Eldar Həsənovun son çıxışı: Mənim günahım bunlardır - Sensasiya

GÜNDƏM bölməsi

14:59 - 23 Yanvar 2022

 Eldar Həsənovun son çıxışı: Mənim günahım bunlardır - Sensasiya

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənova bütün əmlakı müsadirə olunmaqla, 10 il həbs cəzası verildi.

Medianın buraxılmadığı prosesdə Eldar Həsənovun son çıxışından da kimsə xəbər tutmadı.

Buna baxmayaraq, sabiq səfirin vəkilləri onun məhkəmədə son çıxışını Gununsesi.info-ya təqdim edib.

Yenipress.az sözügedən çıxışda sensasiyalı məqamların olduğunu nəzərə alaraq, bəzi hissələrini oxucularına təqdim edir:

“İlk növbədə, qeyd edirəm ki, barəmdə olan cinayət işini və həbs edilməyimi özümə qarşı təqib, çox böyük qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirirəm. Tənqidə görə təqib olunmağımı düşünməyə əsas verən hallardan biri kimi qeyd edirəm ki, 10.07.2018-ci il və 02.02.2020-ci il tarixlərində Bakıda və Brussel şəhərində diplomatik nümayəndəliklərdə Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevi və Xarici İşlər Nazirliyinin, səfirliklərin fəaliyyəti və diplomatlarla bağlı, diaspor, Gömrük Komitəsi, Mədəniyyət Nazirliyinin fəaliyyətindəki nöqsanları, süründürməçiliyi, sui-istifadə hallarını faktlarla və sərt, amma obyektiv və ədalətli şəkildə tənqid etmişəm. Hər iki qapalı iclasda mənim çıxışlarım iştirak edən şəxslərin alqışları ilə qarşılanıb.

Bundan başqa, düşünürəm ki, mənim bəzi müsahibələrimdə Rusiya Federasiyası və onun xarici işlər naziri Sergey Lavrov barəsində ölkədə və xarici kütləvi informasiya vasitələrində yer almış tənqidi çıxışlarımın da təqib olunmağımda rolu olmuşdur.

E.Həsənov buna misal olaraq 2017-ci il yanvarın 21-də Moderator.az saytına verdiyim müsahibədə Sergey Lavrovun 2017-ci il yanvarın 17-si Moskvada keçirdiyi mətbuat konfransında dediyi: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil” tezisinə qarşı fikirlərini yada salıb: “Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də var. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri var. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyil. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ var, bu hüququmuz kiminsə bəyanatı ilə məhdudlaşdırıla bilməz”.

Eldar Həsənov bildirib ki, 2017-ci ildə dedikləri İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı: “Görünür, nöqsanları adı və ünvanı ilə dilə gətirməyim kimlərinsə xoşuna getməyib. Əsl həqiqət isə bundan ibarət olub ki, söylədiyim tənqidlər dövlətimizin və Prezidentimizin apardığı siyasətə ciddi xələl gətirən, kölgə salan hallara qarşı olub. Amma başqa məsələdir ki, kim bunu necə, hansı tərzdə məruzə edib, necə qərəzli məlumat verib?!

Azərbaycanın 78 səfirlik və diplomatik nümayəndəliyindən yalnız, bir səfirliyin - Avropada ən az büdcəsi olan, ayrılmış vəsaitə ən çox qənaət edib büdcəyə qaytaran səfirliyin əvvəlcə 5 illik, nəticə olmayanda 10 illik, qane etməyəndə 20 illik fəaliyyəti yoxlanılıb. Azərbaycanın məhkəmə və istintaq tarixində bu cür məqsədli, qərəzli yoxlama, belə bir yanaşma olmamışdır!

Eyni yanaşmanın davamı olaraq, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı mənə qarşı ayrı-seçkilik münasibəti açıq formada sərgilənmiş, mənimlə eyni bir iş üzrə həbsə alınmış, məndən yaşca kiçik olan XİN-in əməkdaşları (Fərhad Mollazadə və başqaları) azmüddət sonra həbsdən azad edildilər (Allah qapılarını açıq etsin), məhkəmənin yekununda isə azadlıqda qaldılar, halbuki, eyni iş üzrə mühakimə olan şəxslərdən ən yaşlısı - 67 yaşlı mən olmuşam. Bu mənə qarşı olan ayrı-seçkiliyin təsdiqidir. Mənə qarşı göstərilən qərəzli münasibət, hüquqlarımın pozulması və buna göz yumulması bütün cinayət prosesi boyu davamlı şəkildə özünü göstərmişdir”.

