Baş Prokurorluq Eynulla Fətullayevə xəbərdarlıq etdi - Tədbir görüləcək

GÜNDƏM bölməsi

08:30 - 22 Yanvar 2022

 Baş Prokurorluq Eynulla Fətullayevə xəbərdarlıq etdi - Tədbir görüləcək

“Haqqın.az” saytında 21 yanvar saat 22:11-də yayımlanan məqalə ilə bağlı Baş Prokurorluq elə gecə ilə də dərhal təkzib yayıb.

Yenipress.az xəbər verir ki, iş vaxtı olmamasına baxmayaraq, Baş Prokurorluğun məqalənin yayımlanmasının dərhal ardından verdiyi reaksiya sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Baş Prokurorluqdan bildirilib:

“21.01.2022-ci il tarixdə, saat 22:11-də “Haqqın.az” saytında prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş "Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму" başlıqlı məqalə dərc edilmişdir.

Süni şəkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə öz əksini tapmış həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə bağlı 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər hansı əlaqəsi olmamışdır.

Həmçinin, qeyd olunmalıdır ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilmişdir. Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilmişdir”.

Baş Prokurorluq məqalə üçün seçilən fotoya da diqqət çəkib:

“Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer almış, lakin qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmamışdır.

Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, “Haqqin.az” rusdilli saytının təsisçisi və baş redaktoru tanınmış jurnalist Eynulla Fətullayevdir.

Xəbər xətti