəyənlər özləri ev və yaxud otel tapmağa çalışmalıdır. Otel olacaqsa, qalmağa yer tapacaqlarsa, qalacaqlar, tapmayacaqlarsa, yaxın rayonlardan birinə geri dönəcəklər və yaxud maşında yatacaqlar, lap alaçıq quracaqlar. Bunun rəsmi qurumlara nə dəxli var ki, öz doğma şəhərinə səfər edən vətəndaş harda qalıb, necə gecələyəcək?

Rəsmi qurumların görəcəyi iş azad edilən və minadan təmizlənən ərazilərin təhlükəsizliyini tam təmin etməkdir və ordumuz o ərazilərdə olduğundan, heç bir narahatlıq da yoxdur. Avtobuslar da açılmalıdır, şəxsi maşını olmayanlar avtobuslarla səfər etməlidirlər. Ancaq onlara gecə ilə geri qayıtmaq öhdəliyi qoyula bilməz. Gedənlər özləri yaxşı bilir qala biləcəklər, yoxsa şərait olmadığı üçün qayıtmağa məcburdurlar.

İnsanlar özləri ilə çadır götürüb, Cıdır düzündə alaçıqlar qurub, 1-2 gün qalmaq istəyirlərsə, siz niyə buna şərait yaratmamalısınız?

Şərait yaratmadığınız üçün də insanlar avtobuslara bilet almaq istəmir. Hər kəs gözləyir!

Dövlət qurumlarının təəccübünün özü təəccüblüdür. Elə düşünürdülər ki, avtobus reysləri təşkil edilən kimi hər kəs bilet almağa çalışacaq və basırıq düşəcək – ona görə 18 yaşdan aşağıya məhdudiyyət qoyuldu, ona görə hər kəsə ildə yalnız bir dəfə getməyə icazə verildi. Bu “proqnozları”nın özü sosial araşdırma aparmamalarının, insanların yanında olmamalarının nəticəsidir.

İnsanlara öz maşınları ilə getmə icazəsi verin, qadağaları götürün, sərbəstlik yaradın, onda görərsiniz Cıdır düzü alaçıqlarla dolur, ya yox; onda görərsiniz Ağdam şəhərində, torpağın üstündə insanlar kilimə bürünüb, necə yatıb qalırlar...

Torpaqları işğaldan bu Xalq, Ordu və Ali Baş Komandan azad edib. Azad edilən əraziləri bu qədər monopoliyaya almaq olmaz ki?

Xəbər xətti