Keçmiş səfir daha sonra deyib: “Məhkəmə baxışında müdafiə hüququmun təmin olunmasının prosessual əsaslarından biri olan çəkişmə, tərəflərə bərabər şərait yaradılması prinsipinə ümumiyyətlə riayət edilmədi. Belə ki, məhkəmə istintaqı yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiq olunması ilə məhdudlaşdırıldı.

Prokurorluqda olduğu kimi məhkəmə baxışı zamanı da eyni taktika seçilərək, müdafiə tərəfinin sübutların əldə olunması üçün verdiyi çoxsaylı vəsatətlərə baxılması əvvəlcə qanunsuz və əsassız olaraq təxirə salındı, sonradan isə məhkəmə istintaqına prokurorluğun tələbi ilə son verdiyi gün - 27 dekabr 2021-ci il tarixdə heç bir əsaslandırma aparılmadan, məhkəmə tarixində və təcrübəsində olmayan - bir cümlə ilə yox, bir kəlmə ilə rədd olundu.

Belə ki, məhkəmə 27 dekabr 2021-ci il tarixli iclasında həm həmin gün, həm də hələ oktyabr-noyabr aylarında verilmiş, lakin baxılmadan saxlanılmış 30-a yaxın vəsatətlərə baxıldığını bildirərək (bir çoxunu isə ümumiyyətlə xatırlaya bilmədi) müşavirəyə çıxdı və heç 5 dəqiqə keçmədən qayıdıb bir cümlə ilə bildirdi ki, vəsatətlər təmin olunmur.

Halbuki, verilmiş bütün vəsatətlər iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunmasına, mühüm əhəmiyyət kəsb edən faktiki halların müəyyən olunmasına və nəticədə mənim pozulmuş hüquqlarımın bərpa edilməsinə yönəlmişdir.

Xüsusən də müstəntiqin XİN-dən götürdüyü, lakin mənim təqsirsizliyimi birbaşa sübut etdiyindən, qəsdən cinayət işinə əlavə edilməyərək prokurorluqda saxlanılan sənədlərin: o cümlədən, səfirlik üçün inzibati bina alınması üçün yerli əmlak şirkətlərinin verdikləri təkliflərin, humanitar layihələrin icrası ilə bağlı yerli hakimiyyət orqanlarının (meriya komissiyalarının) keçirdiyi tenderlərin sənədləri, protokolları, layihə-smeta sənədlərinin tələb edilməsinə dair vəsatətlər, habelə, görülmüş tikinti-abadlıq işlərinin yerində nəzarət qaydasında yoxlanılmasına dair vəsatət, ekspertizalar keçirilməsinə dair vəsatətlər, müstəntiqin apardığı yanlış hesablamaların üzə çıxarılması məqsədi ilə mütəxəssisin cəlb olunmasına dair vəsatət, Sarayevoda inzibati binanın alınması ilə bağlı ödənilmiş pulun aid olduğu şəxsə verilməsini təsdiq edəcək şəxslərin, Səfirliyin hasarının tikintisini aparmış şəxsin və bunu təsdiq edə biləcək şəxslərin: polis əməkdaşlarının, Səfirliyin texniki işçilərinin, Belqrad şəhərində alınmış inzibati binanın sahibi olmuş şəxslə mənim görüşüm zamanı tərcüməçi olmuş şəxsin, müdafiə tərəfinin təşəbbüsü ilə auditor rəyi vermiş şəxsin, 2010-2012-ci illər üzrə Səfirliyin fəaliyyətini yoxlamış yoxlaycının əlavə şahid kimi məhkəmədə dindirilməsi barədə və çoxsaylı digər vəsatətlər əsassız olaraq rədd olundu.

Qeyd olunanlarla yanaşı istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı mənə qarşı göstərilən ayrı-seçkilik, tibbi yardım almaq hüququmun pozulmasında da özünü göstərdi.

Sabiq baş prokuror səhhitində ciddi problemlərlə bağlı kifayət qədər tibbi sənədlərin mövcud olmasına baxmayaraq, ona heç bir əhəmiyyət verilmədiyini, hətta ağır vəziyyətdə olduğu halda məhkəmədə iştirak etdiyini də xatırladıb:

“Mənim stasionar şəraitdə ixtisaslı müalicə almağımın təmin olunmasına dair Avropa İnsan Haqları Məhkəməsinin də qərarları mövcuddur. Hətta, məhkəmənin özünün tanıdığı və tövsiyə etdiyi həkim tərəfindən müayinə olunmağım və kompleks laboratoriya təhlillərinin aparılmasına dair dəfələrlə verilmiş vəsatətlər baxılmadan, müzakirəyə çıxarılmadan əsassız olaraq təmin edilmədi.

Məhkəmə iclaslarında dindirilmiş şəxslərin ibtidai istintaq zamanı alınmış ifadələrinin elanı zamanı aydın oldu ki, bütün dindirmə protokollarında onların ifadələri müstəntiq tərəfindən qəsdən, qərəzli şəkildə təhrif olunmuş formada yazılmış, onların işlətmədiyi ifadələr protokolda yer almış (şahid Samir Həmidovun dediyi kimi, “fantaziyalaşdırılmış”),  bütün protokollarda guya, mənim gələcəkdə özümü qorumaq məqsədi ilə həmin şəxslərə “israrla”, “formal” olaraq nəyisə imzalatdırdığımı və sair bu kimi ifadələr eyni şəkildə təkrarlanmışdır”.

Sabiq baş prokuror daha sonra məhkəmə heyətinə səslənib:

Möhtərəm hakimlər!

Bəşər tarixində insan övladı daima hüquqla qadağan edilmiş əməlləri törətdiyinə görə cəzalandırılmışdır. Amma nədənsə mən 13.08.2020-ci il tarixindən bu günədək - yəni 17 ay 11 gündür ki, günahsız cəza çəkirəm!

Azərbaycan dilində bir deyim var: “suyu da üfürə üfürə içmək”. Bəli, mən 20 illik səfir fəaliyyətimdə suyu üfürə-üfürə içmişəm. Çünki fəaliyyətimə daimi olaraq lupa ilə nəzarət olunurdu. Bununla yanaşı fasilələrlə barəmdə yalanlar, böhtanlar, uydurmalar sifarişlə tirajlandı. Bu gün mənə verilən qondarma ittihamlar bir bəhanədir.

Başıma gətirilənləri, 1 il 5 aydan artıqdır qanunsuz həbsdə saxlanılmağımı təhlil edirəm. Bu nə qəzəb, bu nə kin-küdurət, bu nə qəddarlıq, amansızlıq, bu nə qisasçılıqdır. Bunu edənlərə “dur” demək mümkün olmadımı? Çox təəssüf və təəccüb edirəm! Görünür, mən çox sadəlövh olmuşam.

Belə bir atalar məsəlimiz var: “Yalan ayaq tutar, yeriməz!” Təəssüflər olsun ki, mənimlə bağlı bu gün yalanlar ayaq tutur, amma tarixdə heç vaxt yeriməyib və yeriməyəcəkdir!

Bir daha bildirirəm ki, 13 avqust 2020-ci il tarixindən, yəni tutulduğum elə ilk günlərdən həbsimin əsl səbəbi mənə məlum oldu. Müxtəlif qapalı tədbirlərdə müstəqil düşüncəylə, faktlarla, obyektiv həqiqətlərə əsaslanan tənqidi çıxışlarım, KİV-ə verdiyim müsahibələr, dövlət əhəmiyyətli məsələlərlə bağlı məxfi qriflərlə yazdığım rəsmi məktublar, nəticədə guya mənim siyasi iddiada olmağım, guya müxalifət qurumları ilə əlaqə və əməkdaşlıq etməyim kimi yalan, uydurma, qərəzli və qisasçılıq məqsədi ilə verilmiş məlumatlar əsasında Bakıya çağırılaraq əsassız, qanunsuz və sifarişlə həbs olundum. AR DTX rəhbərliyinə konkret məsələlər göstərilməklə həmin məsələlərin bütün imkan və vasitələrlə yoxlanılması barədə müraciət etdim. Həmçinin 10 iyul 2019-cu, 02 fevral 2020-ci ildəki Bakı və Brüssel şəhərində qapalı iclaslarda  etdiyim çıxışların stenoqrammın, audio, videoların, son 5 ildə dövlətimə məxfi qriflərlə göndərdiyim məktubların AR XİN-dən alınaraq cinayət işinə əlavə olunmaqla yoxlanılmasını, habelə qeyd etdiklərimin hər birinə hüquqi qiymət verilməsinə dair vəsatətlərlə Prokurorluğun istintaq qrupuna müraciət etdim. Vəsatətim təmin olundu, həmin sənədlər XİN-dən tələb olunaraq Prokurorluğun İstintaq İdarəsinə göndərildi. Bu məsələ ilə bağlı dəfələrlə istintaqın aparılmasının nə yerdə olduğu, nəticəsi barədə verilən sorğulara cavab verilmədi. Nəhayət cinayət işinin materialları ilə tanış olanda həmin sənədlərin 51 cilddən ibarət olan cinayət işinə əlavə olunmadığını aşkar etdim. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin keçirdiyi elə ilk iclasında eyni tələblə vəsatət verdim. Vəsatət isə rədd olunmadı, amma baxılması təxirə salındı. 27.12.2021-ci il tarixində məhkəmə tarixində və təcrübəsində olmayan CPM-in tələblərini kobudcasına pozaraq məhkəmə vəkillərim və mənim tərəfimdən verilmiş 74 vəsatəti ümumiləşdirərək bir cümlə ilə yox, bir kəlimə ilə rədd etdi. Mənim barəmdə aparılan məhkəmə istintaqı bax bu formada “tam”, “hər tərəfli” və “obyektiv” “araşdırılmışdır!”

Yəni bu faciənin qurbanı bu gün mənəm, sabah sən, o biri gün başqa birisi… İnsanlıq tarixi və təcrübəsi belə təhlükədən çıxış yolunu isə ədalətdə, demokratik hüquqi dövlətdə, qanunun aliliyində, ədalətli ədalət mühakiməsində görmüşdür. Amma bu gün çox təəssüflər olsun ki, mənimlə bağlı aparılan icraatda bunların heç birinin heç işartıları belə görünmür.

Hörmətli məhkəmə!!

“Mənim günahım” varlığımla vətənimə xidmət etməyimdə, onun fədaisi olmağımda və sadəlövhlüklə inanmağımda olmuşdur;

“Mənim günahım” 20 il, 4 Avropa ölkəsinin hər birində sıfırdan başlamaqla 3 ölkəni strateji tərəfdaşlıq, 1 ölkəni isə dostluq tərəfdaşlıq səviyyəsinə çatdırmağımdır;

“Mənim günahım” öz təşəbbüsümlə, 2004-cü ildə ilk dəfə Azərbaycanın hüdudlarından kənarda Azərbaycandan dövlət-hökumət qurumlarının heç bir kəsin iştirakı və xəbəri olmadan özümün və ailə üzvlərimin köməkliyi ilə ilk dəfə Buxarest şəhərində 8.2 ha ərazisi olan TEY Parkında müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyevin adının əbədiləşdirilməsinə və bu gün də həmin ərazinin H.Əliyev adına Xiyaban adlandırılmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə xalqımızın Ümummilli Lideri Heydər Əliyev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Nizami, Nəsimi, Füzuli, H. Cavid, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, B.Vahabzadə kimi tarixi şəxsiyyətlərini, görkəmli mütəfəkkirlərini, klassik ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi tanıtmaq, sevdirmək olmuşdur;

“Mənim günahım” Xocalı soyqırımını 4 ölkədən birində, ermənilərin də təmsil olunduğu Rumıniya Parlamentində faciə kimi, ikincisi isə orda göstərdiyim fəaliyyətimə görə ittiham olunduğum BİH-nin yuxarı palatası- Senatda soyqırım adı ilə məhz soyqırım günü qətnamə qəbul edilməsinə nail olmağımdır;

“Mənim günahım” Buxarest şəhərində müsəlman-türk qəbiristanlığına yerli hökumətin qərarının alınmasına və istifadəyə başlamasına nail olmağımdır;

“Mənim günahım” müqəddəs kitabımız Qurani-Kərimin ilk dəfə rumın dilinə tərcümə edilib yayılması olmuşdur;

“Mənim günahım” Rumınıya Dövlət Universitetində Heydər Əliyev adına təqaüdün, Serbiya Musiqi Akademiyasında Üzeyir Hacıbəyov təqaüdünün təsis olunmağına nail olmağımdır;

“Mənim günahım” 275 illik tarixə malik olan Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına, Azərbaycan dilinin tədris proqramına salınmasına nail olmağımdır;

“Mənim günahım” hər bir azərbaycanlının, hər bir türkün pasportu olan “Kitabi Dədə Qorqud” dastanının çalışdığım ölkələrin dilinə tərcümə etdirib, yayılmasına və təbliğ olunmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə 130-dan çox Azərbaycan mütəfəkkirinin, dahi alimlərimizin, yazıçı və şairlərimizin əsərlərinin yerli dillərə tərcümə olunaraq təqdimat mərasimləri keçirilməsi, yayılması və təbliğinə nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsi zamanı Polşadan Rumınıyaya gələrək qardaş Türkiyə səfirliyinin sonuncu mərtəbəsində yaşayıb yaratmış, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin oradakı fəaliyyətini arxiv sənədlərindən bərpa etməklə xatirə lövhəsinin quraşdırlmasına nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsində çalışdığım ölkələrdə həlak olmuş azərbaycanlıların müəyyən edilərək xatirə lövhələrinin quraşdırılmasına nail olmağımdır;

“Mənim günahım” Azərbaycan Səfirliyinin yerləşdiyi binadan başlayan küçəyə dahi şairimiz B.Vahabzadənin adının verilməsinə nail olmağımdır...

Çalışdığım 20 ildə sadaladığım və sadalamadığı, eyni zamanda görülməsini özümə şərəf bildiyim işlərin, layihələrin, heç birinə, təkrar edirəm heç birinə Azərbaycan dövləti tərəfindən 1 manat vəsit ayrılmayıb, təklif olunanda da 1 manat qəbul etməmişəm! Budur, bunlardır “MƏNİM GÜNAHIM!

Səfir kimi çalışdığım 20 ildə lobbiçilik, diaspor, mədəniyyət və son dövrlərdə də koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətindən dəfələrlə təklif olunsa da, 1 manat da olsun vəsait istəməmişəm, qəbul etməmişəm.

Bir məsələyə də münasibət bildirməyi özümə borc bilirəm. Sıralarında 20 il çalışdığım XİN - zaman-zaman tənqid etsəm də, Azərbaycan dövlət və hökumət qurumları arasında öz peşəkarlığı, yüksək intellektual səviyyəsi, savadı ilə seçilən, bütün dövrlərdə öz vətəninə, dövlətinə, Prezidentinə sadiq olan, müqayisədə kifayət qədər mənəvi təmizliyə sahib olan bir qurumdur.

XİN-də hansısa bir səfirin mənimsəmə cinayəti haqqında düşünmək belə absurddur. Bir diplomatı yetişdirmək üçün hər bir xalqa, dövlətə illərlə vaxt lazımdır.

Hörmətli Məhkəmə!

Sizdən cinayət işinin faktiki hallarına, sübutlara, dəlillərə, obyektivliyə əsalanan ədalətli bir qərar gözləmirəm. Siz nə tapşırılıbsa, onu da elan edəcəksiniz. Lakin bir məqamı diqqətinizə çatdırım ki, bəlkə müşavirəyə gedəndə xatırladınız. AR Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, hakimlər müstəqildir və yalnız AR-nin qanunlarına tabedirlər.

5 ay ərzində həyata keçirilən məhkəmə proseslərində mənim təqsirləndirilən şəxs kimi bütün hüquqlarım açıq-aşkar kobudcasına pozulsa da, bütün məhkəmə proseslərində Siz hakimlərə çox hörmətlə, ehtiramla davrandım. Verəcəyiniz ədalətsiz, sifarişli cəza nə qədər ağır olsa da, yenə də sizə hörmətlə davranacam. Baxmayaraq ki, siz mənə Frans Kafkanın “Məhkəmə” romanındakı Yozefin həyatını yaşatdınız. Lakin nəzərinizə çatdırım ki, pozulmuş haqq və hüquqlarımın bərpası üçün sona qədər hüquqi müstəvidə mübarizəmi aparacam!

Möhtərəm Məhkəmə!

Yaşadığım 67 il ömrün nə az, nə çox 28 ilini Ulu öndər H.Əliyev və İ.Əliyev siyasi xəttinə, vətənimə, Azərbaycan Dövlətinə xidmətə sərf etmişəm. Mən bu siyasi xəttə yaltaqlıqla, məddahlıqla, sürünməklə deyil, qürurla xidmət etmişəm. Müstəqilliyimizin, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün bərpa olması üçün, hakimiyyətin ən çətin, ən ağır günlərində, kimin harda olduğu tam bəlli olmayanda, sədaqətimlə, əməli fəaliyyətimlə, imzamla xidmət etmişəm!

Anadolu türklərində belə bir deyim var: Dövlət heç vaxt, heç bir halda hizməti unutmaz!

Bilənlər bilir ki, bütün dövrlərdə müstəqil mövqeyimi, həqiqətləri, tənqidi fikirlərimi söyləmişəm. Hər kəsin sözünü kiməsə yox, gözünün içinə baxıb üzünə demişəm, imzamla təsdiqləmişəm. Bu gün mən bu xüsusiyyətlərimin qurbanı olmuşam. Təəssüflər olsun ki, əsl həqiqətləri, doğruları isə məruzə edən, dilə gətirən yoxdur. Nəticədə mən bu gün qisas alınmaq üçün verilən şər, böhtan, uydurma, yalan və qərəz xarakterli məlumatların qurbanı olmuşam. Amma unutmayaq ki, hər şeyi görən, bilən Böyük Allah var!

Məruz qaldığım bütün haqsızlıqlara, qanunsuzluqlara, ədalətsizliklərə, ayrı-seçkiliyə, mənəvi-psixoloji əzablara, təqiblərə görə Prezident İlham Əliyevdən inciyə bilərəm, amma ona dönük çıxmaram, heç vaxt ona qarşı çıxanlardan olmaram.

Çünki mən yaşımın bu ahıl çağında 28 illik sədaqətimə xəyanət edəsi deyiləm. Mənə veriləcək qanunsuz, ədalətsiz, cəzadan aslı olmayaraq mən nəvələrimə, nəsil-nəcabətimə, məni tanıyanlara belə miras heç vaxt qoymaram!

Digər tərəfdən bu göstərişi mənə cənab Prezident verdi, mən onun göstərişini icra etmişəm deyənlərdən də olmaram, heç bir vaxt da olmamışam. Nəzərə alsaq ki, son 28 ildə sıradan yox, müxtəlif rəhbər vəzifələrdə çalışan bir insan kimi heç kəsin bilmədiyi, eşitmədiyi, lakin mənə məlum olan, mənim bildiklərim də yetərincədir. Bütün bunlar da mənimlə qəbrə gedəcəkdir. Amma o da nəzərə alınmalıdır ki, bu qədər amansız-qəddar şəkildə qovulmaq da olmaz. İnanın ki, mən nə qovulmaq, nə də namərd olmaq istəyirəm!

Möhtərəm məhkəmə!

Dünyada mənim də inandığım İlahi bir ƏDALƏT var! O, ən böyük gücdür! O, çarpanda hər şeyi və hər kəsi yerlə yeksan edir! Bunu heç kəs unutmasın!

Mən bu hüquqsuzluqlara, qanunsuzluqlara, işgəncələrə məruz qalmışam!

Mən bir dəfə bu zalda demişəm: Bu qədər əsassız, qanunsuz, sübutsuz, dəlilsiz, şahid ifadələri, bank-maliyyə sənədləri ilə təsdiq olunmayan, heç bir alqı-satqı müqaviləsində, humanitar layihələrin kontraktlarında imzası olmayan qondarma ittihamlar verməkdənsə, yaşadığım 5-ci mərtəbədəki evimə bir tankı, bir topu qaldırıb qoymaq çətinlik törədirdisə, onun maketini qoyub elə həmin hal şahidlərinin iştirakı ilə sənədləşdirmək daha “uyğun olardı”, daha “sübutlu” olardı, nəinki bu qədər əziyyət çəkilərdi!

İndi isə buyurun, söz sizindir, möhtərəm məhkəmə! Mən isə haqqım olan bəraətimi tələb edirəm!

Xəbər xətti